Botoks necə yarandı? (mətin və audio)

TRT "Türkiyənin səsi" radiosunun “Həyatı asanlaşdıran təsadüflər” rubrikasında bu dəfə botoksun yaranmasından danışırıq, mətni oxuyur Sevda Mirzə

2125303
Botoks necə yarandı? (mətin və audio)

Botoksun yaranması

 

   Ölümsüzlük və ya həmişə gənc görünmək istəyi hər dövrdə insanları maraqlandırıb. Bunun üçün bildikləri, bilmədikləri hər yola baş vurub, hətta müxtəlif iksirlər belə qəbul ediblər.  Bununla belə, insanları illər keçdikcə qarşısıalınmaz qocalma prosesinə məruz qalmaqdan heç nə xilas edə bilməz. Üstəlik son zamanlar ekoloji faktorlar - havanın çirklənməsi, yeyilən, içilən bütün məhsulların getdikcə qeyri-təbii hala gəlməsi də insan orqanizmini korlamaqdadır. Yaşa dolduqca gənclik hüceyrələri azalır, xarici görkəm dəyişir, dəri qırışır, üz sallanır, ləkələr düşür ki, bu da insanı ruhdan salır.

  Xarici gözəllik əbədi deyil və qocalmanı dayandırmaq olmaz. Bəs yaşlanmanın xarici görünüşdə yaratdığı deformasiyanın qarşısını qismən də olsa, almaq olmazmı? Əsrlərdir düşünülən bu suala cavab tibb elmindən gəlib.

  Elmi araşdırmaların nəticələrinə görə, estetik bədən tətbiqləri insanların əhval-ruhiyyəsinə yaxşı mənada ciddi şəkildə təsir edir. Amma çoxu bilmir ki, son illər ən çox edilən botoks tibb sahəsində bir müalicə metodunun təsadüfi yan məhsuludur.

  Botoks müalicəsi XX əsrin 80-ci illərində həkimlər tərəfindən ambliyopiya və çəpgözlük kimi halları aradan qaldırmaq üçün istifadə edilirdi. Ancaq aparılan müalicələr zamanı həkimlər gördülər ki, botoks həm də üz əzələlərini stimullaşdıraraq qırışları azaldır.

  Orta yaşdan yuxarı qadın və kişilərin tez-tez şikayət etdiyi göz və alın ətrafındakı qırışları botoksun böyük ölçüdə aradan qaldırması XX əsrin 90-cı illərində üz estetikası sahəsində yeni bir dəb meydana gətirdi.

  2002-ci ildə ABŞ-ın Qida və Dərman orqanı olan FDA-nın təsdiqi bir çox xəstəxanaya yeni estetik tendensiyaya qapılarını açmağa imkan verdi.

  Adını əldə edildiyi bakteriyalardan alan botoks əzələlərin stimullaşdırılmasına və gərginləşməsinə səbəb olan neyrotoksinlərin təmizlənməsi ilə istehsal olunur. Bir çox digər dərmanlar kimi onun tərkibində də seyrəldilmiş zəhər olduğundan ondan istifadə edərkən çox diqqətli olmaq lazımdır. Unudulmamalıdır ki, botoks yalnız hərəkət edən üz əzələləri sayəsində qırışları düzəldə bilir, uzun illik dərin qırışlara təsiri azdır.

  Botoks dermatologiya və ya plastik cərrahiyyə üzrə ixtisaslaşmış həkimlər tərəfindən çox kiçik dozalarda inyeksiya yolu ilə tətbiq edilir, nəticə 10-15 gün ərzində ortaya çıxır, təsiri maksimum 6 ay davam edir və təkrarlanması lazım olur. Amma botoksun tətbiqi bəzi adamlara qəti qadağandır. Sinir-əzələ sistemi xəstəlikləri olanlar, hamilə qadınlar, antibiotik tipli dərman qəbul edənlər, yumurta allergiyası olanlar botoksdan uzaq durmalıdır.

  İxtisas sahibi olmayanlar tərəfindən edilən, xəstələrin fərdi xüsusiyyətləri nəzərə alınmayan, yüksək dozada verilən botoks üz nahiyəsində şişirdilmiş ifadələrə səbəb olur ki, bu da zarafatlara və botokslunun inciməsinə gətirib-çıxarır. Ona görə də qeyri-qanuni klinikalarda səriştəsiz insanlara müraciət etmək gözəlliyə son qoymağa gətirib çıxara bilər. Necə deyərlər, “qaş düzəldən yerdə göz çıxarmamaq” lazımdır.

  30 ildir ən dəyərli təsadüfi kəşflərdən biri sayılır botoks. Amma insanın ən böyük gözəlliyi onun daxilindədir ki, üzünün ifadələrində əks olunur, görünür və şəxsiyyəti ifadə edir. Ona görə vücudumuzu hər zaman həm zahirən, həm də mənən gözəlləşdirək. Əbədi gözəllik xatirələrdə yaxşı, gözəl insan olaraq qalmaqdır.



Әlaqәli Xәbәrlәr