Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sessiyada çıxış etdi

Sentyabrın 10-da Qazaxıstanın paytaxtı Astanada İslam Əməkdaşlıq Təşkilatının (İƏT) elm və texnologiya üzrə birinci Sammiti işə başlayıb.

804486
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sessiyada çıxış etdi

Sentyabrın 10-da Qazaxıstanın paytaxtı Astanada İslam Əməkdaşlıq Təşkilatının (İƏT) elm və texnologiya üzrə birinci Sammiti işə başlayıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sammitdə iştirak edib.

Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Azərbaycan Prezidenti İlham Əliyevi, digər dövlət və hökumət başçılarını qarşılayıb.

Sonra birgə foto çəkdirilib.

Sammit müqəddəs “Qurani-Kərim”dən ayələrin oxunması ilə başlayıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də Sammitdə sessiyasında öz növbəsində çıxış etmişdir.

Əliyev çıxışı zamanı deyib: Qazaxıstan torpağında yenidən olmağımdan çox məmnunam. İslam Əməkdaşlıq Təşkilatının (İƏT) elm və texnologiya üzrə birinci Sammitinin keçirilməsini yüksək qiymətləndirirəm.

Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatının fəal üzvü olduğunu vurğulayan Əliyev bildirib ki, son bir neçə ildə Azərbaycanda İƏT-ə üzv ölkələrin xarici işlər, mədəniyyət, turizm, təhsil, əmək və digər nazirlərinin 10-a yaxın görüşü keçirilmişdir. Azərbaycan təşkilata üzv ölkələrlə həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlar çərçivəsində fəal əməkdaşlıq edir. Azərbaycan üzv olduğu beynəlxalq təşkilatlarda müsəlman ölkələrini daim dəstəkləyir. İƏT də öz növbəsində Azərbaycana böyük dəstək göstərir və apardığı siyasətə yüksək qiymət verir. İƏT daim Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı çərçivəsində həllini dəstəkləyən ədalətli mövqe nümayiş etdirib və Azərbaycanın ədalətli mövqeyini əks etdirən bir çox qətnamələr qəbul edib.

"Keçən il İslam Əməkdaşlıq Təşkilatının Türkiyədə keçirilmiş Zirvə görüşündə Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə əlaqədar Təmas Qrupu yaradılmışdır. Biz bu qərarı çox yüksək qiymətləndiririk və bu ədalətli mövqeyə görə İƏT-ə və onun üzvlərinə təşəkkürümüzü bildiririk. BMT Təhlükəsizlik Şurası münaqişə ilə bağlı dörd qətnamə qəbul edib. Bu qətnamələrdə Ermənistan silahlı qüvvələrinin işğal edilmiş torpaqlardan dərhal və qeyd-şərtsiz çıxarılması tələb olunur. Ermənistan bu qətnamələri icra etmir və buna görə onlara qarşı sanksiyalar tətbiq olunmur. Bu, ikili standartlardır. Ermənistan 25 ildən çoxdur ki, Azərbaycanın əzəli, tarixi torpağı olan Dağlıq Qarabağı və digər yeddi rayonumuzu işğal edib. Bu təcavüz nəticəsində torpaqlarımızın 20 faizi işğal altına düşüb, bir milyondan artıq azərbaycanlı öz doğma torpağında qaçqın və köçkün vəziyyətində yaşayır. Ermənilər xalqımıza qarşı etnik təmizləmə siyasəti aparmışlar, Ermənistan hərbi cinayətlər törətmişdir. Azərbaycan İslam həmrəyliyi işinə böyük töhfə verir. Biz dünyanın müxtəlif bölgələrində baş qaldıran islamofobiyaya qarşı fəal mübarizə aparırıq. Biz müsəlmanlara qarşı törədilən cinayətləri, xüsusilə də son vaxtlar Myanmada Rohingiya müsəlmanlarına qarşı həyata keçirilən qətliam və kütləvi zorakılıq hallarını qətiyyətlə pisləyirik. Biz beynəlxalq təşkilatları, dünya ictimaiyyətini, siyasi və dini liderləri Myanmada baş verən hadisələrin qarşısının alınması üçün zəruri addımlar atmağa çağırırıq. Yeri gəlmişkən, bildirmək istəyirəm ki, sentyabrın 8-də Azərbaycan Rohingiya qaçqınlarına humanitar yardım - 100 ton ərzaq məhsulu göndərmişdir"-deyə Azərbaycan prezidenti dilə gətirib.

Qeyd edək ki, İslam Əməkdaşlıq Təşkilatının elm və texnologiya üzrə birinci Sammiti Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin ötən ilin aprelində İƏT-in İstanbulda keçirilən XIII Zirvə toplantısında irəli sürdüyü təşəbbüsə əsasən təşkil olunub.

İƏT-in elm və texnologiya üzrə birinci Sammitində təşkilata üzv olan 57 ölkənin dövlət və hökumət başçıları, elm və texnologiya məsələləri üzrə məsul nazirlər, müşahidəçi ölkələrdən, eləcə də beynəlxalq təşkilatlardan 80-dək nümayəndə heyəti iştirak edir.



Әlaqәli Xәbәrlәr