Tarixdə bu gün

31 yanvar təqvim günündə baş verən əlamətdar hadisələr.

1135954
Tarixdə bu gün

31 yanvar 1729cu il… Osmanlı İmperiyasında ilk kitab nəşr olundu. Türk dilində kitab və qəzet dərc etmək məqsədi ilə 1727-ci ildə yaradılan Osmanlının ilk nəşriyyatı – “Darüttbaa”da nəşr olunan kitab  Farablı Cevherinin “Sıhah-i Cevheri” adındakı ərəb dili lüğətinin Vani Mehmed bin Mustafa tərəfindən tərcüməsi idi.

Osmanlıya ilk mətbəəni  isə İbrahim Mütəfərriqa 1719-cu ildə gətirib.

 

1876-cı ilin 31 yanvar günü… ABŞ-da ölkədəki bütün hindular “Hindu reservasiyası” adlandırılan xüsusi bölgələrə sürgün edildilər. 12 oktyabr 1492-ci ildə Xristofor Kolumbun Hindistan zənn edərək Amerika qitəsini kəşf etməsindən sonra o torpaqlarda yaşayan yerli xalqların kabusu başladı. Yeni bir dünyada yaşamaq və onun zənginliklərinə sahib olmaq istəyən avropalılar Amerikaya köçdülər. Avropa mənşəli amerikalılar adlandırılan bu icmalar hinduları öz torpaqlarından sürgün etməklə, müxtəlif yoluxucu xəstəliklərlə, mədəni qadağalarla fiziki olaraq məhv etməyə başladılar. Lakin hindulara edilən zülmlərdən biri də onları xüsusi ayrılmış bölgələrdə yaşamağa məcbur etmək idi. Bu bölgələrə “Hindu rezervasiyası”adı qoyulmuşdu.

8 sentyabr 2000-ci il tarixində ABŞ Hindu Məsələləri Bürosunun rəhbəri qərblilərin tətbiq etdiyi etnik təmizləmə hərəkatında büronun iştirakına görə rəsmən üzr istədi.

 

19- cu əsr Osmanlı dövrü Türk ədəbiyyatının məşhur şairi və yazıcısı  Recaizadə Mahmud Əkrəm 31 yanvar 1914-cü ildə vəfat etdi. 1847-ci ildə doğulan, yaxşı təhsil alan, yüksək vəzifələrdə işləyən Recaizadə Mahmud Əkrəm ilk əsərlərini vətən şairi  adlandırılan Namık Kamalın redaktoru olduğu “Tasvir-i-Əfkar” qəzetində dərc etdi. 1870-ci illərdən sonra isə yalnız yaradıcılıqla məşğul oldu. Qərb ədəbiyyatından tərcümələr etdi. 1870-ci ildə ilk pyesi “Afife Anjelik”, 1871-ci ildə ilk şeir kitabı “Nəğmə-i Səhər”  işıq üzü gördü. Yeganə romanı “Araba sevdası” isə Türk ədəbiyyatında realizm cərəyanının ilk nümunələrindən biridir.

Məşhur ədəbiyyatçının əbədiyyətə qovuşduğu gün imperiyada məktəblər tətilə bağlandı və böyük bir yas mərasimi təşkil edildi.



Әlaqәli Xәbәrlәr