MDB Müdafiə Nazirləri Şurasının növbəti iclası

Azərbaycanın paytaxtı Bakıda Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin Müdafiə Nazirləri Şurasının növbəti iclası keçirilib.

1297641
MDB Müdafiə Nazirləri Şurasının növbəti iclası
Bakı_MDB_Müdafiə Nazirləri Şurası_02.jpg
Bakı_MDB_Müdafiə Nazirləri Şurası_03.JPG
Bakı_MDB_Müdafiə Nazirləri Şurası_04.jpg
Bakı_MDB_Müdafiə Nazirləri Şurası_01.jpg

  Oktyabrın 30-da Azərbaycanın paytaxtı Bakıda Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin Müdafiə Nazirləri Şurasının növbəti iclası keçirilib.

  Azərbaycan Müdafiə Nazirliyindən verilən məlumata görə, iclasda MDB ölkələrinin 2025-ci ilədək hərbi əməkdaşlıq Konsepsiyasını və MDB üzvü olan dövlətlərin müdafiə nazirliklərinin 2025-ci ilədək radiasiya, kimyəvi və bioloji vəziyyətlə əlaqədar birgə monitorinq və qiymətləndirmə sisteminin hazırlanmasına dair əsas istiqamətlər müzakirə edilib.

Bundan başqa, iclasda “Beynəlxalq Ordu Oyunları - 2019"un yekunları, MDB ölkələrinin silahlı qüvvələri üçün zabit kadrlarının hazırlanması, ”Elmə başlanğıc" İnnovativ Elmi İdeyalar Beynəlxalq Festivalının keçirilməsi və 2-ci Dünya müharibəsində qələbənin 75 illiyinin qeyd olunmasına hazırlıq məsələləri müzakirə olunub.

Eyni zamanda Birlik ölkələrinin 2019-cu ildə hərbi əməkdaşlığının inkişafının nəticələrinin yekunları müzakirə edilib və MDB Müdafiə Nazirləri Şurasının 2020-ci il üçün İş Planı açıqlanıb. İclasda cari hərbi əməkdaşlıq və qarşıda duran digər məsələlər də müzakirə olunub.

  Müdafiə naziri general-polkovnik Zakir Həsənov Bakıda keçirilən Müstəqil Dövlətlər Birliyinin Müdafiə Nazirləri Şurasının iclasındakı çıxışında deyib: “Bu iclasın Bakıda keçirilməsi bizim üçün böyük şərəfdir. Ümid edirik ki, bugünkü iclasımız ölkələrimiz arasında əməkdaşlığın inkişafına və dərinləşməsinə əlavə stimul verəcək, əməkdaşlığın yeni perspektivlərini müəyyən edəcək, habelə dövlətlərimizdə sülhün, sabitliyin və təhlükəsizliyin möhkəmlənməsinə töhfə verəcək. Fürsətdən istifadə edərək, bu iclasın təşkilində göstərdikləri səylərə və dəyərli yardıma görə MDB Müdafiə Nazirləri Şurasının Katibliyindən olan həmkarlarımıza minnətdarlığımı bildirirəm”.

Prezident İlham Əliyev oktyabrın 30-da MDB Müdafiə Nazirləri Şurasının iclasının iştirakçılarını qəbul edib. (AZƏRTAC) Dövlət başçısı deyib ki, bu tədbir özlüyündə çox böyük əhəmiyyət kəsb edir. “Bu, ölkələrimizi daha sıx birləşdirir, ikitərəfli gündəliyə dair söhbət etmək üçün yaxşı imkan yaradır. Bildiyiniz kimi, bu yaxınlarda Aşqabadda dövlət başçılarının Zirvə Görüşü çox uğurlu keçdi. MDB üzvü olan digər ölkələr kimi, Azərbaycan da bu təşkilatda iştiraka böyük əhəmiyyət verir. Bir sıra məsələlərə dair bizim konstruktiv mövqeyimiz də MDB çərçivəsində qarşılıqlı fəaliyyətin daha da möhkəmlənməsinə töhfə verir”, dövlət başçısı bildirib. İ.Əliyev qeyd edib ki, xüsusən müasir mərhələdə bizim regionda mövcud olan və yarana biləcək təhlükələr nəzərə alınmaqla hərbi sahədə əməkdaşlıq çox böyük əhəmiyyət kəsb edir: “Zənnimcə, buna görə MDB üzvü olan ölkələrin sabitliyi və davamlı inkişafı çox cəhətdən dövlətlərimizin təhlükəsizliyini təmin edən orqanların qarşılıqlı fəaliyyətindən asılıdır”.

Dövlət başçılarının Aşqabad Zirvə Görüşü çərçivəsində müzakirə edilən mövzulardan birinin Böyük Vətən müharibəsində Qələbənin 75 illiyinə hazırlıq məsələsi olduğunu qeyd edən prezident deyib ki, Azərbaycan ümumi qələbəyə böyük töhfə verib: “Bunu demək kifayətdir ki, ümumi qələbəmiz üçün tələb olunan yanacağın çox böyük hissəsini - neftin 70 faizini, benzinin 80 faizini, sürtkü yağlarının 90 faizini Bakı təmin edirdi. Bu potensial olmasaydı, faşist Almaniyasına qalib gəlmək çox çətin olardı. Təsadüfi deyil ki, faşist Almaniyası gözlərini Bakıya zilləmişdi, Bakını tutmaq planları vardı. Bu halda sovet ordusu zəruri yanacaqdan məhrum olardı. Tarixdən yaxşı bilirik ki, faşistlərin öz hücumlarını inkişaf etdirə bilməməsinin bir səbəbi məhz o idi ki, onlar yanacaq sarıdan korluq çəkirdilər. Bakı neftçiləri əsl fədakarlıq göstərir, gecə-gündüz işləyirdilər. Məhz həmin illərdə neft hasilatı rekord səviyyəyə - orta hasilat səviyyəsindən iki dəfə yüksək həddə çatmışdı. Böyük Vətən müharibəsində ümumi Qələbəyə Azərbaycan xalqının da sanballı töhfəsi olub. Xalqımızın 600 mindən çox nümayəndəsi müharibədə iştirak edib, onların yarısı ümumi qələbəmiz uğrunda canlarından keçib. Sovet İttifaqı qəhrəmanlarından 170 nəfəri Azərbaycanın nümayəndələridir. Bu, xalqımızın qürur mənbəyi, böyüməkdə olan nəsil üçün örnəkdir”.

 

Mənbə: musavat.com



Әlaqәli Xәbәrlәr