Tokatda soyqırımla bağlı konfrans

Türkiyənin Qaziosmanpaşa Universitetində ölkənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıçın təşkilatçılığı və təxminən mindən çox tələbənin iştirakı ilə Xocalı soyqırımı konfransı keçirildi.

1367837
Tokatda soyqırımla bağlı konfrans

       

  Türkiyənin Qaziosmanpaşa Universitetində əsli Tokatdan olan, Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıçın təşkilatçılığı və təxminən mindən çox tələbənin iştirakı ilə Xocalı soyqırımı ilə bağlı konfrans keçirildi.

  Konfrans şəhidlərin ruhunu 1 dəqiqəlik sükutla yad etmək, İstiklal Marşı və Azərbaycan himninin oxunmasıyla başladı.

  Universitetin azərbaycanlı tələbəsi Murad Mirzəbəyli Xocalıda bir bəşəri dram yaşandığını hadisələrlə anlatdı və çıxışının sonunda Azərbaycanda hər bir vətəndaşın ən böyük arzusunun işğal altındakı torpaqlara qovuşmaq olduğunu vurğuladı.

  TRT tərəfindan hazırlanan Xocalı soyqırımı haqqında sənədli film izlənildikdən sonra Türkiyənin Qafqas üzrə mütəxəssisi və TRT-nin Bakıdakı sabiq təmsilçisi Yüksel Deyercan Rusiya çarı Birinci Pyotrun hələ 17-ci əsrdə türk dövlətləri, türk torpaqları arasında bir erməni dövləti yaratma planından danışdı:

  “O dövrdə iki böyük türk dövləti var idi: Osmanlı və Səfəvi imparatorluqları. Rusiya çarı bu iki ölkənin arasında elə bir dövlət qurdu ki, türklərin başı yüz ildən artıqdır ki, bunların oyunlarından açılmır. Eyni siyasət 400 ildir böyük dövlətlərin dəstəyilə davam edir.

  Beş il boyu Bakıda onlarla Xocalı şəhid ailəsi, yaxınları və Qarabağ didərginləri ilə söhbət etdim, müsahibələr aldım.

  Bir sıra ABŞ və Rusiya jurnalistləri belə Xocalıda gördüklərini dilə gətirdilər.

  Çox ağrılı-acılı günlər, anlar yaşanıb orada.

  Əlbəttə, bir gün Azərbaycan işgal altındakı torpaqlarına qovuşacaq, Naxçıvanla quru yolu açılacaq, Türkiyə və Azərbaycan əvvəlki kimi sərhəd qardaşları olacaq və Rusiyanın 100 illərdir sürən siyasəti iflasa uğrayacaq.”

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın son Bakı səfərində etdiyi çıxışlardan fraqmentlərin yer aldığı videoyazı tələbələrə nümayiş etdirildikdən sonra tədbirdə Türkiyənin Azərbaycanda sabiq səfiri olmuş Hulusi Kılıç çıxış edərək bu sözləri söylədi:

  “Xocalıda sözün əsil anlamında bir soyqırım yaşanıb. Ancaq buna ABŞ, Avropa, insan haqlarıyla bağlı təşkilatlar hələ də səssiz qalır. Bu qətliamı törədənlərin beynəlxalq məhkəmələrə çıxarılmasının vaxtı çoxdan gəlib. Ermənistan BMT-nin 4 qərarına baxmayaraq işgal etdiyi torpaqlardan çıxmayıb. ATƏT-in Minsk Qrupu problemi həll etməkdə acizdir. Azərbaycan sülh yoluyla torpaqlarını almaq istəyir. Halbuki Azərbaycan istər hərbi, istər iqtisadi, istər adam sayı baxımından böyük bir qüvvəyə malikdir və bir neçə günə Qarabağı geri alar. Amma Azərbaycan öz torpaqlarına sülhlə qovuşmaq istəyir. Türkiyə hər mənada Azərbaycanın yanındadır.”

  Çıxışından sonra Hulusi Kılıç “Qarabağ Azərbaycanındır” və Türkiyə ilə Azərbaycan bayraqlarının bir ürək içində təsvirini göstərən plakatları açdı.

  Konfransdan sonra iştirakçılar xatirə fotoları çəkdirdilər.



Әlaqәli Xәbәrlәr