Zəngilan Beynəlxalq Hava Limanının açılış mərasimi olub

Prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan açılış mərasimində iştirak ediblər

1895462
Zəngilan Beynəlxalq Hava Limanının açılış mərasimi olub

Prezident Rəcəb Tayyib Ərdoğan Azərbaycana rəsmi səfərə gəlib.

Prezident Rəcəb Tayyib Ərdoğan oktyabrın 20-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Zəngilan Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğanı hava limanında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qarşılayıb.

Prezidentlər hava limanının rəmzi açılışını bildirən lenti kəsiblər.

Zəngilan Beynəlxalq Hava Limanının rəmzi açarları prezidentlərə təqdim edilib.

Dövlət başçıları hava limanında yaradılan şəraitlə tanış olublar.

Qeyd edək ki, Zəngilan Beynəlxalq Hava Limanının asfalt-beton örtüklü uçuş-enmə zolağının uzunluğu 3 min metr, eni 60 metr təşkil edir. Bu hava limanı bütün növ təyyarələri, o cümlədən geniş gövdəli ağır yük təyyarələrini qəbul edəcək. Perronun sahəsi 60 min kvadratmetrdir. Hava limanı ICAO və IATA standartlarına uyğun uçuşların həyata keçirilməsinə imkan verəcək. Müasir dünya tələblərinə cavab verən beynəlxalq aeroportun terminalı saatda 200 sərnişinə xidmət göstərmək imkanına malik olacaq. Terminal daxilində VIP-zal, kafe, tibb məntəqəsi və ofis otaqları mövcuddur. Hava limanında tam avtomatlaşdırılmış hava hərəkətinə nəzarət və aviasiya rabitəsi sistemləri ilə təchiz olunmuş Hava Hərəkətini İdarəetmə Qülləsi tikilib. Uçuşların təhlükəsizliyinin təmin edilməsi üçün ICAO-nun beynəlxalq tələblərinə uyğun olaraq İtaliyanın və Almaniyanın aparıcı istehsalçılarının müasir aeronaviqasiya dəstək sistemləri tətbiq edilib. Qısa müddətdə ILS/DME instrumental eniş sistemləri, VOR/DME marşrutu üzrə hava gəmisi naviqasiya vasitələri, avtomatlaşdırılmış aviasiya və meteoroloji müşahidə sistemləri, ilkin və ikinci dərəcəli radar sistemləri quraşdırılaraq istifadəyə verilib. Bütün sistemlər ICAO və Eurocontrol-un beynəlxalq aviasiya kataloqlarında qeydiyyatdan keçib. Zəngilan Beynəlxalq Hava Limanının ərazisində yardımçı binalar, transformator binası, qazanxana və su çənləri inşa edilib. Uzunluğu təxminən 10 kilometr olan 35 kilovoltluq ikidövrəli elektrik kabel xətti çəkilib. 230 metr dərinlikdə artezian quyusu qazılaraq su çıxarılıb. Zəngilan Beynəlxalq Hava Limanı Qarabağın mühüm nəqliyyat qovşağına çevrilməsini şərtləndirən əsas obyektlərdəndir. Həmçinin, bu hava limanı Zəngəzur dəhlizinin hava nəqliyyatı infrastrukturu ilə gücləndirilməsi baxımından strateji əhəmiyyət kəsb edir. Görülən işlərin sürəti buranın beynəlxalq nəqliyyat-logistika mərkəzində çevriləcəyi günü yaxınlaşdırmaqdadır.



Әlaqәli Xәbәrlәr