“Fransanın qətnaməsi Azərbaycan üçün adi bir kağız parçasıdır”, Ə.Salahzadə

Azərbaycan Milli Məclisinin deputatı Əliabbas Salahzadə sözügedən mövzu ilə bağlı bildirib...

1907888
“Fransanın qətnaməsi Azərbaycan üçün adi bir kağız parçasıdır”, Ə.Salahzadə

 

  Azərbaycan Milli Məclisinin deputatı Əliabbas Salahzadə sözügedən mövzu ilə bağlı bildirib: “Azərbaycan 44 günlük İkinci Qarabağ Müharibəsində tarixi zəfəri ilə dünyaya ədalətin və beynəlxalq hüququn mövcudluğunu və bunun tətbiqi üçün vahid mexanizmin gərəkliyini çatdırdı. Artıq tarixə qovuşan Qarabağ münaqişəsi ilə bağlı dünyanın ikili standartlara əsaslanan siyasətinin hansı problemlərə gətirib çıxardığı göz qabağındadır.

  30 il danışıqlar prosesinə imitasiya naminə qatılan Ermənistan havadarlarının dəstəyindən ərköyünləşərək daha böyük iddialarla yaşamağa başladı, yeni ərazilər uğrunda müharibə planları hazırladı. Dövlət başçısı İlham Əliyev həmin ərəfədə BMT Baş Assambleyasının sessiyasında bu reallığı diqqətə çatdırsa da, dünya gücləri bunu qulaqardına vuraraq laqeyd yanaşmaları ilə erməni sevgilərini nümayiş etdirdilər. 27 sentyabr 2020-ci ildə Ermənistan silahlı qüvvələrinin  Azərbaycan ərazilərini müxtəlif istiqamətlərdən raket atəşinə tutmaları bunun təsdiqi oldu. Artıq Azərbaycan dövlətinin, xalqının səbir kasası dolmuşdu. Bu tarixdən başlanan İkinci Qarabağ Müharibəsi Azərbaycanın tarixi Zəfəri ilə başa çatdı.

  Düşünmək olardı ki, 30 il işğalçı dövlətə dəstək verən, ikili standartlara əsaslanan siyasətlərini hər an nümayiş etdirən bəzi dünya qüvvələri Azərbaycanın bu qələbəsindən sonra artıq ədaləti, beynəlxalq hüququ maraqlarının arxasında gizlətməz, ikili yanaşmalara son qoyub həqiqətə haqq gözü ilə baxarlar. Amma təəssüflər olsun ki, Fransa kimi dünyanın iri dövləti bu siyasətinə nəinki son qoydu, əksinə müharibə başa çatsa da, onun “həll olunmadığı” barədə əsassız, qərəzli fikirlər səsləndirərək Ermənistana xoş gəlsin deyə ümidlər  verməyə,  vəziyyəti gərginləşdirməyə, ən əsası Azərbaycanın təklif etdiyi sülh müqaviləsinin imzalanmasına mane olmağa başladı. Belə sərsəm bəyanatları ilə diqqətdə olan Fransa prezidenti Emmanuel Makron digər tərəfdən güya ölkəsinin  vasitəçiliyinin bərpası istiqamətində səylər göstərir, tərəf kimi danışıqlar prosesində iştirak edir. İkrah doğuran yanaşma deyilmi?”

  Əliabbas Salahzadə qeyd edib ki, Fransa ilə Ermənistanı birləşdirən dəyərlər dünyaya bəllidir. Bu günlərdə ölkə prezdienti İlham Əliyev Əlcəzairə səfəri zamanı Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısında çıxışı zamanı da diqqəti bu məsələyə yönəldərək belə bir çağırış etdi: “Fransanın Əlcəzair xalqına qarşı törətdiyi zorakılığı, kütləvi qəddarlığı dünya heç zaman unutmamalıdır. Yüz ildən çox bir müddət ərzində Fransa  Əlcəzair xalqına qarşı çox dəhşətli müharibə aparıb. Bu müharibə 1,5 milyon əlcəzairlinin ölümü ilə nəticələnib. Bu faciəni xatırladaraq gələcəkdə bu cür hadisələrin qarşısının alınması üçün əlimizdən gələni etməliyik”.

  Millət vəkili bunları da vurğuladı ki, Fransa Senatında noyabrın 15-də qəbul edilmiş “Azərbaycana qarşı sanksiyaların tətbiqi və onun Ermənistan ərazisindən dərhal geri çəkilməsi, 9 noyabr 2020-ci il tarixli atəşkəs razılaşmasına riayət etməsi tələbi və iki ölkə arasında dayanıqlı sülhün bərqərar olmasına yönəlmiş bütün təşəbbüslərin təşviq edilməsi” adlı qətnamə ermənipərəst mövqeyi ilə daim diqqətdə olan Fransanın ölkəmizə qarşı növbəti qərəzli  yanaşmasının göstəricisidir. Qətnamə yalnız və yalnız Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesinə xələl gətirməyə yönəlib.

  Tarixin saxtalaşdırıldığı qətnaməni heç bir araşdırma aparmadan, həqiqətlərə müraciət etmədən, Ermənistana xoş, özlərinin isə maraqlarına uyğun hazırlayıblar. Belə qərəzli, həqiqəti əks etdirməyən sənədlər Azərbaycan üçün adi kağız parçasıdır.

  Tarixi faktları saxtalaşdırmaq olmaz. Azərbaycan tarixi Zəfəri ilə bu reallığı təsdiqləyib. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsində Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğu öz əksini tapıb. Bu qətnamənin hazırlanması və qəbulu prosesinin iştirakçılarından biri də məhz Fransadır. Artıq geniş şərhə ehtiyac yoxdur.” 



Әlaqәli Xәbәrlәr