Tarixdə bu gün: 20 mart

Tarixin bu günü harada nələr baş verib, kimlər xatırlanır? Qısaca nəzər salaq.

1378524
Tarixdə bu gün: 20 mart

***

 

  Bu gün Şərqin Yeni ili olan Novruz bayramıdır. (Novruz farsca "yeni gün" mənasındadır.)

  Şəmsi təqvimi ilə yeni ilin başlanması günü olan bu bayram yazda gecə ilə gündüzün bərabər olduğu günə təsadüf edir.

  Novruzun gəlişi baharın gəlişi deməkdir. Təbiətin oyanması, hər yerin yaşıllaşması, ağacların tumurcuqlaması, təbiətin öz yaşıl libasını geynməsi kimi bədii-poetik ifadələrlə vəsf edirik bu təmtəraqı.

  Novruz bayramı əsrlərin dərinliyindən gəlib bizim günlərə çıxmış ən şən və gözəl, nikbin bayramlardan biridir. Mart ayının 20-21-22, nadir hallarda 23-nə düşən Novruz bayramı bir çox türkdilli və müsəlman ölkələrində, o cümlədən Orta Asiya respublikalarında və Azərbaycanda qeyd edilir.

  Novruz bayramı birlik, qardaşlıq bayramı, xalq şənliyidir.

  Qədim dövrlərdən bəri xalqımız Novruzu yeni ilin başlanğıcı hesab etmiş, onu bolluq, bərəkət və firavanlığın əzəli kimi rəmziləşdirmişdir.

 

***

  1792-ci ilin 20 martında Fransa parlamenti gilyotinlə edam cəzasını təsdiq etdi.

  Fransız həkim və ixtiraçı Jozef İqnas Gilyotinin (Joseph İgnace Guillotin) adı ilə bağlı olan gilyotin ilk dəfə həmin ilin 25 aprelində istifadə olundu.

***

 

 

 

  Fransa imperatoru Napoleon Bonapart sürgün edildiyi Elba adasından qaçdıqdan az sonra - 20 mart 1815-ci il tarixində təxminən 140 minlik nizami ordu və 200 min adamdan ibarət könüllü dəstələrin müşayətilə Parisə girdi.

 

 

 

 

***

  1956-cı ilin 20 martında Afrikanın şimalında yerləşən Tunis Fransadan ayrılaraq öz müstəqilliyini elan etdi. Ölkənin ilk prezidenti Həbib Burqiba oldu.

***

  İkinci Körfəz Müharibəsi 20 mart 2003-cü ildə ABŞ-ın başçılığı ilə olan koalisiya qüvvələrinin İraqın paytaxtı Bağdada hava hərəkatı ilə başladı.

  Səddam Hüseyn hökumətini devirmək üçün başlayan müharibənin 2011-ci ildə bitdiyi elan edilsə də, İraqda hələ də sabitliksiz, yüz minlərlə ölən və yaralanıb şikəst qalanların acıları davam edir.

***

 

 

 

  20 mart 2016-cı ildə Barak Obama Kubaya səfəri ilə 88 illik fasilədən sonra Birləşmiş Ştatlardan bu ölkəyə gedən ilk ABŞ prezidenti oldu.

 

 

 

 

***

20 martda həm də bu tarixi şəxsiyyətlər xatırlanır.

 

 

 

  Türkiyə Cümhuriyyətinin ilk illəri, Atatürk və silahdaşları ilə bağlı xatirələrini qələmə alıb yaddaşlara köçürən, bunları "Çankaya" və "Atatürk nə idi?" əsərlərilə tanıdan jurnalist və yazıçı Falih Rıfkı Atay 1971-ci ilin bu günü İstanbulda həyata gözlərini yumub. (1894-1971)

 

 

 

  ***

   Azərbaycan Musiqili Teatrının banilərindən və milli opera sənətinin yaradıcılarından biri olan Hüseynqulu Sarabski 1879-cu ilin 20 martında Bakıda dünyaya gəlib.

  Səhnə fəaliyyətinə 1902-ci ildən başlayan Sarabski “Leyli və Məcnun”da Məcnun rolunun, başqa milli operalarda da əsas partiyaların ilk ifaçısı olub. Məcnun rolu Hüseynqulu Sarabskiyə, sözün əsl mənasında, ümumxalq məhəbbəti və şöhrət gətirib.

  “Müsəlman dram truppası”nı (1908) yaradan Sarabski 1910-cu ildən rejissor kimi fəaliyyət göstərib. “Köhnə Bakı” kitabında paytaxtın qədim dövrlərdən formalaşmış mədəniyyəti, milli ənənələr, bayram və mərasimləri barədə son dərəcə qiymətli məlumat verib. (1879-1945)

***

 

  20 mart Cəfər Cabbarlının anadan olduğu gündür.

  Azərbaycanın məşhur dramaturq, şair və nasir, teatrşünas, kinoşünas, tərcüməçi, kinossenarist, jurnalist, aktyor və rejissoru olan Cəfər Cabbarlı 1899-cu il martın 20-də Bakının 110 km-də yerləşən Xızı kəndində yoxsul bir kəndli ailəsində dünyaya göz açıb. 15-16 yaşlarından lirik və satirik şeirlər, hekayə və dram əsərləri yazmağa başlayıb.

  Cabbarlının yaradıcılığı1915-1934-cü illər arasındakı iyirmi illik bir tarixi mərhələni əhatə edir.

  "Nəsrəddin şah" (1916) C.Cabbarlının ilk tarixi pyesidir. O, 1917-ci ildə Osmanlı tarixinə dair "Ulduz və ya Trablismüharibəsi" və "Ədirnə fəthi" pyeslərini yazıb. Hər iki əsərin mövzusu türklərin yadellilərə qarşı apardığı rəşadətli mübarizələrdir. Cəfər Cabbarlı Nuru Paşanı bədii ədəbiyyata gətirən ilk azərbaycanlı dramaturqudur.

  C.Cabbarlının "Aydın" (1919), "Oqtay Eloğlu","Qız qalası" (1922-1923), "Sevil" (1927), "Almaz" (1930), "1905-ci ildə" (1931) əsərləri ilə Azərbaycan ədəbiyyatı tarixində mədəni bir inqilab yaradıb.

  Böyük ədib 1934-cü il dekabrın 31-də, sübh saat 4-də vəfat edib.

***



Әlaqәli Xәbәrlәr