Tarixdə bu gün: 22 mart

Tarixin bu günü harada nələr baş verib, kimlər xatırlanır? Qısaca nəzər salaq.

1165067
Tarixdə bu gün: 22 mart

***

  1829-cu ilin 22 martında Yunanıstanın dövlət quruluşuna dair protokol Londonda keçirilən konfransda Avropa ölkələri nümayəndələri tərəfindən imzalanıb.

***

  22 mart 1888-ci ildə İngiltərədə “English Football League” adlı dünyanın ilk futbol təşkilatı yaradılıb.

***

  22 mart 1943-cü ildə Türkiyə ilə ABŞ arasında qarşılıqlı radio yayım xidməti açılıb.

***

  1945-ci ilin 22 martında Misir, Suriya, Livan, İordaniya, Səudiyyə Ərəbistanı, İraq və Yəmən Qahirədə Ərəb Birliyini qurdular. Sonrakı illərdə müstəmləkiçilikdən azad olmuş ərəb dövlətləri hesabına Birliyin üzvlərinin sayı artıb.  

***

  22 mart 1968-ci ildə Parisdə Nanter Universitetində ABŞ-ın Vyetnamla apardığı müharibəyə qarşı çıxan və təhsildə də islahat aparılmasını istəyən tələbələr Daniyel Kon-Benditin (Daniel Cohn-Bendit) başçılığı altında universitetin birinci amfiteatrını tutaraq "68 hadisələri"ni başladı.

***

22 martda həm də bu tarixi şəxsiyyətlər xatırlanır.

  Azərbaycan kinosu tarixində mükəmməl aktyor oyunu və səsi ilə fərqlənən, Teymurləng rolunun yaradıcısı və ən yaxşı ifaçısı Yusif Vəliyev 1917-ci ilin bu günü anadan olub.

  Aktyorluq fəaliyyətinə Şəki Dram Teatrında başlayan Yusif Vəliyev tezliklə Bakıya gəlib və Gənc Tamaşaçılar Teatrında çalışaraq həm teatr səhnəsi, həm də kinoda yaddaqalan obrazlar yaradıb. (1917-1980)

***

  Bu gün Azərbaycanın xalq yazıçısı İsmayıl Şıxlının 100 illiyidir.

  Qazaxın İkinci Şıxlı kəndində 1919-cu ilin 22 martında müəllim ailəsində anadan olan İsmayıl Şıxlı İkinci dünya müharibəsi dövründə sovet ordusu tərkibində ön cəbhələrdə (Şimali Qafqaz, Krım, III Belorusiya cəbhəsi və Şərqi Prussiya istiqamətində döyüşən orduda) sıravi əsgər olub.

  “Dəli Kür”, “Dağlar səsləyir”, “Kerç sularında”, “Cəbhə yolları” və digər əsərləri oxucular tərəfindən rəğbətlə qarşılanan yazıçının “Dəli Kür” romanı əsasında çəkilmiş eyni adlı bədii film Azərbaycan kinematoqrafiyasının ən yaxşı nümunələrindən hesab edilir. (1919-1995)

***

  Azərbaycan muğam sənətinin tanınmış nümayəndələrindən biri Rubabə Muradova 1933-cü ilin bu günü Cənubi Azərbaycanın Ərdəbil şəhərində dünyaya göz açıb.

   Hələ kiçik yaşlarında ailəsi ilə birlikdə Bakıya köçüb, Bakı Musiqi Məktəbində (1955) Seyid Şuşinskinin muğam sinfində oxuyub.

  Azərbaycan Opera və Balet Teatrının solisti olan Rubabə Muradova “Leyli və Məcnun”da Leyli, “Əsli və Kərəm”də Əsli, “Şah İsmayıl”da Ərəbzəngi, “Aşıq Qərib”də Şahsənəm partiyalarının əvəzolunmaz ifaçısı olub. (1933-1983)

***

  22 mart Türkiyənin ilk qadın təyyarəçilərindən biridünyanın ilk qadın döyüş təyyarəsi pilotu Sabiha Gökçen həyatla vidalaşıb.

  Sabiha Gökçen həm də Mustafa Kamal Atatürkün səkkiz mənəvi uşağından biri idi. (1913-2001)

***

 



Әlaqәli Xәbәrlәr