“Bu məsələdə xristian təəssübkeşliyi də özünü göstərir”, İ.Çiftçi

Azərbaycanın paytaxtı Bakıda ölkənin ilk univsersiteti olan Bakı Dövlət Universitetində (BDU) “Beynəlxalq mediada Azərbaycan mövzusu: reallıqlar, perspektivlər” adlı konfrans keçirilib.

597427
“Bu məsələdə xristian təəssübkeşliyi də özünü göstərir”, İ.Çiftçi

  “525-ci qəzet”in yazdığına görə, “Ulus” Fondunun Bakı Dövlət Universiteti Jurnalistika fakültəsi ilə birgə təşkil etdiyi tədbiri giriş sözü ilə açan rektor, akademik Abel Məhərrəmov beynəlxalq mediada ölkəmizin maraqlarının müdafiəsindən, Azərbaycanın milli-mənəvi dəyərlərinin, dövlətçilik prinsiplərinin geniş media sferasında işıqlandırılmasının əhəmiyyətindən bəhs edib.

  BDU-nun Jurnalistika fakültəsinin dekanı, professor Cahangir Məmmədli dövlətlərarası münasibətlərin yaxşılaşdırılmasında medianın rolu və Azərbaycan mövzusunun işıqlandırılması məsələlərindən danışıb. Bildirib ki, vahid informasiya məkanında Azərbaycan reallıqlarının beynəlxalq ictimaiyyətə çatdırılması, Dağlıq Qarabağ probleminin xarici mətbuatda işıqlandırılması ölkə mediasının prioritetlərindəndir.

  Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, İstanbul Şehir Universiteti Beynəlxalq Əlaqələr fakültəsinin müəllimi, dosent, yazıçı və şair İrfan Çiftçi və digərləri çıxış edərək Azərbaycan həqiqətlərinin beynəlxalq mediada işıqlandırılmasının vacibliyindən söz açıblar. 

  Qeyd edək ki, iki gün davam edən konfransda MDB ölkələrindən, o cümlədən Türkiyə və İrandan media nümayəndələri iştirak edib.

  Tədbirdən sonra İstanbul Şehir Universiteti Beynəlxalq Əlaqələr fakültəsinin müəllimi, dosent, yazıçı və şair İrfan Çiftçi fikirlərini media üzərindən paylaşaraq deyib: “Ermənilər dünyada istər Dağlıq Qarabağ münaqişəsi, istərsə də, saxta soyqırımla bağlı həqiqəti əks etdirməyən təbliğatla məşğul olurlar. Burada xristian təəssübkeşliyi özünü göstərir. Qərb dövlətləri dini nöqteyi nəzərdən Ermənistanı özlərinə yaxın hesab edir. Ona görə də, Qərb və onun mediası Türk dünyasına qarşı ədalətli deyil. Bunun acı nəticəsi olaraq biz bir çox hallarda hər iki məsələyə ədalətli mövqe qazandıra bilmirik. Həm də unutmamaq lazımdır ki, erməni lobbisi 100 ildir fəaliyyət göstərir. Lakin Türkiyə diaspor fəaliyyətinə 40 il, Azərbaycan isə cəmi 20 il bundan əvvəl başlayıb. Bizim birgə görüləsi işlərimiz hələ çoxdur. Əlbəttə, hər iki məsələ ilə bağlı yetəri qədər sübut və dəlillərimiz var. Ancaq Qərbin ikili standartlar siyasəti özünü göstərir. Bütün bunlara baxmayaraq həm Türkiyə, həm də Azərbaycan bütün gücünü səfərbər edib əsl həqiqətləri daha böyük auditoriyalara çatdırmağa çalışmalıdır. Burada medianın da üzərinə böyük məsuliyyət düşür”.



Әlaqәli Xәbәrlәr