"Varlığ"ın 38 yaşı və Ankarada Türkoloji Günü Konfransı

Güney Azərbaycanın “Varlıq” dərgisinin ilk sayının çıxdığı 5 may tarixi həm də 2011-ci ildən Türkiyədə Türkoloji Günü kimi qeyd edilir.

728670
"Varlığ"ın 38 yaşı və Ankarada Türkoloji Günü Konfransı

  Türkcənin varlığı üçün Ankarada keçirilən VII Türkoloji Günü Konfransıyla yanaşı Güney Azərbaycanın “Varlıq” jurnalının da 38 yaşı qeyd olundu.

  “Varlıq” dərgisinin ilk sayının çıxdığı 5 may tarixi həm də 2011-ci ildən Türkiyədə Türkoloji Günü kimi qeyd edilir. Belə ki, hər il may ayının ilk həftəsi Ankara Universiteti Müasir Türk Ləhcələri və Ədəbiyyatı Fakültəsi tərəfindən təşkil edilən Türkoloji Günü Konfransı bu il də müxtəlif türk soylu alim və tələbələri Dil və Tarix-Coğrafiya Fakültəsinin Muzaffer Göker salonunda bir araya topladı.  

  İlk olaraq tədbirin təşkilatçısı, universitetin müəllimi M.Rza Heyət, kafedra müdiri, professor Sema Barutcu Özönder və dekan, professor İhsan Çiçek çıxış etdilər.

  M.Rza Heyət çıxışında 2017-ci ilin Türk Dili İli elan edildiyinə toxundu, “Varlıq” jurnalının nadir xidmətləri və bu münasibətlə hər il təşkil edilən Türkoloji Gününün əhəmiyyətindən bəhs etdi, bu günün Türkiyənin rəsmi təqviminə keçirilməsi üçün təklif verdi.

  Professor Sema Barutcu Özönder də “Varlıq” jurnalının İranda Azərbaycan türkcəsinin varlığı üçün verdiyi mücadiləyə diqqət çəkdi, Türkologiya Günü Konfransının 7 ildir hər il daha geniş tərkibdə keçirildiyini söylədi.

  Professor İhsan Çiçek isə türkologiya sahəsində belə yığıncaqların sayının artırılması üçün dekanlığın hər cür dəstəyə və əməkdaşlığa hazır olduğunu bildirdi.

  Sonra Azərbaycanlı professor Nəsib Nəsiblinin başçılığı ilə mərhum professor Tofiq Hacıyev adına birinci iclas keçirildi. İclasda disertant Qamze Çimen "Qazaxıstan respublikasında müstəqillikdən sonrakı (1991-2017) dil planlaması", aspirant Nazgul Kadirova "Türkiyə türkcəsini anlama və öyrənmə: 2010-cu ildən bəri Ankarada yaşayan qırğız türkcəsi”, aspirant Sevinc Musayeva "Azərbaycan türklərinin sosial şəbəkələrdə dili” mövzularında məruzələrini təqdim etdilər.

  Sonra mərhum professor Cihat Özönder adına ikinci iclas keçirildi.

  Konfrans ənənəvi olaraq "Türk dünyasından ezgiler" hissəsilə, Akdeniz Erbaşın ifasında Altay nəğmələrilə sona çatdı.



Әlaqәli Xәbәrlәr