Çankaya və Tovuzun qardaşlaşmış məktəblərinin görüşləri

Onlayn toplantıların məqsədi şagirdlər arasında Türkiyə-Azərbaycan birliyini daha da inkişaf etdirmək, telekörpülər quraraq görüşlər keçirib təcrübə mübadiləsi aparmaqdır

1646260
Çankaya və Tovuzun qardaşlaşmış məktəblərinin görüşləri

 

  Ankaranın Çankaya rayonunda yerləşən Türkiyə Silahlı Qüvvələri Mehmetcik Fondu Hafizə İhsan Payaza orta məktəbi ilə Tovuz rayonu Azaflı kənd orta məktəbi arasında “Qardaşlaşmış məktəblər” layihəsi çərçivəsində hər ay müntəzəm şəkildə toplantılar təşkil edilir. Onlayn toplantıların məqsədi şagirdlər arasında Türkiyə-Azərbaycan birliyini daha da inkişaf etdirmək, telekörpülər quraraq görüşlər keçirib təcrübə mübadiləsi aparmaqdır.

  Hər təşkil edilən yığıncaqda fərqli mövzular müzakirə olunur. Toplantılarda hər iki məktəbin müdir, müəllim və şagirdləri iştirak edir. Müzakirə edilən mövzulardan şagirdlər bilik və təcrübə qazanırlar.

  Birinci toplantıda Azərbaycan və Türkiyə himnləri səslənəndən sonra TSQ Mehmetcik Fondu Hafizə İhsan Payaza orta məktəbinin direktoru Əbdül Qədir Baytemir (Abdul Kadir Baytemir), müəllimə Sevgi Toyran, Tovuz rayonu Azaflı kənd orta məktəbinin direktoru Adil Əsgərov, müəllimə Təhminə Qubanova danışdılar. Sonra şagirdlərin hər biri öz ölkəsi, dövlət qurucuları, yaşadıqları bölgə və oxuduqları məktəbləri təqdim etdilər.

  Qarşılıqlı sevgi, səmimiyyət və hörmət şəraitində keçən növbəti toplantıda isə şagirdlər özləri, bu görüşlərdən əldə etdikləri haqqında yazdıqları inşaları oxudular.

  Artıq hər azərbaycanlı şagirdin Türkiyədə, türkiyəli məktəblinin isə Azərbaycanda məktub dostları var, istənilən vaxt yazışır, danışırlar.

  Onlayn keçirilən bu dostluq və qardaşlıq görüşlərinin şagirdlərdə hansı duyğu və istəklər oyatdığını onlar belə cavablandırıb:

  • “Bir millət, iki dövlət” - Azərbaycan-Türkiyə!
  • Monitordan izlədiyim türkiyəli həmyaşıdlarımla canlı bağlantı yaradıb söhbət edə bilmək çox maraqlıdır.
  • Xalqlarımızın şad və bəd günlərində həmişə bir-birimizin yanında olmasını arzulayırıq.

  Qeyd edək ki, bu həftə təşkil olunacaq toplantının mövzusu 28 May Azərbaycanın Respublika Gününə həsr edilib.

  Türkiyə və Azərbaycan arasında olan “Qardaşlaşmış məktəblər” layihəsi vətənpərvərlik ruhunun yüksəldilməsi, dünyagörüşünün inkişafı və intelektual səviyyənin formalaşmasında mühüm rol oynayır, iki ölkə məktəblərinin dostluq əlaqələri və əməkdaşlıqlarının daha da möhkəmlənməsinə səbəb olur.



Әlaqәli Xәbәrlәr