Azərbaycan Milli Məclisinin sədri İstanbulda işgüzar səfərdədir

İyunun 19-da Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti İstanbula işgüzar səfər edib.

1845428
Azərbaycan Milli Məclisinin sədri  İstanbulda işgüzar səfərdədir

İyunun 19-da Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti İstanbula işgüzar səfər edib.

Milli Məclisin sədri burada “Parlamentlər, miqrasiya və qaçqınlar üzrə qlobal sazişlər: Daha güclü beynəlxalq əməkdaşlıq və milli icraya necə nail olmalı” mövzusunda keçiriləcək Qlobal Parlament Konfransında iştirak edəcək.

İstanbul Hava Limanında nümayəndə heyətini Türkiyə Böyük Millət Məclisinin Azərbaycanla dostluq qrupunun rəhbəri Şamil Ayrım, Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov, Azərbaycanın İstanbul şəhərində baş konsulu Nərminə Mustafayeva və digər rəsmi şəxslər qarşılayıblar.

Qeyd edək ki, Sahibə Qafarovanın rəhbərlik etdiyi parlament nümayəndə heyətinin iştirakı, Türkiyə Böyük Millət Məclisi (TBMM) və Parlamentlərarası İttifaqın birgə təşkilatçılığı ilə iyunun 20-21-də İstanbulda Qlobal Parlament Konfransı keçiriləcək.

“Parlamentlər, Miqrasiya və Qaçqınlar üzrə Qlobal Sazişlər: Daha güclü beynəlxalq əməkdaşlıq və milli icraya necə nail olmalı” mövzusunda keçiriləcək Qlobal Parlament Konfransı bütün dünyanı narahat edən ən aktual məsələlərin müzakirəsi üçün nəzərdə tutulub. Təşkilat komitəsinin məlumatına görə, konfrans 6 sessiyadan ibarətdir. Tədbir çərçivəsində miqrasiya və qaçqınlar üzrə sərgi açılacaq.

Sahibə Qafarovanın çıxışı Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şəntopun iştirakı ilə keçiriləcək konfransın birinci sessiyasında olacaq.

Konfransda Azərbaycanı təmsil edən parlament nümayəndə heyətinə Milli Məclisin Səhiyyə komitəsinin sədri, Türkiyə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov və digər rəsmi şəxslər daxildir.

Tədbirdə, həmçinin Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov və Azərbaycanın  İstanbuldakı Baş konsulu Nərminə Mustafayevanın iştirakı nəzərdə tutulub.



Әlaqәli Xәbәrlәr