“Qətiyyətli dəstək” missiyasında Azərbaycan sülhməramlılarının sayı artırılıb

NATO-nun Əfqanıstandakı “Qətiyyətli dəstək” missiyasında Azərbaycan sülhməramlılarının sayı artırılıb.

884887
“Qətiyyətli dəstək” missiyasında Azərbaycan sülhməramlılarının sayı artırılıb

NATO-nun “Qətiyyətli dəstək” missiyasının tərkibində fəaliyyət göstərmək məqsədilə Azərbaycan Ordusunun 70 nəfər sülhməramlısı yanvarın 9-da plana uyğun olaraq rotasiya qaydasında Əfqanıstana yola salınıb.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına əsasən, bu ölkədə sabitliyin və təhlükəsizliyin təmin olunmasının vacibliyini nəzərə alaraq NATO Əfqanıstanda həyata keçirilən “Qətiyyətli dəstək” missiyasında qüvvələrin sayının artırılması ilə bağlı Alyansa üzv olan və tərəfdaş ölkələrə müraciət edib.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev 2017-ci il noyabrın 23-də NATO-nun Brüssel şəhərindəki mənzil-qərargahında çıxışı zamanı 2018-ci ildən etibarən Azərbaycan sülhməramlılarının sayının artırılacağını bildirmişdi. Bu məqsədlə Milli Məclis 2017-ci il dekabrın 29-da “Azərbaycan Respublikası Silahlı Qüvvələri taqımlarının Türkiyə Cümhuriyyəti Silahlı Qüvvələrinin taboru tərkibində və NATO strukturlarının ümumi komandanlığı altında Əfqanıstanda yerləşdirilməsinə və müvafiq əməliyyatlarda iştirak etməsinə razılıq verilməsi haqqında” qərarda dəyişikliklər edib. Azərbaycan sülhməramlı kontingentinin sayının artırılması ilə bağlı Müdafiə Nazirliyi tərəfindən müvafiq dövlət qurumları, eləcə də NATO komandanlığı ilə əlaqəli şəkildə prosedurlar yerinə yetirilib.

Beləliklə, beynəlxalq sülhün təmin edilməsi və tərəfdaşlara dəstək məqsədilə 2018-ci ildən etibarən “Qətiyyətli dəstək” missiyasının müxtəlif qərargahlarında 6 Azərbaycan zabiti, eləcə də 2 hərbi həkim olmaqla sülhməramlılarımızın sayı 94-dən 120-dək artırılıb.

Mənbə:azertag.az



Әlaqәli Xәbәrlәr