"Yaxşı olar ki, xaricdə təhsil alan tələbələr belə etsinlər", H.Kılıç

... Növbəti belə proqramlardan biri Azərbaycana həsr olundu.

1209027
"Yaxşı olar ki, xaricdə təhsil alan tələbələr belə etsinlər", H.Kılıç

  Ramazan ayı boyu Türkiyənin Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları İdarəsinin (YTB) və Ankara Sosial Elmlər Universitetinin işbirliyi ilə hər gün bir ölkə adına iftar proqramları təşkil edilir. Növbəti belə proqramlardan biri Azərbaycana həsr olundu.

  Ankarada təhsil alan əcnəbi tələbələrin iştirak etdiyi iftarda Azərbaycanın mətbəx mədəniyyəti təqdim edildi.

  Tədbirdə Türkiyənin Azərbaycandakı keçmiş səfiri, Türk Dünyası Parlamentlər Birliyi xarici əlaqələr üzrə koordinatoru Hulusi Kılıç da var idi. O, öz çıxışında Azərbaycanla maraqlı fikirlər səsləndirdi:

  “Mən Azərbaycanımızın umummilli lideri, türk dünyasının görkəmli dövlət xadimi mərhum Heydər Əliyevin sözlərini xatırlatmaq istəyirəm: “Vətənpərvərlik insanın içdən gələn duyğusudur. Bu yoxdursa, o insan mənəviyyatsızdır”.
  İlham Əliyev Azərbaycanın bugünkü dövlət başçısıdır, xalqını təmsil etməkdədir.

  Sizə Mehmet Akif Ersoyun “Bayraqları bayraq yapan üstündəki qandır, torpaq əgər uğrunda ölən varsa, vətəndir” sözlərini də xatırladım.

  Gənclər dünyanın harasında təhsil alırsa, alsın, bitirdikdən sonra xarici ölkələrdə qazandıqları gözəl nümunələri öz məmləkətlərində tətbiq etsələr, öz Vətənlərinə böyük fayda vermiş olarlar. Oxuduqları ölkələrlə öz ölkələri arasında hər zaman canlı dostluq körpüsü rolunu oynayarlar ki, bu da xalqların, dövlətlərin bir-birinə yaxınlaşmasına yardım edər”.

  Hulusi Kılıç həmçinin bəzi beynəlxalq təşkilatların Azərbaycanla bağlı ikili standart siyasətini də kəskin qınayaraq dedi:

  “Can Azərbaycanımızın ərazi bütövlüyü mövzusunda kimin tərəddüdü varsa, Birləşmiş Millətlər Təşkilatının 4 qətnaməsinə, ATƏT-in qəbul etdiyi sənədlərə baxsın. Azərbaycanın torpaqları işğal altındadır. Ədalətin bərpa olunmasını - bu işgala ən qısa zamanda son verilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasını gözləyirik”.



Әlaqәli Xәbәrlәr