Tarixdə bu gün: 24 fevral

Tarixin bu günü harada nələr baş verib, kimlər olub, qısaca nəzər salaq.

1150745
Tarixdə bu gün: 24 fevral

***

  1793-cü ilin 24 fevralında Osmanı dövlətində Avropa sayağı yeni bir ordu – Nizami-Cedit quruldu.

  Yeniçerilərin yetərsiz olduğunu və dövlətin başına açdığı problemləri nəzərə alan Sultan III Səlim Nizami-Cedit adlı yeni bir ordunun yaradılması üçün fərman imzaladı. Bu ordu ilk uğurunu Akkada Fransanı məğlub edərək göstərdi. Ancaq III Səlimin taxtdan endirilməsi ilə Nizami-Cedit ordusu da aradan qaldırıldı.

***

  1942-ci ilin bu günü Rumıniyanın Konstansa limanından hərəkət edən və Fələstinə yəhudiləri aparan Struma gəmisi Qara dənizdə partlayış nəticəsində batdı.

  İllər sonra partlayışın səbəbinin bir Rusiya sualtı qayığının törətdiyi bomba olduğu ortaya çıxdı. Bu hadisədə 800-ə yaxın yəhudi həyatını itirdi, yalnız bir nəfər xilas ola bildi.

***  

  24 fevral 1955-ci ildə Türkiyə, İraq, Pakistan və İran arasında Bağdad Paktı imzalandı. Bağdad Paktının digər adı CENTO-dur ki, 1979-cu ilə qədər davam edib.

***

  1977-ci ilin bu günü Türkiyənin fizika üzrə professoru Feza Gürsey Oppenheimer Mükafatına və Eynşteyn Ordeninə layiq görüldü. F.Gürsey Oppenheimer Mükafatını amerikalı fizik S.Qlaşovla (S.Glashow) bölüşdü.

***

  1988-ci ilin 24 fevralında Azərbaycanın Əsgəran rayonunda ermənilər iki azərbaycanlını qətlə yetiriblər.

  Bu azərbaycanlılar erməni-Azərbaycan münaqişəsinin ilk qurbanları idilər. 

***

  1991-ci il 24 fevralda Birinci Körfəz Müharibəsində Quru Hərəkatı başladı. Belə ki, İraqın Küveyti işğal etməsilə başlayan I Körfəz Müharibəsində İraqa hava hərəkatından sonra koalisiya qüvvələri tərəfindən quru hərəkatına start verildi.  

  Amerika Birləşmiş Ştatlarının başçılığı ilə Səudiyyə Ərəbistanının şimalından başlayan hərəkat üç gün davam etdi və sonda İraqın müqaviməti qırılaraq atəşkəs elan olundu.  

 

24 fevralda həm də bu tarixi şəxsiyyətlər xatırlanır.

  Tanınmış rəssam, arxeoloq, muzey qurucusu və İstanbulun Kadıköy rayonunun ilk bələdiyyə sədri Osman Həmdi bəy 1910-cu ilin 24 fevralında dünyadan köçüb.

  Osman Həmdi bəy İstanbulda bu gün Memar Sinan Universiteti Gözəl Sənətlər fakültəsi adlanan Sənayeyi-Nefisə Ali Məktəbinin və İstanbul Arxeologiya Muzeyinin qurucusudur.

  Türkiyədə ilk elmi qazıntı işlərinin başlanmasının təşəbbüskarı olan Osman Həmdi bəy Nemrut dağı, Lagina və Saydada arxeoloji qazıntılar aparıb. Saydada qazıntıları zamanı ortaya çıxardığı "İsgəndərin məzarı", "Tısbağa təlimçisi", "Silah taciri" arxeologiya dünyasının şah əsərlərindən sayılır.

  Osman Həmdi bəyin rəsmlərinin bir qismi isə İstanbul Rəsm və Heykəl Muzeyində, London, Liverpul və Boston muzeylərində nümayiş etdirilir.

***

  Azərbaycanın xalq qəhrəmanı Abbasqulu bəy Şadlinski 1886-cı ilin bu günü İrəvan quberniyasının Böyük Vedi kəndində dünyaya gəlib.

  1918-ci ildə Naxçıvan və Qərbi Azərbaycanda ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımın qarşısını almaq üçün Şadlinski Vedidə “Qırmızı tabor” adlı könüllü partizan birliyi təşkil edib. 1918-1919-cu illərdə daşnak hərbi hissələrinin Vediyə hücumları zamanı böyük şücaət göstərib. 1922-28-ci illərdə Qərbi Azərbaycanda məsul vəzifələrdə çalışıb. 1930-cu illərdə isə quldurlar tərəfindən qətlə yetirilib.

  Yazıçı Fərman Kərimzadə “Qarlı aşırım” romanında Abbasqulu bəy Şadlinskinin həyat və fəaliyətinə geniş yer ayırıb. (1886-1930)

***

  Bu il Azərbaycanın ictimai xadimi Əli bəy Hüseynzadənin 155 yaşı tamam olur.  

  Əli bəy Hüseynzadə 1864-cü il 24 fevralda Salyanda anadan olub. Tiflis gimnaziyasını bitirib (1875-1885), uşaqlıq və tələbəlik illərində türk, fars, ərəb, alman rus dillərini mükəmməl öyrənib.

  Ə.Hüseynzadə 1885-ci ildə Sankt-PeterburqUniversitetinin riyaziyyat fakültəsində oxuyub, həm də Şərqşünaslıq fakültəsində görkəmli professorların mühazirələrini dinləyib. Əli bəy həm də Sankt-Peterburq İmperator Rəssamlıq Akademiyasında da təhsil alıb. O, bir sıra portret və mənzərələrin də müəllifidir.

  Rusiya imperiyasının paytaxtındakı ictimai-siyasi təlatümlərlə əlaqədar olaraq Ə.Hüseynzadə İstanbula gedib və burada darülfünunda Əsgəri-Tibbiyyə fakültəsində tədris almaqla dermato-veneroloq ixtisası və yüzbaşı hərbi rütbəsi qazanıb.

  1897-ci ildə o, Qırmızı Aypara Cəmiyyəti heyətinin  tərkibində İtaliyaya gedib. Üç ildən sonra geri qayıdaraq müsabiqə yolu ilə İstanbul Darülfünunda Əsgəri-Tibb fakültəsində professor köməkçisi vəzifəsinə təyin edilib. Uzun müddət alim, həkim, rəssam, şair, tənqidçi, tərcüməçi, müəllim, jurnalist kimi fəaliyyət göstərib və bu sahələrin hər birində özünəməxsus iz qoyub.

  Əli bəy Hüseynzadə Əhməd bəy Ağayevlə birlikdə “Həyat” qəzetinə redaktorluq edib, 1906-cı ildə isə “Füyuzat” jurnalını yaradıb. O, qələm dostları ilə birlikdə yalnız bir jurnal nümunəsi nəşr etməklə məhdudlaşmadılar, füyuzatçılıq xətti-hərəkatını, "Füyuzat" jurnalistikası məktəbini yaratmaqla tarix səhifələrinə öz imzalarını atdılar.

  "Füyuzat"da Əli bəy Hüseynzadə məqalələrinin birində yazırdı: "Bizə fədai lazımdır! Türk hissiyyatlı, islam etiqadlı, Avropa (müasir) qiyafəli fədai!" Sonralar başqa milli mətbuat orqanları tərəfindən bu fikirlər "Türkləşmək, islamlaşmaq, müasirləşmək" – azərbaycançılıq şəklində formulə edilərək təbliğ olundu.

  Azərbaycan Xalq Cümhuriyyəti dövründə dövlət bayrağında üç rənglə (mavi, qırmızı, yaşıl) simvollaşan Azərbaycan vətəndaşının ideya-mənəvi dəyərləri Əli bəy Hüseynzadənin həmin tezisi və füyuzatçıların tarixi xidmətləri ilə bağlıdır.

  İstanbul Darülfünunun professoru olan Əli bəy Hüseynzadə 1940-cı ildə İstanbulda vəfat edib. (1864-1940)

***

  20-ci əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri, yazıçı, müəllim və ictimai xadim Abdulla Şaiq 1881-ci ilin bu günü dünyaya gəlib.  

  “Tülkü Həccə gedir”, “Yaxşı arxa”, “Şələquyruq”, “Tıq-tıq xanım” mənzum hekayələri bu gün də uşaqlar tərəfindən sevə-sevə oxunur, söylənilir.

  Abdulla Şaiq həm də Azərbaycan uşaq dramaturgiyasının banisidir. (“Gözəl bahar”, “El oğlu”, “Vətən”, “Nüşabə”, “Ana” pyesləri tamaşaya qoyulub.)

  Dünya ədəbiyyatı ilə yaxşı tanış olan, rus və fars dillərini mükəmməl bilən Abdulla Şaiq Nizami, Şekspir, Defo, Krılov, Puşkin, Lermontov, Qorki və başqalarından tərcümələr edib. Onun xalq maarifi sahəsində də mühüm xidmətləri olub: “Uşaq çeşməyi”, “Gülzar”, “Qiraət kitabı” və b. dərsliklər yazıb, ali məktəblərdə mühazirələr oxuyub. (1881-1959)

***



Әlaqәli Xәbәrlәr