Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 99-cu ildönümü tamam olur

1918-ci il iyunun 26-da Azərbaycan Demokratik Respublikası Nazirlər Şurasının qərarı ilə ilk müntəzəm hərbi hissə – əlahiddə Azərbaycan korpusu yaradılıb.

759699
Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 99-cu ildönümü tamam olur

Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 99-cu ildönümü tamam olur.

1918-ci il iyunun 26-da Azərbaycan Demokratik Respublikası Nazirlər Şurasının qərarı ilə ilk müntəzəm hərbi hissə – əlahiddə Azərbaycan korpusu yaradılıb. Həmin il mayın 28-də qəbul edilmiş "İstiqlal bəyannaməsi"ndə qeyd edilirdi ki, Azərbaycan özünü xarici müdaxilələrdən müdafiə etmək, daxili düşmən qüvvələrini zərərsizləşdirmək üçün nizami orduya malik olmalı, özünün silahlı qüvvələrini yaratmalıdır. Hökumət tərəfindən 25 min nəfərlik ordu yaratmaq vəzifəsi irəli sürüldü. Avqustun 1-də Azərbaycanın Hərb Nazirliyi təsis olundu, ilk müdafiə naziri isə Xosrov bəy Sultanov təyin edildi.

Azərbaycanda ilk hərbi parad 1919-cu ildə Bakıda indiki Muzey mərkəzinin yerləşdiyi ərazidə keçirilib. Qısa müddətdə Milli Ordu Osmanlı dövlətinin Qafqaz İslam Ordusu ilə birlikdə Bakını və ətraf qəzaları erməni-bolşevik işğalından azad edə bilmişdi.

1920-ci ildə Azərbaycan sovet Rusiyası tərəfindən işğal edildikdən sonra hərbi nazirlik ləğv olundu, Azərbaycan ordusunun 15 generalı bolşeviklər tərəfindən güllələndi.

1991-ci ildə dövlət müstəqilliyinin bərpasından sonra Azərbaycan ordusunun yaradılması haqqında qərar qəbul edildi. Ulu öndər Heydər Əliyevin 22 may 1998-ci il tarixli qərarına əsasən, 26 iyun Silahlı Qüvvələr Günü elan olundu. 2011-ci il iyunun 26-da Bakıda Silahlı Qüvvələrin Ali Baş Komandanı Prezident İlham Əliyev iştirakı ilə Silahlı Qüvvələr Günü və müstəqilliyin bərpasının 20 illiyi münasibətilə müasir Azərbaycan Ordusunun hərbi paradı keçirildi. Növbəti hərbi parad 2013-cü ildə Silahlı Qüvvələr Gününün yaranmasının 95 illiyinə həsr edildi.

Son illər ərzində Azərbaycan hərbi potensialını xeyli artırıb. Azərbaycana  ən müasir silah-sursat, texnika, avadanlıq gətirilib. Hazırda maddi-texniki təchizat və döyüş qabiliyyəti baxımından Azərbaycan Silahlı Qüvvələri Cənubi Qafqazın ən güclü ordusudur. Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycanda hərbi sənaye kompleksi yaradılıb. Azərbaycanda minə yaxın adda hərbi təyinatlı məhsul istehsal edilir. Dünyanın aparıcı beynəlxalq sərgilərində Azərbaycanın hərbi məhsulları nümayiş olunur.

Mənbə: AZƏRTAC

 



Әlaqәli Xәbәrlәr