Tarixdə bu gün: 17 mart

Tarixin bu günü harada nələr baş verib, kimlər xatırlanır? Qısaca nəzər salaq.

1378435
Tarixdə bu gün: 17 mart

***

  1521-ci il martın 17-də ispan səyyahı Fernan Magellan (Fernando (Hernando) de Magallanes) su ehtiyatı götürmək üçün gəmisini Sakit okeanda insan yaşamayan (xomonxon) adaya yaxınlaşdırıb. Filippin adalarının kəşfi məhz həmin gün sayılır. Doğrudur, o vaxt Magellan bu yerləri San-Lasaro adaları adlandırmışdı. 1542-ci ildə Kral II Filippin şərəfinə bu əraziyə Filippin adı verilib.

***

 

 

  Əhməd İhsan Tokgöz və şair Tofiq Fikrət tərəfindən 17 mart 1891-ci il tarixində “Serveti-Fünun” jurnalı nəşrə başladı.

  Türkiyə ədəbiyyatı tarixində əhəmiyyətli yer tutan jurnal gələcəyin bir çox şair və yazıçısını yetişdirdi, Qərb ədəbiyyatı tərzində yazanların aparıcısı oldu.

 

 

 

 

***

  Alman sualtı gəmi kapitanı Otto Kreçmerin (Otto Kretschmer) sualtı gəmisi 17-ci mart 1941-ci ildə batırıldı və o, əsir alındı.

  O.Kreçmer özü o günə qədər 47 gəmini batırmağa nail olmuş və bütövlükdə 274.333 tonluq hesabla müharibənin “ən çox gəmi batıran kapitan”ı kimi ad çıxarmışdı.

***

  Belçika, Fransa, Hollandiya, İngiltərə və Lüksemburq arasında 17 mart 1948-ci ildə 50 il müddətinə Brüssel Sazişi imzalandı və Qərbi Avropa İttifaqının əsası qoyuldu.

***

  17 mart 1954-cü ildə İspaniyada püşkatma nəticəsində Türkiyə milli futbol komandası ilk dəfə olaraq FİFA Dünya Kubokuna qatılmaq haqqını qazandı. İsveçrədə keçirilən V Dünya Kubokunda Türkiyə ilk turda ələndi.

***

   1991-ci ilin 17 mart tarixində SSRİ-nin müqəddaratına dair Ümumxalq Referendumu keçirilib. Referendumun əsas iştirakçıları Rusiya, Belarus və Orta Asiya respublikaları olub. Baltikyanı respublikalar, Qafqazda isə Azərbaycan (Naxçıvan) referendumda iştirak etməkdən boyun qaçırıb. Saxta referendum SSRİ-nin dağılmasına güclü təkan verib.

*** 

 

 

 

17 martda həm də bu tarixi şəxsiyyətlər xatırlanır.

  Müasir tarix, sosiologiya və iqtisad elmlərinin qabaqcıl nümayəndəsi, tanınmış İbni-Haldun 1406-cı ilin bu günü Qahirədə dünyasını dəyişib.  

 

 

 

***

  17 mart böyük sənətkar, Azərbaycanın ilk peşəkar rejissor və aktyorlarından biri, Hüseyn Ərəblinskinin xatirə günüdür.

  Bütün mənalı həyatını Azərbaycanda teatr sənətinin inkişafına həsr edən Ərəblinski 1919-cu il martın 17-də qətlə yetirilib.

  Hüseyn Ərəblinskinin aktyorluq və rejissorluq fəaliyyəti Azərbaycan teatr tarixində realist sənətin başlanğıcı sayılır. (1881-1919)

***

  Bu gün görkəmli Azərbaycan publisisti, milli maarifpərvər, filosof, şair, tərcüməçi və həkim Əli bəy Hüseynzadənin xatirə günüdür. 

  Mədrəsədə fars, Tiflis şəhər gimnaziyasında rus, alman, latın dillərini öyrənib. Sankt-Peterburq universitetinin fizika və riyaziyyat, İstanbul Daürlfünunun isə “Hərbi-Tibbiyə” fakültələrində təhsil alıb.

  Həkimliklə yanaşı elmi, ədəbi-bədii yaradıcılıqla ciddi məşğul olub. Müxtəlif səpkili elmi məqalələr, kitablar nəşr etdirib.

  Azərbaycana qayıdaraq Əhməd bəy Ağayevlə birlikdə “Həyat” qəzetinə redaktorluq edib, sonra “Füyuzat” jurnalının redaktoru olub.

  Ə.Hüseynzadə 1910-cu ildə Türkiyəyə köçüb, ömrünün sonuna qədər mühacirətdə yaşayıb, burada pedaqoji, elmi, ictimai-siyasi fəaliyyətini davam etdirib, İstanbul Darülfünunun (universitetinin) professoru dərəcəsinə qədər yüksəlib.

  Əli bəy Hüseynzadə 1940-cı il martın 17-də İstanbulda vəfat edib. (1864-1940)

***



Әlaqәli Xәbәrlәr