Azərbaycan prezidenti Brüsseldə işgüzar səfərdədir

Avropa İttifaqı Şurasının sədri Azərbaycan prezidentini qarşılayıb

1808475
Azərbaycan prezidenti Brüsseldə işgüzar səfərdədir

 

  Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının sədri Şarl Mişelin dəvəti ilə aprelin 6-da Belçika Krallığının paytaxtı Brüsselə işgüzar səfərə gedib.

  Avropa İttifaqı Şurasının sədri Azərbaycan prezidentini qarşılayıb.

  Keçirilən təkbətək görüşdə İlham Əliyev Şarl Mişelin Ermənistanla Azərbaycan arasında postmünaqişə dövründə münasibətlərin normallaşması prosesinə verdiyi töhfəsini yüksək qiymətləndirib və 2021-ci ilin dekabrında olan üçtərəfli görüşdə müəyyən edilmiş Brüssel sülh gündəliyinin əhəmiyyətini vurğulayıb.

  Azərbaycan prezidenti Brüssel sülh gündəliyinin davamı olaraq Ermənistan tərəfinin iştirakı ilə keçirilən üçtərəfli formatda görüşün nəticəyönümlü olacağına ümidvar olduğunu ifadə edib.

  Avropa İttifaqı Şurasının sədri Şarl Mişel də bu çərçivədə Ermənistan və Azərbaycan arasında aparılan dialoqun əhəmiyyətinə toxunub, eyni zamanda, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rolu yüksək qiymətləndirib.

  Görüşdə Avropa İttifaqı ilə Azərbaycan arasında ikitərəfli gündəliyə dair məsələlər müzakirə edilib və əməkdaşlığın müxtəlif istiqamətlər üzrə dinamik şəkildə inkişaf etdiyi qeyd olunub.

  Söhbət əsnasında qarşılıqlı maraq doğuran digər məsələlər, o cümlədən regional təhlükəsizliyə dair fikir mübadiləsi aparılıb.



Әlaqәli Xәbәrlәr