Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb

Ermənistan silahlı qüvvələri Kəlbəcər, Laçın və Daşkəsən istiqamətlərində genişmiqyaslı təxribat törədib

1879019
Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb

Sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilib ki, Ermənistan silahlı qüvvələrinin diversiya qrupları sutkanın qaranlıq vaxtında ərazinin dağlıq relyefi və mövcud dərə boşluqlarını istifadə edərək müxtəlif istiqamətlərdə Azərbaycan Ordusunun bölmələrinin mövqeləri arasındakı əraziləri və təminat yollarının minalanmasını həyata keçirib.

Məlumatda həmçinin vurğulanıb ki, bu əməllərin qarşısının alınması məqsədilə Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən tədbirlər nəticəsində döyüş toqquşması baş verib.Ermənistan silahlı qüvvələrinin Basarkeçər, İstisu, Qarakilsə və Gorus yaşayış məntəqələri istiqamətində yerləşən bölmələri tərəfindən Azərbaycan Ordusunun Daşkəsən, Kəlbəcər və Laçın rayonları ərazisindəki bəzi mövqeləri, sığınacaqlar və dayaq məntəqələri müxtəlif çaplı silahlar, o cümlədən minaatanlardan intensiv atəşə tutulub.Nəticədə şəxsi heyət arasında itkilər olub, hərbi infrastruktura ziyan dəyib.

Azərbaycan Müdafiə Nazirliyindən verilən məlumatda həmçinin bildirilib ki, Ermənistan silahlı qüvvələrinin atəş nöqtələrinin susdurulması və döyüş toqquşmasının miqyasının genişlənməsinin qarşısının alınması məqsədilə zəruri tədbirlər görülüb.

Təxribat əməliyyatlarına cəlb olunmuş Ermənistan silahlı qüvvələrinin canlı qüvvəsi və döyüş texnikası sırasında itkilərin olduğu vurğulanıb.

Nazirlikdən bildirilib ki, baş vermiş təxribat, qarşıdurma və itkilərə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. 

Azərbaycan Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Hüseyn Mahmudov deyib: "Ermənistan tərəfinin son zamanlar qeyd olunan istiqamətlərdə mövqelərimizi mütəmadi olaraq atəşə tutmasında başlıca məqsəd sülh sazişinin imzalanmasının, həmçinin azad edilmiş ərazilərdə aparılan irimiqyaslı bərpa-quruculuq işlərinin yubadılmasıdır".

 



Әlaqәli Xәbәrlәr