Tarixdə bu gün: 1 avqust

Tarixin bu günü harada nələr baş verib, kimlər xatırlanır? Qısaca məlumat verək.

1463799
Tarixdə bu gün: 1 avqust

***

  1 avqust İsveçrənin Müstəqillik günüdür. Mərkəzi Avropada yerləşən bu ölkə 1291-ci ildən suveren dövlət kimi mövcuddur.              

***

  1571-ci ilin 1 avqustunda Lala Mustafa Paşa əmrindəki Osmanlı ordusu Venesiyanın idarəsi altında olan Kipr adasını fəth etdi. Ada təxminən 300 il boyu Osmanlı imperatorluğunun tərkibində qaldı.

***

  1 avqust 1902-ci ildə Amerika Birləşmiş Ştatları Panama kanalının haqqlarını Fransadan satın alaraq inşaata başladı.

***

  1936-cı il avqustun 1-də Berlin Olimpiadası Adolf Hitlerin iştirakıyla olan mərasimlə başladı.

  Həmin il amerikalı zənci atlet Cessi Ouens (Jesse Owens) oyunlarda 4 qızıl medal qazanaraq rekord qırdı.

***

  1 avqust Benin Xalq Respublikasının milli bayramıdır.

  Afrikanın qərbində, Qvineya körfəzi sahillərində yerləşən bu ölkə 1960-cı ilin bu günü istiqlaliyyətini bəyan edib.   

***

  1975-ci ilin 1 avqustunda Helsinkidə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Məclisinin yekun aktı imzalandı. Beləliklə, beynəlxalq miqyasda daha bir təşkilat yarandı.

  Hazırda ATƏT – yəni Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı adlanan bu qurumun Minsk qrupu Ermənistan-Azərbaycan – Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində vasitəçi rolu öz üzərinə götürüb.

  Azərbaycan ATƏT-ə 1992-ci il iyunun 10-da daxil olub.

***                  

  Azərbyacan prezidenti Heydər Əliyevin imzaladığı 9 avqust 2001-ci il tarixli 552 nömrəli fərmanla hər il 1 avqust ölkədə Azərbaycan Əlifbası və Azərbaycan Dili günü olaraq qeyd edilir. Məhz həmin vaxtdan respublikanın bütün idarə və təşkilatlarında, o cümlədən mətbuatda latın qrafikalı Azərbaycan əlifbası işlənir.

***

1 avqustda həm də bu tarixi şəxsiyyətlər xatırlanır

  Məşhur fransız təbiətşünası Jan Batist Lamark 1744-cü ilin bu günü anadan olub.

  Paris Elmlər Akademiyasının üzvü olan Lamarkın 1778-ci ildə Fransa florasına dair 3 cildlik əsəri çapdan çıxıb, 1793-cü ildə onun təklifi ilə Kral Botanika bağı Təbiət Tarixi Muzeyinə çevrilib.

  İlk dəfə Lamark heyvanlar ailəmini onurğalılar və onurğasızlar qruplarına bölüb.

  Jan Batist Lamark həmçinin geologiya, hidrologiya və meterologiyaya dair kitabların müəllifidir. (1744-1829)

***

  1 avqust tanınmış Azərbaycan yazıçısı Seyid Hüseynin xatirə günüdür. O, Bakıda Rus-Müsəlman Məktəbini bitirdikdən sonra “Təzə həyat” və “Kaspi” qəzetlərinin mətbəələrində mürəttiblik edib, “Bəhlul”, “Kəlniyyət” jurnallarını buraxıb, “İqbal” qəzetinin baş redaktoru olub, bir sıra kitabları çıxıb.

  Seyid Hüseyn 1938-ci il repressiya qurbanı olub və güllələnib. (1887-1938)

***

  1 avqust tanınmış Azərbaycan bəstəkarı Qəmbər Hüseynlinin xatirə günüdür.

  Mahnı və romansları lirizmi, milli musiqi və poeziya ilə üzvi əlaqəsi, yeni intonasiyaları ilə fərqlənən Qəmbər Hüseynlinin “Cücələrim” mahnısı dünya sərhədlərini aşaraq məşhurlaşıb və bu gün də sevilərək oxunur. (1916-1961)

***



Әlaqәli Xәbәrlәr