Tarixdə bu gün: 10 noyabr

Tarixin bu günü harada nələr baş verib, kimlər xatırlanır? Qısaca nəzər salaq.

1303330
Tarixdə bu gün: 10 noyabr

***

  1910-cu il noyabrın 10-da səhər saat 5-də 82 yaşlı Lev Tolstoy özünün Yasnaya Polyanadakı evini tərk etdi. Yazıçı masasının üstündə həyatı yoldaşı Sofiya Andreyevnaya ünvanladığı məktubda yazırdı: “Mənim gedişim səni kədərləndirəcək. Çox təəssüf, amma başa düş və inan ki, başqa cür hərəkət edə bilməzdim. Mənim evdəki vəziyyətim artıq dözülməzdir. Hər şey bir tərəfə, mən artıq əvvəlki kimi, dəbdəbəli həyat yaşaya bilmirəm. Buna görə də adətən qocaların belə məqamda etdiyi kimi addım atıram, yəni son günlərimi tək-tənha keçirmək üçün insanları tərk edirəm”.

  Bu hadisədən 10 gün sonra dünyaşöhrətli yazıçının meyidi tapıldı. (1862 – 1910)

***

  10 Noyabr Ümumdünya Gənclər Günüdür.

  1945-ci ildə İngiltərənin paytaxtı Londonda keçirilən Ümumdünya Gənclər Konfransında Beynəlxalq Gənclər Federasiyasının əsası qoyuldu. Siyasi və dini baxışlarından, irqi və milli mənsubiyyətindən asılı olmayaraq bütün dünya gənclərini birləşdirən bu federasiya sülh, gənclərin haqqları, milli azadlığı uğrunda, eyni zamanda müstəmləkəçilik, faşizm və rasizmə qarşı mübarizə aparır.

***

  1953-cü il 10 noyabr – ölümündən 15 il sonra Atatürkün məzarı paytaxt Ankarada inşası 9 ilə başa gələn mavzoleyə - Anıtkabirə nəql edildi. Mərasimə Türkiyənin o zamankı ölkə başçısı Cəlal Bayar, on minlərlə vətəndaş və xaricdən çox sayda dövlət nümayəndələri qatıldı.

***

  1965-ci ilin 10 noyabrında Çində Maonun minlərlə insanın ölümüylə nəticələnən "Mədəni inqilab"ı başladı.

***

  10 noyabr 1970-ci ildə SSRİ “Lunaxod 1” kosmos aparatını Aya göndərdi. Bu kosmik vasitə dünyada uzaqdan əmrlə hərəkət etdirilən ilk robot idi.

***

  “3 noyabr” erməni terror təşkilatı 1980-ci ilin 10 noyabrında İsveçrədə 2 partlayış törətdi.

***

  Ölkəsində türklərə etdiyi zülmlə bütün dünyanın riqqətlə qarşıladığı Bolqarıstanın dövlət başçısı Todor Jivkov 1989-cu ilin 10 noyabrında vəzifəsindən istefa vermək məcburiyyətində qaldı.

***

  10 noyabr 1996-cı ildə paytaxt Ankarada toplanan on minlərlə adam ölümünün 58-ci ilində Atatürkə minnətlərini ifadə etmək üçün Anıtkabirə axışdı. Ulu öndər Atatürkün mənəvi huzuruna gələnlərin sayı ilk dəfə 1 milyonu keçərək rekord qırdı. Mavzoleyin rəhbərliyi gecə ziyarətinə də ilk dəfə olaraq o gün icazə verdi.

***

10 noyabrda həm də bu tarixi şəxsiyyətlər xatırlanır.

  Orta əsr Avropasının görkəmli ictimai xadimi, dini islahatların əsas ideoloqlarından biri Martin Lüter 1483-cü ilin bu günü Almaniyanın Aysleben şəhərində anadan olub. Sonralar protestant kilsəsinin şaxələrindən biri onun adı ilə Lüteran kilsəsi adlandırılıb. (1483-1546)

***

  Dahi alman şairi və dramaturqu Fridrix Şiller 1759-cu il 10 noyabrda dünyaya gəlib.

  Şillerin yaradıcılığı təkcə Almaniya deyil, bütün Avropada ədəbiyyat və maarifçiliyin tərəqqisinə güclü təkan verib.

  Alman ədəbiyyatının banilərindən sayılan Fridrix Şillerin əsərləri (“Qaçaqlar”, “Don Karlos”, “Genuyada Fieskonun sui-qəsdi”, “Luiza Miller”) dünyanın əksər xalqlarının dillərinə tərcümə edilib və tamaşaya qoyulub. (1759-1805)

***

  Alman yazıçısı və ictimai xadimi Bertold Brext 1898-ci ilin bu günü anadan olub. Faşist hakimiyyəti dövründə İsveçrə, Danimarka, İsveç və Amerika Birləşmiş Ştatlarında mühacirətdə yaşayan yazıçının əsərlərində faşizm və militarizm ifşa olunur, sülh və xalqlar dostluğu movzuları tərənnüm edilir. (1898-1956)

***

  10 noyabr Azərbaycanın xalq artisti, opera müğənnisi Hüseynağa Hacıbababəyovun xatirə günüdür.

  18 yaşından (1916) musiqi truppası ilə Qafqaz, Orta Asiya və İranın bir çox şəhərlərində qastrolda olub, əsasən qadın partiyalarını oxuyan H.Hacıbababəyov 40 il (1920-1960) Azərbaycan Opera və Balet Teatrının solisti olub. O, 1972-ci ilin bu günü 74 yaşında dünyasını dəyişib. (1898-1972)

***

  1938-ci ilin bu günü səhər saat 09.05-də İstanbulun Dolmabahçe Sarayında türk qurtuluş savaşının öndəri, Türkiyə respublikasının banisi və ilk dövlət başçısı Mustafa Kamal Atatürk 57 yaşında gözlərini əbədi olaraq həyata yumdu.

  O gün ölkədə milli yas elan edildi.  

  16 noyabrda Atatürkün Türkiyə bayrağı ilə örtülmüş tabutu Dolmabahçe Sarayındakı böyük mərasim salonuna yerləşdirildi və bu böyük lideri son dəfə görmək istəyənlər saraya axışdı.

  Xatırladaq ki, 1911-1912-ci illərdə İtaliya-Türkiyə və 1913-cü ildə Balkan müharibələrində iştirak edən Mustafa Kamal Birinci Dünya Müharibəsi zamanı Çanaqqala (Dardanel) boğazının müdafiəsində şücaət göstərib, 35 yaşında (1916) ona paşa, yəni general rütbəsi verilib.

  1919-cu ildə Anadoluda başlanan və “Kamalçılar hərəkatı” adlanan milli azadlıq mübarizəsinə rəhbərlik edən Mustafa Kamal Paşa Atatürk 1923-cü ildə elan edilən Türkiyə Cümhuriyyətinin ilk dövlət başçısı seçilib. (1881-1938)

***



Әlaqәli Xәbәrlәr