İlham Əliyev Con Kerri ilə görüşdü

Azərbaycan prezidenti İlham Əliyev martın 30-da Vaşinqtonda Amerika Birləşmiş Ştatlarının dövlət katibi Con Kerri ilə biir araya gəldi.

461906
İlham Əliyev Con Kerri ilə görüşdü

Görüşdən əvvəl ABŞ dövlət katibi Con Kerri və prezident İlham Əliyev mətbuata bəyanatlarla çıxış etdilər.

Görüşdə ABŞ-ın dövlət katibi Birləşmiş Ştatların Azərbaycan ilə güclü və uzunmüddətli əməkdaşlığın daha da inkişaf etdirilməsində maraqlı olduğunu bildirdi. O, Azərbaycanda gedən iqtisadi islahatlar, iqtisadiyyatın şaxələndirilməsi proseslərinin ABŞ-da maraqla izlənildiyini vurğuladı.

Azərbaycan prezidenti də, öz növbəsində, Azərbaycanda iqtisadi sahədə görülən işlərdən, əsas iqtisadi prioritetlər-kənd təsərrüfatı, informasiya-kommunikasiya texnologiyaları, vergi və gömrük, infrastruktur sahələrində həyata keçirilən islahatlardan danışdı. Dövlət başçısı iqtisadi inkişafın qanunvericilik proseslərində Azərbaycanın beynəlxalq təşkilatlar ilə sıx əməkdaşlıq etdiyini diqqətə çatdırdı.

Söhbət zamanı Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təminində rolu qeyd edildi, ABŞ-ın bu işdə ölkəmizə verdiyi dəstək yüksək qiymətləndirildi, “Cənub Qaz Dəhlizi" layihəsinin önəmi vurğulandı.

Prezident İlham Əliyev dünyada neftin qiymətinin aşağı düşməsinə baxmayaraq, Azərbaycanda əsas iqtisadi parametrlərin qorunub saxlanıldığını və iqtisadiyyatın yaxşı vəziyyətdə olduğunu bildirdi. Dövlət başçısı neftin qiymətinin düşməsi fonunda Azərbaycanda büdcə sistemenin möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atıldığını vurğuladı.

Görüşdə ABŞ şirkətlərinin Azərbaycanda daha fəal iştirakının və onların ölkəmizə investisiya qoymasında qarşılıqlı marağın olduğu qeyd edildi.

Con Kerri terrorizmə qarşı mübarizə və Dağlıq Qarabağ münaqişənin sülh yolu ilə həlli barədə: “Biz donmuş münaqişə olan Dağlıq Qarabağ münaqişəsinin nəyahət öz həllini tapmasını görmək istəyirik. Bu münaqişənin həlli üçün danışıqlar aparılmalıdır. Bu məsələ vaxt ötdükcə öz həllini tapmalıdır" dedi.



Әlaqәli Xәbәrlәr