Parisdə “Azərbaycan şəhərciyi”

“Azərbaycan şəhərciyi” sentyabrın 25-dək davam edəcək

573844
Parisdə “Azərbaycan şəhərciyi”

  Sentyabrın 19-da Azərbaycan Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Parisdə “Azərbaycan şəhərciyi”nin rəsmi açılışı olub.

  Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tədbirdə iştirak və çıxış edib.

  AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, paytaxt Parisdə, Eyfel qülləsinin yanındakı Jofr meydanında təşkil olunan “Azərbaycan şəhərciyi”nin rəsmi açılış mərasiminə həmçinin Fransanın tanınmış ictimai-siyasi xadimləri qatılıblar.

  “Azərbaycan şəhərciyi”nin açıldığı Parisin 7-ci rayonunun meri Raşida Dati mərasimdə çıxış edib. Bu şəhərcik vasitəsilə fransızların ölkəmiz haqqında daha çox məlumat əldə edəcəklərinə ümidvar olduğunu deyən Raşida Dati Azərbaycanın mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etməsindən, ölkələrimiz arasındakı münasibətlərin inkişafından, Azərbaycanın qədim tarixə malik müasir ölkə olmasından danışıb.

  Sonra Fransada Azərbaycanın Dostları Assosiasiyasının prezidenti Jan Fransua Mansel çıxış edərək vurğulayıb ki, bu tədbir bütün Paris sakinlərinin diqqətini cəlb edib. J.F.Mansel Azərbaycanın bütün dünya üçün tolerantlıq nümunəsi olduğunu diqqətə çatdırıb. 

  “Azərbaycan mətbəx mədəniyyəti” kitabının müəllifi, Fransada yaşayan tanınmış amerikalı fotoqraf Peter Lippmann da tədbirdə çıxış edib.

  Sonra “Azərbaycan şəhərciyi” ilə tanışlıq başlayıb. Şəhərcikdə təşkil olunan xalq sənətkarlıq emalatxanalarında xalçaçılıq, misgərlik və şəbəkə, taxta üzərində oyma, dulusçuluq, kəlağayı və digər sənət nümunələrinin yaradılması prosesi ilə yaxından tanış olmaq mümkündür.

  Şəhərcikdə daha bir yenilik isə “Uşaq zonası”dır. Kukla teatrı, emalatxana və istirahət zonasından ibarət hissədə xalq nağılları əsasında kuklalarla qurulmuş səhnəciklər göstərilir.

  Muzey bölməsində “Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri” layihəsi çərçivəsində ölkəmizin qədim və zəngin tarixinə, mədəniyyətinə dair eksponatlar, o cümlədən misgərlik məmulatları, milli geyimlər, musiqi alətləri, xalçalarımız və digər sənət nümunələri sərgilənir.

  “İçərişəhər Ənənəvi İncəsənət Mərkəzi” bölməsində Mərkəzin yetirmələri tərəfindən yaradılmış əsərlər - batika, keramika, zərgərlik və taxta üzərində oyma nümayiş olunur.

  Şəhərcikdə ilk dəfə olaraq həm də “Turizm Mərkəzi” layihəsi təqdim olunur. Burada Azərbaycanın turizm bölgələri və marşrutları barədə ətraflı məlumat verilir.

  Tədbir çərçivəsində Heydər Əliyev Fondunun daha bir yeni nəşri - “Azərbaycan mətbəx mədəniyyəti” adlı kitabının təqdimatı da olub, ölkənin zəngin mətbəx mədəniyyəti barədə ətraflı məlumat verilib.

  Bu dəfə “Azərbaycan şəhərciyi”ndə ilk dəfə olaraq “Qız qalası” beynəlxalq incəsənət festivalı da təşkil olunub. Festival 2013-cü ildə Kann şəhərindən sonra ikinci dəfədir ki, Azərbaycandan kənarda keçirilir. Bu dəfə 4 fransız və 2 azərbaycanlı rəssamın əl işi olan “Qız qalası” maketləri sərgilənir.

  Şəhərcikdə qonaqlara Azərbaycanın ilk rəsmi hədiyyə və suvenir brendi olan “I Love Baku” stendi də təqdim edilir.

  Azərbaycan mətbəxinin təbliğ olunduğu hissə də böyük maraqla qarşılanır. Burada milli mətbəximizin təamlarının hazırlanması nümayiş olunur.

  Azərbaycan Dövlət rəqs ansamblının çıxışı böyük maraqla qarşılanıb.

  Şəhərcikdə fəaliyyət göstərən restoranda isə Azərbaycan milli mətbəxinin bir-birindən dadlı təamları təqdim edilir.

  Şəhərcikdə İçərişəhərin maketi də qoyulub. Bu maket sərgi iştirakçılarına İçərişəhərlə vizual tanış olmağa şərait yaradır.

  Qeyd edək ki, 2014-cü ildən etibarən artıq üçüncü ildir reallaşdırılan bu layihə Fransa sakinləri və turistlər arasında böyük maraq doğurduğundan bu dəfə “Azərbaycan şəhərciyi”nin konsepsiyası genişləndirilib. Sentyabrın 17-dən fəaliyyətə başlayan “Azərbaycan şəhərciyi” sentyabrın 25-dək davam edəcək.



Әlaqәli Xәbәrlәr