Azərbaycanın Aprel qaziləri Ankaradakı xəstəxanada müalicə olunur

Türkiyədəki azərbaycanlılar qəhrəmanları - Rembo ləqəbli Razi Cavadov və Qoşqar Hacıyevə baş çəkir.

893349
Azərbaycanın Aprel qaziləri Ankaradakı xəstəxanada müalicə olunur

  “Mən Qoşqara yayda yatdığı Gülhanə xəstəxanasında Nurlana ilə baş çəkmişdik. Həm Qoşqar sevinmişdi, həm də biz. Çünkü onlar nə qədər qardaş ölkədə olsa da, yenə qəribsəyirlər, çünki ailədən uzaqdadırlar, Türkiyədə müailicə alırlar. Bütün günü xəstəxana, həkim görürlər. Bizi görən kimi isə ən azı qısa müddətə də olsa, ağrılarını unudaraq əhval-ruhiyyələri bir az yaxşılaşır.”

  Bu sözləri Ankarada magistr təhsilini başa vurmuş Ləman Süleymanlı Əsgəri bizə - TRT/Azerbaycan saytına danışaraq dedi: “İnana bilməzsiniz, onların yanında olduğumuz anlar elə sürətlə gəlib-keçir ki. Biz onlara söz verdik ki, yenə gələcəyik. Aradan bir az keçəndən sonra İzmirdə yaşayan bir azərbaycanlı xanımın sayəsində bildik ki, Rembo ləqəbli Razi Cavadov da Ankaraya tibbi əməliyyata gəlib. Mən də sosial media qrupundan çağırış etdim. Səsimə Nurlana Bəhrəmli, Vəfa, Əhməd, Gülsüm, Aynur, Pərvin səs verdilər və beləliklə, toplaşıb getdik. Bizi görüb sevindilər, biz onlardan da çox. Az da olsa onlara mənəvi dəstək olmağa çalışırıq”.

  Ankaradakı xəstəxanada sözü gedən, müalicə alan, əməliyyata gələn xəstələr Azərbaycanın Aprel qəhrəmanları, qaziləridir.

  Hacıyev Qoşqar Zahid oğlu. O, Qarabağda gedən Aprel döyüşləri zamanı snayper atəşinə tutulub, sağ gözünü tamamilə itirib. Çox sayda əməliyyat Qoşqarın yalnız həyatda qalmasına kömək olub. Hal-hazırda başında çox qəlpə var. Güllələr başının sağ tərəfinin kəllə sümüyünü dəlib-dağıdıb və kəsilməsinə səbəb olub. Sinir damarları məcburən kəsildiyi üçün bədəninin sol tərəf tam hərəkətsiz hala düşüb. On bir aydır Türkiyədə müalicə alır. Bir ay bundan əvvəl başının kəllə sümüyü bərpa edilib.

  Ankara xəstəxanasında müalicə alan digər Aprel qazisi isə Razi Cavadovdur. Onun atası Vidadi də Qarabağ müharibəsində vuruşub. Razi də atası kimi uşaqlıqdan tank sürən olmaq istəmişdi və 2016-cı ildə Talış yüksəkliyi uğrunda gedən döyüşlərdə başından yaralandı. Raziyə dostları Rembo deyirlər. Qəlpə Razinin gözündən girib, başından çıxıb. O indi Gülhanədə əməliyyat olunmağı gözləyir.

  Razinin 3, Qoşqarın 1 övladı var.



Әlaqәli Xәbәrlәr