Çikaqoda Xocalı soyqırımının 25-ci ildönümü anılıb

Hər il olduğu kimi bu il də ABŞ-ın ən böyük şəhərlərindən və qabaqcıl mədəniyyət mərkəzlərindən biri olan Çikaqoda Xocalı soyqırımı qurbanlarının anım mərasimi keçirilib.

675644
Çikaqoda  Xocalı soyqırımının 25-ci ildönümü anılıb

Hər il olduğu kimi bu il də ABŞ-ın ən böyük şəhərlərindən və qabaqcıl mədəniyyət mərkəzlərindən biri olan Çikaqoda Xocalı soyqırımı qurbanlarının anım mərasimi keçirilib. Tədbirdə əsasən Azərbaycan diasporunun üzvləri, yerli sakinlər, Çikaqoda beynəlxalq hüquq sahəsində çalışan mütəxəssislər, eləcə də tələbələr iştirak ediblər.

Anım mərasimində Çikaqo şəhərində Amerikanın Orta Qərb Ştatları üzrə Azərbaycan Mərkəzinin (Azerbaijani Center of Midwest America) sədri Mehriban Məmmədova və Azərbaycan icmasının digər fəal üzvləri çıxış edərək Xocalı faciəsi barədə fikirlərini bölüşüblər. Natiqlər Xocalı həqiqətlərinin təhrif olunmasına yönəlmiş səylərin qarşısını almaq üçün dünya ictimaiyyətinin qərəzsiz və müfəssəl məlumatlarla təmin edilməsində Azərbaycanın xaricdəki diaspora təşkilatlarının üzərinə düşən vəzifələrdən danışıblar.

Tədbirdə iştirak edən Azərbaycanın ABŞ-dakı səfirliyinin əməkdaşı Azad Aslanov təqdimatla çıxış edib. Bu təqdimatda Ermənistanın Azərbaycana qarşı təcavüzü və onun nəticələri, bu təcavüz aktı zamanı Xocalı soyqırımının törədilməsi və onun dünya mediasında geniş işıqlandırılması, Xocalıda törədilən əməllərə hüquqi qiymət və cinayətkarların cəzalandırılması zərurəti, həmçinin soyqırımın dünya birliyi tərəfindən daha geniş tanınmasının regionda sülhün bərqərar olunması üçün əhəmiyyəti kimi məsələlər barədə iştirakçılara geniş məlumat verilib.

Tədbirin ikinci hissəsində “Sonsuz Dəhliz” (“Endless Corridor”) sənədli filminin təqdimatı keçirilib. Filmin təqdimatı Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə start verilmiş və hər il dünyanın müxtəlif yerlərində təbliğat-təşviqat tədbirlərini keçirən “Xocalıya ədalət!” kampaniyası çərçivəsində və Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) dəstəyi ilə təşkil edilib.

"Sonsuz dəhliz” filmi prodüserlər Aleksandras Brokas (Litva) və nüfuzlu “Grammy Award” mükafatçısı Cerald Rafşun (ABŞ) tərəfindən çəkilib. Film britaniyalı aktyor, BAFTA mükafatçısı Ceremi Ayronz tərəfindən səsləndirilib.

Film Xocalı dəhşətlərinin şahidi olan litvalı jurnalist Riçard Lapaitisin faciədən 20 il sonra yenidən Azərbaycana gələrək qətliamdan xilas olmuş hadisə şahidləri ilə görüşlərində lentə alınmış xatirələri və Ermənistan tərəfindən faciənin təşkilində birbaşa iştirak etmiş şəxslərlə müsahibəsi əsasında qurulub.

Qeyd edək ki, Amerikanın Orta Qərb Ştatları üzrə Azərbaycan Mərkəzi 2015-ci ilin aprel ayında ABŞ-ın İllinoys ştatının Azərbaycan icması üzvləri tərəfindən təsis olunub.

Mənbə: AZƏRTAC



Әlaqәli Xәbәrlәr