Tarixdə bu gün: 26 mart

Tarixin bu günü harada nələr baş verib, kimlər xatırlanır? Qısaca nəzər salaq.

1169250
Tarixdə bu gün: 26 mart

***

  26 mart 1931-ci ildə Türkiyə Ölçülər Qanunu qəbul olundu. Bu qanuna görə, köhnələrin yerinə qram, metr, litr kimi yeni ölçülər istifadə edilməyə başlandı.

***

  1960-cı ilin bu günü Azərbaycan Xalq Yazıçısı fəxri adı təsis edildi. Bu ada ilk layiq görülənlər Mirzə İbrahimov və Süleyman Rəhimov olub. 

***

  26 mart Banqladeş xalqının milli bayramıdır.

  Asiyanın bu ölkəsi 1971-ci ilin bu günü suverenliyini bəyan edib. Həmin vaxta qədər Banqladeş Pakistanın tərkibində idi.

*** 

  26 mart 1979-cu ildə Ənvər Sedat, Menahem Begin və Cimmi Karter (Jimmy Carter) Vaşinqtonda İsrail - Misir Sülh Sazişini imzaladılar.

***

  1995-ci ilin 26 martında Avropa İqtisadi Birliyi üzvü olan ölkələr arasında sərhəd qapılarındakı polis və gömrük idarələrini tamamilə ortadan qaldırmağı nəzərdə tutan Şengen müqaviləsi qüvvəyə mindi.

***

26 martda həm də bu tarixi şəxsiyyətlər xatırlanır.

  922-ci ilin 26 martında Şərqin süfi şairi Həllac Mənsur Abbasi xəlifəsi Müqtədir Billahın əmri ilə edam edildi.

***

  26 mart dünya musiqi mədəniyyətinin dahi nümayəndəsi, alman bəstəkarı Lüdviq Van Bethovenin (Ludwig van Beethoven) xatirə günüdür.

  Haydn, Salyerinin tələbəsi olmuş Bethoven klassik musiqi məktəbinin son nümayəndəsi sayılır.  

  Bethovenin musiqisi dramatizmi və parlaq melodiyaları ilə dinləyicilərinə güclü təsir göstərir.

  27 yaşından eşitmə qabiliyyətinin zəifləməsinə baxmayaraq ömrünün sonunadək dünya musiqi xəzinəsinə 7-ci və 8-ci simfoniyalar, “Ay sonatası”, “Kraysler” və “Avrora” sonataları kimi bir-birindən gözəl əsərlər bəxş edib. (1770-1827)

***

  26 mart Azərbaycanın görkəmli musiqi nümayəndəsi və tarzən Əhməd Bakıxanovun xatirə günüdür.

  O, Bakıda Abbasqulu ağa Bakıxanovun nəslindən olan Məmmədrza bəyin ailəsində dünyaya gəlib. Ömrünün 60 ilini Azərbaycanda muğam ifaçılığı məktəbinin tərəqqisi, musiqi folklorunun toplanması və təbliğinə sərf edib. Azərbaycan Xalq Çalğı Alətləri Ansamblını yaradıb və uzun illər onun rəhbəri olub.  

  Əhməd Bakıxanovun “Azərbaycan xalq rəngləri”, “Azərbaycan ritmik muğamları”, “Mahnı, muğam və rəng” not məcmuələri, “Ömrün sarı simi” məqalələr kitabı muqisişünas və ifaçılar üçün dəyərli mənbələrdir. (1892-1973)

***



Әlaqәli Xәbәrlәr