Türkiyedə keçirilən beynəlxalq türk simpoziumunun rəsmi açılış mərasimi olub

Oktyabrın 9-dan 12-dək davam edəcək tədbirin ilk günü Beynəlxalq Refaiye Gənclik Festivalının açılışı olub.

1890896
Türkiyedə keçirilən beynəlxalq türk simpoziumunun rəsmi açılış mərasimi olub
binali yildirim.jpg
ersin tatar.jpg

Tədbirdə çıxış edən Türkiyenin hakim Ədalət və İnkişaf Partiyası sədrinin birinci müavini, Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım İstanbul Zirvəsindən sonra türkdilli ölkələrimizin yeni dövrə girdiyini, üzv ölkələrin ümumi ticarət həcminin 700 milyard ABŞ dollarına çatdığını, bunun sadəcə 18 milyard dollarının bu ölkələrin öz arasında olduğunu deyib.

XX əsrin əvvəllərindən başlayaraq türk dövlətləri arasında dəmirdən pərdələrin olduğunu deyən Binəli Yıldırım bunun iki-üç nəsil arasındakı qopmaya səbəb olduğunu, bu birliyin otuz il əvvəl yenidən qurulmağa başlandığını deyib.

Qeyd edilib ki, Türk Dövlətləri Təşkilatının qurulmasının əsas hədəfləri bölgədə sülhü təmin etmək və öz aralarında əlaqələri gücləndirməkdir.

Binəli Yıldırım Universitetinin rektoru, professor Akın Levent, Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar çıxışlarında türk birliyinin əhəmiyyətini xüsusi vurğulayıblar.

Tədbirdə Türkiye Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakçılara müraciət məktubu da oxunub.

Məktubda deyilir: “Dost və qardaş ölkələrimiz arasında mükəmməl səviyyədə seyr edən siyasi, iqtisadi və mədəni əlaqələrimizin elm sahəsi üzrə də yüksək səviyyələrə çatmasından məmnuniyyət hissi keçirirəm.

Beynəlxalq Türk Dünyası Simpoziumunun dil və ədəbiyyatdan tarixə, sənətdən sosiala, iqtisadiyyatdan beynəlxalq əlaqələrə qədər geniş bir şəkildə elmi araşdırmalara liderlik edəcəyinə inanıram.

Tarix boyu olduğu kimi, bu gün də aramızda çəkilən sərhədlərin bizi ayırmasına, qəlblərimiz arasında məsafə qoymasına, bizi bir-birimizdən qoparmasına icazə verməməliyik.

Simpoziumun doğma qardaşlarımız olan türkdilli ölkələr ilə diplomatik əlaqələrimizin təsis olunmasının 31-ci ildönümünə təsadüf etdiyi bu ildə keçirilməsini bu baxımdan son dərəcə mənalı hesab edirəm. Uzun illər davam edən həsrətin ardından türk dünyası olaraq ikitərəfli və çoxtərəfli platformdakı əlaqələrimizi müvəffəqiyyətlə üst səviyyələrə çatdırdıq. Ötən il İstanbulda keçirdiyimiz Türk Dövlətləri Təşkilatının Zirvə Toplantısında qardaşlığımız və əlaqələrimizi dərinləşdirmək üçün tarixi qərarlara imza atdıq. Türk Şurasını Türk Dövlətləri Təşkilatına çevirdik və 2040-cı il baxışı sənədini qəbul etdik.

Türk dünyasının birlik və həmrəyliyi sülh və rifahımızın təminatıdır. Önümüzdəki dövrdə həyata keçirəcəyimiz layihələr və tədbirlər geniş bir coğrafiyanı və 300 milyondan çox insanı əhatə edən ailəmizi daha da gücləndirmək üçün yeni imkanlar yaradacaq”.

Türk dövlətlərinin müstəqilliyi və birliyinin ölkələrimizin gələcəyi baxımından ən vacib məqam olduğunu deyən Həsən Həsənov isə Azərbaycanın 44 günlük Vətən müharibəsi və şanlı Azərbaycanın Zəfəri haqqında danışıb, bu savaş dövründə başda ölkə başçısı Rəcəb Tayyib Ərdoğan olmaqla Türkiye dövləti və xalqının daim Azərbaycanın yanında olduğunu xatırladıb.

Çıxışında İstanbulda keçirilən Zirvə Toplantısında Türk Dövlətləri Təşkilatının təsis olunduğunu xatırladan TDT-nin Baş katibi Bağdad Amreyev bununla türk dövlətləri ailəsinin daha da gücləndiyini deyib. Bildirilib ki, türk dünyasının gücü birlikdədir və qarşıdan gələn zirvə toplantıları birgə hədəflərimiz baxımından olduqca əhəmiyyətlidir.

Türk dünyasının birliyinin asanlıqla ərsə gəlmədiyini deyən Baş katib bunun arxasında liderlərimizin güclü və qərarlı duruşlarının dayandığını, Türkiye Prezidenti Rəcəb Tayyib Ərdoğanın Qarabağ Zəfərində göstərdiyi güclü dəstəyin türk dünyasının birliyi baxımından böyük əhəmiyyətə malik olduğunu deyib.

Sonra iştirakçılara plaketlər təqdim edilib.

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Milli Məclisin deputatı, akademik İsa Həbibbəyli tərəfindən AMEA adından Binəli Yıldırıma xüsusi xalça, Şimali Kıbrıs (Kipr) Türk Respublikasının Prezidenti Ersin Tatara “Azərbaycan muğamı miniatürlərdə”, universitetin rektoruna isə “Azərbaycan Dilinin Qarabağ və Şərqi Zəngəzur Dialektoloji Atlası” kitabları təqdim edilib.

Tədbir əsnasında sərgi təşkil olunub.

Oktyabrın 9-dan 12-dək davam edəcək tədbirin ilk günü Beynəlxalq Refaiye Gənclik Festivalının açılışı olub. Daha sonra Erqan dağında türk gənclərinin tonqalı yandırılıb, “Türk Dövlətlərinin Müstəqilliyinin 31-ci ili və Türkiye Cümhuriyyətinin qurulmasının 100-cü ildönümü münasibətilə “2023-cü ilə doğru Türkiye və türk dünyasının dünəni, bu günü və gələcəyi” mövzusunda toplantı keçirilib.

Ərzincan Binəli Yıldırım Universitetinin ev sahibliyi, Türkiyenin Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Binəli Yıldırımın başçılığı ilə keçirilən tədbirin əsas məqsədi türk dünyasının dil, ədəbiyyat, tarix, sənət, enerji, diaspor, ticarət, beynəlxalq münasibətlər kimi bir çox sahələr üzrə elmi araşdırmalara ortaq platforma yaratmaqdır.

Tədbir panel iclaslarla davam edib.



Әlaqәli Xәbәrlәr