Tarixdə bu gün: 3 oktyabr

Tarixin bu günü harada nələr baş verib, kimlər xatırlanır? Qısaca nəzər salaq.

1280485
Tarixdə bu gün: 3 oktyabr

***

  1906-cı ilin 3 oktyabrında Almaniyanın paytaxtı Berlində keçirilən Birinci Simsiz Teleqraf Konqresində “SOS” təhlükə siqnalı olaraq qəbul edildi.

***

  3 oktyabr 1922-ci ildə Türkiyə, Böyük Britaniya, Fransa və İtaliya arasında Mudanya Konfransı başladı. 8 gün sonra Mudanya Müqaviləsi imzalandı.

***

  Serblər, xorvatlar və slovenlər tərəfindən 1929-cu ilin 3 oktyabr tarixində Yuqoslaviya Krallığı quruldu.

***

  SSRİ və ABŞ 3 oktyabr 1971-ci ildə Strateji Silahları Məhdudlaşdırma Müqaviləsini (SALT) imzaladı.

***

  3 oktyabr 45 ildən sonra iki alman dövlətinin birləşdiyi gündür.

  1945-ci il mayın 8-də alman baş komandanlığının nümayəndələri qeyd-şərtsiz təslim haqqında sənədə qol çəkdikdən sonra ölkə SSRİ, ABŞ, İngiltərə və Fransanın nüfuz dairələrinə parçalandı. Bununla da əsasən sovet təsiri altında olan Almaniya Demokratik Respublikası (ADR) ilə Qərbə meyl göstərən Almaniya Federatif Respublikası (FDR) yarandı.

  1990-cı ilin 3 oktyabr tarixində iki Almaniyanın birləşməsi barədə dövlətlərarası saziş qüvvəyə mindi. 

***

  Azərbaycan Respublikası Ali Sovetinin qərarı ilə 1993-cü ilin 3 oktyabrında növbədənkənar prezident seçkiləri ilə Heydər Əliyev ölkənin üçüncü prezidenti seçildi.

***

  2005-ci il 3 oktyabrda Lüksemburqda keçirilən Hökumətlərarası Konfransda Avropa İttifaqı və Türkiyə arasında Aİ-də iştirak üçün müzakirələr rəsmən başlandı.

***

  3 oktyabr 2009-cu ildə Türkiyə, Azərbaycan, Qazaxıstan və Qırğızıstan Naxçıvan Sazişi ilə Türkdilli Ölkələrin Əməkdaşlıq Təşkilatını qurdular.

***

  2012-ci ilin 3 oktyabrında Suriyadan açılan top mərmiləri Türkiyənin Şanlıurfa rayonunun Akçakale qəsəbəsinə düşdü və 5 sıravi vətəndaş həyatını itirdi. Buna cavab olaraq Türkiyə də Suriya torpaqlarını vurdu.

***

3 oktyabrda həm də bu tarixi şəxsiyyətlər xatırlanır.

  Görkəmli Azərbaycan yazıçısı Süleyman Sani Axundov 1875-ci ilin bu günü dünyaya gəlib.

  Süleyman Sani Qori seminariyasını bitirdikdən sonra ömrünün sonunadək pedoqoji fəaliyyət göstərib, 1922-ci ildə isə Azərbaycan Ədib və Şairlər İttifaqının ilk sədri seçilib.

  S.S.Axundovun uşaqlar üçün qələmə aldığı “Qorxulu nağıllar” silsiləsindən hekayələri geniş yayılıb. Bu hekayələrdən biri olan “Qaraca qız” əsəri əsasında eyniadlı film də çəkilib. (1875-1939)

***                            

  1895-ci il oktyabrın 3-də görkəmli rus şairi Sergey Yesenin dünyaya gəlib.

  Yeseninin yaradıcılığı Azərbaycan, xüsusilə Bakı ilə sıx bağlıdır. O, 1924-1925-ci illərdə Bakının Mərdəkan qəsəbəsində yaşayıb və bir çox əsərlərini, o cümlədən, “Anna Snegina” poeması“İran nəğmələri” silsiləsinə daxil olan şeirlərinin əksəriyyətini burada yazıb. (1895-1925)

*** 

  3 oktyabr XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri, yazıçı və dramaturq İlyas Əfəndiyevin xatirə günüdür. Onun mənəvi-əxlaqi problemlərdən söhbət açan “Sən həmişə mənimləsən”, “Unuda bilmirəm”, “Məhv olmuş gündəliklər”, “Büllur sarayda” və başqa pyesləri Azərbaycan teatrlarının repertuarında mühüm yer tutur.

***



Әlaqәli Xәbәrlәr