Güney Azərbaycan üçün Ana Dili dərsliyi hazırlandı

İran İslam Respublikasında Azərbaycan əyalətlərində ibtidai təhsil üçün 6 siniflik Ana Dili dərsliyi hazırlandı.

643977
Güney Azərbaycan üçün Ana Dili dərsliyi hazırlandı

  Bu barədə İranın rəsmi saytları və dünyanın ayrı-ayrı ölkələrində fəaliyyət göstərən Güney Azərbaycan saytları məlumat verib, şərhlər yazıb.  

  1945-1946-cı illərdən – Azərbaycan Demokratik Firqəsindən sonra ilk dəfədir ki, mövcud hakimiyyət İrandakı türklərin milli iradəsi qarşısında Azərbaycan türkcəsində dərs keçilməsinə razılıq verib. Bu nəticəni almaq üçün İrandakı Azərbaycan türklərinin dirənişi nə az, nə çox - düz 70 il sürüb.

  Tədris olunacaq Azərbaycan türkcəsində ibtidai təhsil dərsliyi Ana Dili adlanır.

  Artıq ilk olaraq İran Milli Təhsil Nazirliyi Zəncan Əyaləti Müdirliyinin “Türkcənin ibtidai məktəblərdə öyrədilməsi” çərçivəsində hazırladığı Ana Dili dərsliyi yayınlanıb. Yeni tədris-təlim ilindən (2017-2018) etibarən məktəblərə paylanacaq dərslik Azərbaycan türkləri yaşayan bütün ibtidai siniflərdə keçiləcək.

  İranda ərəb əlifbasında Təbriz şivəsi əsasında Azərbaycan türkcəsində çıxan bu Ana Dili dərsliyi 100 səhifədən ibarətdir. Məlumata görə, kitabda Türkiyə Dil Qurumunun məsləhət gördüyü ümumtürk sözlərinin işlənilməsi əsas götürülüb. Dərslikdə məzhəb fərqi olmadan Əmir Teymur, Nəsimi, Mövlana, Fizuli, Babək, Bulut Karaçörlü (Səhənd) və digər türk soylu böyük şəxsiyyətlərə yer veriləcək.

  Bunu da qeyd edək ki, Ana Dili dəsrliyinə istər Azərbaycan Respublikası, istərsə də İrandakı Azərbaycan əyalətlərində münasibət birmənalı deyil. Bir qisim Şimali Azərbaycan mətbuat oqranları və sosial media şəbəkələri: “İllərdir Azərbaycan türkcəsi latın əlifbası və bəlli dil qanunları (qrammatika) ilə öyrədilir. Dil bir olduğu üçün əlifbası və qrammatikası da bir olmalıdır” deyə yazır.

  Bir qrup Güney Azərbaycan ziyalısı isə Quzey Azərbaycan türkcəsinə rus və Avropa mənşəli sözlərin qarışdığını, ərəb və fars mənşəli sözlərin isə mənasına görə işlənmədiyini səbəb gətirərək Təbriz şivəsini etalon kimi seçdiklərini bildirir, eyni zamanda, uzun illərdən sonra İran hökumətinin, ərəb əlifbasında olsa belə, Azərbaycan türkcəsində təhsil vermə təşəbbüsünü təqdir olunan qəbul etdiklərini söyləyir.      



Әlaqәli Xәbәrlәr