Tarixdə bu gün: 29 mart

Tarixin bu günü harada nələr baş verib, kimlər xatırlanır? Qısaca nəzər salaq.

1171852
Tarixdə bu gün: 29 mart

***

  29 mart 1430-cu ildə Sultan II Muradın əmrilə yola çıxan Osmanlı ordusu Selaniki fəth etdi.

***

  1555-ci ildə Osmanlı və Səfəvi imperiyaları arasında daha bir müharibə sona çatdı və 29 martda Amasya Sülh müqaviləsi bağlandı.

  Anlaşmaya görə, Van gölünün ətrafı, İmeretiya, Menqreliya və Quriya osmanlıların, Mesxetiya, Kartli Kaxeti isə Səfəvilərin hakimiyyətinə keçdi.   

***

  1803-cü ilin bu günü Rusiya qoşunları Zaqatala yaxınlığındakı Car dağ kəndini işğal edərək öz ərazilərinə qatdılar. Bu hadisə uzun müddət sovet tarixçiləri tərəfindən Dağıstan xalqının könüllü olaraq Rusiyaya birləşməsi kimi təqdim edildi. Əslində isə bu hadisə Azərbaycanın Şimal ərazilərinin Rusiyaya ilhağı prosesinin başlanğıcı idi.  

***

  1998-ci ilin 29 martında Lissabonda “Ekspo-98” ümumdünya sərgisi ərəfəsində Avropada ən uzun körpü açıldı. “Vasko de Qama” (Vasco da Gama) adlanan bu körpünün uzunluğu 17 km. 185 metr, suyun üstündə olan hissəsinin uzunluğu isə 10 km. eni isə 31 metrdir.

   Körpünün layihələşdirilməsi uzun illər çəksə də, onu cəmi 8 aya inşa ediblər. Bu da müvafiq layihələr üçün rekord göstəricidir.

***

  29 mart 2010-cu ildə Rusiyanın paytaxtı Moskvada iki ayrı-ayrı metro stansiyasında baş verən intihar hücumlarında 40 nəfər həyatını itirdi.

***

29 martda həm də bu tarixi şəxsiyyətlər xatırlanır.

  1824-cü ilin bu günü 19-ci əsr materialist elmi düşüncənin görkəmli alman filosofu Lüdviq Büxner (Ludwig Büchner) dünyaya gəlib.

***

  Şair Mirzəli Möcüz 1873-cü il 29 martda Cənubi Azərbaycanın Şəbüstər şəhərində anadan olub.

  Əsasən satirik şeirlər yazan Möcüzə “Molla Nəsrəddin” ədəbi məktəbi, xüsusilə Sabirin əsərləri güclü təsiri göstərib.

  Şəbüstərinin yaradıcılığında vətənpərvərlik və milli azadlıq ideyalarının tərənnümü, maarif və mədəniyyətə çağırış mühüm yer tutur.

  Mirzəli Möcüzün 1945-ci ildə Təbriz, 1954 və 1982-ci illərdə Bakıda “Seçilmiş əsərləri” buraxılıb. (1873-1934)

***

  Bu gün Azərbaycanın görkəmli yazıçısı Süleyman Sani Axundovun xatirə günüdür. (O, 1875-ci ildə dünyaya gəlib.)

  S.S.Axundov Qoru seminariyasını bitirdikdən sonra ömrünün sonunadək pedoqoji fəaliyyət göstərib. 1922-ci ildə Azərbaycan Ədib və Şairlər İttifaqının ilk sədri seçilib.

  Süleyman Saninin uşaqlar üçün qələmə aldığı “Qorxulu nağıllar” silsiləsindən hekayələri geniş yayılıb. Onlardan biri olan “Qaraca qız” hekayəsi əsasında Azərbaycanda bədii film də çəkilib və tamaşaçılar tərəfindən sevilib.  

   Süleyman Sani Axundov 1939-cu ilin 29 martında dünyasını dəyişib. (1875-1939)

***

  1956-cı ilin bu günü Türkiyənin tanınmış rejissoru və prodüseri Fuad Uzkınay dünyadan köçüb.

  Fuad Uzkınay Ayastefanosdakı rus abidəsinin yıxıdılmasını lentə alaraq Türkiyə kinosunun ilk filmini çəkməsilə türk mədəniyyət tarixinə düşüb.

***

  1966-cı ilin 29 martında Türkiyənin tanınmış memarı, roman yazıçısı və uşaq hekayələri müəllifi, Malkoçoğlu obrazının yaradıcısı Abdullah Ziya Kozanoğlu dünyadan köçüb.

***



Әlaqәli Xәbәrlәr