Antaliya Diplomatiya Forumu və Azərbaycan

Türkiyə prezidentinin himayədarlığı ilə Xarici İşlər Nazirliyi tərəfindən “Diplomatiyanın yenidən qurulması” mövzusunda təşkil olunan Antaliya Diplomatiya Forumu Azərbaycanın da geniş tərkibdə fəal iştirakı ilə uğurla başa çatdı

1794647
Antaliya Diplomatiya Forumu və Azərbaycan

 

  Türkiyə prezidentinin himayədarlığı ilə Xarici İşlər Nazirliyi tərəfindən “Diplomatiyanın yenidən qurulması” mövzusunda təşkil olunan Antaliya Diplomatiya Forumu Azərbaycanın da geniş tərkibdə fəal iştirakı ilə uğurla başa çatdı.

  Azərbaycan təmsilçiləri forum çərçivəsində keçirilən tədbir və görüşlərdə ölkəyə aid həqiqətləri iştirakçılarla bölüşüblər.

  “Azərtac” informasiya agentliyi xəbər verir ki, Azərbaycan prezidentinin köməkçisi - Prezident Administrasiyası Xarici Siyasət Məsələləri Şöbəsinin müdiri Hikmət Hacıyev və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Antaliya Diplomatiya Forumu çərçivəsində keçirilən tədbirlərdəki çıxışları, müsahibə və açıqlamaları Türkiyə mətbuatı tərəfindən geniş işıqlandırılıb və böyük maraqla şərh olunub.

  Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu forumla bağlı martın 13-də keçirdiyi mətbuat konfransında tədbirin məqsəd və mahiyyətini yüksək dəyərləndirib.

  Xatırladaq ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Antaliya Diplomatiya Forumunun rəsmi açılış mərasimində nitq söyləyib. Tədbirin həmin hissəsində BMT-nin Baş katibi Antonio Quterreşin iştirakçılara videomüraciəti yayımlanıb.

  Üç gün davam edən forumda 17 dövlət və hökumət başçısı, 80 nazir olmaqla 75 ölkədən nümayəndələr iştirak ediblər. Bundan başqa, NATO və ATƏT də daxil olmaqla, 39 beynəlxalq və regional təşkilatın təmsilçiləri müzakirələrə qatılıblar.

  Tədbir çərçivəsində Azərbaycanın rəsmi nümayəndələri də daxil olmaqla iştirakçılar arasında çoxsaylı ikitərəfli görüşlər keçirilib.

  Türkiyə, Rusiya və Ukrayna xarici işlər nazirlərinin martın 10-da keçirdikləri Antaliya görüşü forumda yaddaqalan ən ciddi hadisələrdən biri kimi tarixə düşüb.

  Bundan başqa, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın martın 12-də forumun ən qaynar vaxtında bir araya gəlməsi mühüm siyasi hadisə kimi dəyər qazanıb.

  Türkiyə Prezident Administrasiyası İctimaiyyətlə Əlaqələr Departamenti, “Anadolu” informasiya agentliyi, Türkiyə Ticarət Nazirliyi Xarici İqtisadi Əlaqələr şöbəsi, Türkiyə İxracatçılar Məclisi və digər tanınmış qurumlar informasiya və nəşriyyat işlərinə dair öz məhsullarını qonaqlara təqdim ediblər.

  Çox sayda beynəlxalq media qurumlarının forumdan geniş, azad və sərbəst şəkildə materiallar hazırlaması üçün bütün imkanlar yaradılıb.

  Qeyd edək ki, ikinci dəfə keçirilməsinə baxmayaraq Antaliya Diplomatiya Forumu beynəlxalq səviyyəli müzakirələr platformasına çevrilib. Forum Azərbaycan həqiqətlərinin çatdırılması, yeni münasibətlər yaratmaq, qlobal və regional əhəmiyyətli prinsipial məsələlər ətrafında müzakirələr aparmaq üçün də ən əlverişli platformadır.

  Azərbaycanın ümummilli lideri Heydər Əliyevin “Bir millət, iki dövlət!” fikri bütün mənalarda Antaliya Diplomatiya Forumunda azərbaycanlıları ev sahibi kimi hiss etdirməyə imkan verib.



Әlaqәli Xәbәrlәr