Tarixdə bu gün: 12 oktyabr

Tarixin bu günü harada nələr baş verib, kimlər xatırlanır? Qısaca nəzər salaq.

1284069
Tarixdə bu gün: 12 oktyabr

***

  1492-ci ilin 12 oktyabrında ispaniyalı matros Rodiriqo de Trians üfüqdə qaraltı görərək “Torpaq” deyə qışqırıb. Bu torpaq Karib dənizi arxipelaqındakı Quanaxani adası idi. Sonralar həmin ada San Salvador adlandırıldı.

  Genuyalı dəniz səyyahı Xristofor Kolumb həmin adaya çatmaqla Hindistana dəniz yolunu açdığını zənn etmişdi. Əslində isə o, Amerika qitəsini kəşf etmişdi.

  İspaniyada hər il 12 oktyabr el şənlikləri ilə bayram kimi keçirilir.  

***

  1813-cü il 12 oktyabr tarixində Romanovlar (Rusiya) və Qacarlar (İran) dövlətləri arasında Azərbaycan torpaqlarını ikiyə bölən Gülüstan müqaviləsi imzalandı.

***                                                       

  Birinci Dünya Müharibəsi zamanı – 1917-ci ilin 12 oktyabrında Belçikanın Ypres şəhəri yaxınlığında ilk dəfə xardal qazı istifadə edildi və bir gündə təxminən 20 min əsgər öldü.

***

  12 oktyabr Laos xalqının milli bayramıdır. Asiyanın sənub-şərqində yerləşən bu ölkə 1953-cü ilin bu günü müstəqilliyini bəyan edib. Həmin vaxta qədər isə Laos Fransanın protektoratı olub.

  1975-ci ilin 2 dekabrından Laos Xalq Demokratik Respublikasıdır.                                                      

***

  1984-cü il 12 oktyabrda İRA terror təşkilatı Marqaret Tetçerin (Margaret Thatcher) qaldığı otelə bomba atdı. M.Tetçer xilas olsa da, 5 adam həyatını itirdi.

***

  1991-ci ilin 12 oktyabrında SSRİ-nin son baş katibi Mixail Qorbaçov kəşfiyyat təşkilatı DTK-nı ləğv etdi.

***

  12 oktyabr 1999-cu ildə Pakistanın Baş Qərargah rəisi, general Pərviz Müşərrəf ölkədə qansız çevrilişlə hakimiyyəti ələ keçirdi.

***

  2002-ci il 12 oktyabrda İndoneziyanın turist adası Balidə bir gecə klubuna bombalı hücum zamanı əksəriyyəti xarici olan 202 nəfər öldü, 300-dən çox adam isə yaralandı.

***

  12 oktyabr 2017-ci ildə Türkiyə hərbçiləri təhlükəsizlik bölgələrinə nəzarət üçün Suriyanın İdlib şəhərinə girdi. Əməliyyatda 30 zirehli maşın və 100-dən çox əsgər yer alırdı.

***

12 oktyabrda həm də bu tarixi şəxsiyyətlər xatırlanır.

  XVIII əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri olan Molla Pənah Vaqif 1717-ci ilin bu günü Qazaxın Salahlı kəndində anadan olub.

  52 yaşında (1769) Qarabağ hakimi İbrahim xanın sarayına dəvət edilən Vazif burada əvvəlcə eşik ağası, yəni xarici işlər naziri, sonra isə baş vəzir vəzifələrində çalışıb.

  Vaqifin yaradıcılığı Azərbaycan poeziyası tarixində mühüm mərhələlərdən biridir: klassik formalarda olsa da, daha çox şifahi xalq ədəbiyyatı, aşıq şeiri ilə sız bağlıdır.

  Azərbaycan ədəbi dilinin inkişafında Molla Pənah Vaqifin xidməti böyükdür.

  Yusif Vəzir Çəmənzəminlinin “Qan içində” romanı, Səməd Vurğunun “Vaqif” pyesi bu görkəmli sənətkara həsr olunub. (1717-1797)

***

   Görkəmli Azərbaycan alimi Mirzə Cəfər Topçubaşov 1790-cı il oktyabrın 12-də anadan olub.

  Uşaqlıq və yeniyetməlik çağlarını Tiflisdə keçirən Mirzə Cəfər çalışqanlığı sayəsində ərəb, fars, rus, türk və gürcü dillərini mükəmməl öyrənib. 29 yaşından (1819) Sankt-Peterburqdakı Baş Pedoqoji İnstitutda ərəb, fars və türk dillərindən dərs deyib. Bir qədər sonra professor dərəcəsi alan M.C.Topçubaşov Sankt-Peterburq Universiteti fars dili və filologiyası kafedrasının müdiri olub.

  Mirzə Cəfər Topçubaşov Rusiya Arxeologiya və Numizmatika Cəmiyyəti Şərq şöbəsinin müdiri işləyərkən “Kitabi Dədə-Qorqud” və digər Azərbaycan dastanlarını rus dilinə təcümə edib. (1790-1869)

***

  12 oktyabr XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən olan Əhməd Cavadın xatirə günüdür.

  1912-ci ildə İstanbulda “Qafqaz könüllü dəstəsi”nin tərkibində yadellilərə qarşı döyüşlərdə iştirak edən Əhməd Cavad bundan bir müddət sonra Xosrof bəy Sultanovun təşkil etdiyi “Cəmiyyəti-Xeyriyyə”nin Şimali Qafqaz, Qars, Ərdəhan, Ərzurum, İstanbul, Gürcüstan və Dağıstan regionlarında nümayəndəsi kimi xeyriyyəçiliklə məşğul olub. Həmin dövrdə şairin publisistik yazıları Bakı və Tiflis mətbuatında dərc edilib. Onun “Qoşma”, “Dalğa” adlı şeir məcmuələri, eləcə də “Türk dilinin sərf nəhvi” dərsliyi Bakıda nəşr olunub.

  Bakı Dövlət Universitetinin təşkilində də yaxından iştirak edən şair sovet hakimiyyətinin ilk illərində Qusar və Quba rayonlarında müəllimlik edib.  

  Azərbaycan respublikasının ilk və indiki eyniadlı himninin sözləri Əhməd Cavada məxsusdur. (1892-1937)

***

  Dünyaşöhrətli İtaliya müğənnisi, tenor Luçano Pavorotti (Luciano Pavarotti) 1935-ci ilin bu günü anadan olub.

  Bir çox ölkənin opera səhnələrində bənzərsiz səsi ilə böyük uğur qazanan Pavorotti 2007-ci ildə 72 yaşında dünyasını dəyişib. (1935-2007)

***

  12 oktyabr 1964-cü ildə "Ceyms Bond" (James Bond) silsiləsindən olan məşhur əsərlərin müəllifi, ingilis yazıçısı Yan Fleminq (İan Fleming) 56 yaşında həyatdan köçüb.

***

  1979-cu ilin 12 oktyabrında Türkiyənin Hollandiyakı (Niderland) səfiri Özdemir Benler oğlu Əhməd Benler ASALA terror təşkilatının üzvləri tərəfindən şəhid edilib.

***



Әlaqәli Xәbәrlәr