Rezin təkərin icadı (mətin və audio)

“Həyatı asanlaşdıran təsadüflər” rubrikamızda bu gün sizə həm də şin deyilən kauçuk, yəni rezin təkərin icadından danışırıq, mətni oxuyur mən Sevda Mirzə

2100294
Rezin təkərin icadı (mətin və audio)

Rezin təkərin ixtirası

 

  Avtomobil təkərlərinin xammalı olan kauçukun kəşfi təxminən 300 il əvvələ təsadüf edir. 1745-ci ildə fransız tədqiqatçısı Şarl Mari de la Kondamin (Charles Marie de La Condamine, 1701 – 1774) Cənubi Amerikada 10 illik ekspedisiyasını başa vuraraq Fransaya qayıdır. Səfərin məqsədi dünya meridianının dərəcəsini ölçmək idi. Kondamin bunu etdi, Amazon bölgəsinin ilk xəritəsini də hazırladı, eyni zamanda, heç kimin gözləmədiyi təbii bir məhsulla Paris Elmlər Akademiyasına gəldi. Tədqiqatçının gətirdiyi və təqdim etdiyi bu məhsul Peru yerlilərinin ağacın şirəsindən əldə etdikləri elastik bir maddə idi. Ağacın qabığı bir qədər parçalananda şirəsi çölə çıxır, dərhal bərkisə də, elastikliyini itirmirdi. Adı kauçuk idi...

  Qırılmayan, uzana bilən bu materialdan Peru yerlilərinin bir çox məhsullar istehsal etdiyini görən Kondamin bunu akademiyada gözlənilməz reaksiya gördü: fransız alimləri onun kəşfini faydasız saydılar.

  İllərlə xor baxılan kauçukun taleyi 1770-ci ildə dəyişdi və ilk dəfə olaraq məktəblərə bu günə qədər müəllim və şagirdlərin vazkeçilməz aləti olan silgi kimi daxil oldu.

  Rezinlə bağlı anlaşılmazlığın bəzi səbəbləri var idi. Kauçukun qeyri-adi xüsusiyyətləri olsa da, bu maddənin qüsurları da var idi: Amerika qitəsindən Avropaya gətirilənə qədər qıcqıraraq öz funksiyasını itirirdi. Üstəlik, hər yeri çirkləndirir, pis iyi ətrafı bürüyürdü. Bu zaman kimyaçılar qollarını cırmaladılar. 1823-cü ildə şotland kimyaçısı Çarlz Makintoç (Charles Macintosh) kauçuku neftdə həll etdi, sonra bu qarışığı isladıb onları suya davamlı etdi. Lakin bu üsulla belə rezin xoşagəlməz qoxusundan xilas ola bilmədi, üstəlik ağac kimi bərk və kövrək oldu. Kauçukun bugünkü neft-kimya sənayesinin aparıcı qüvvəsinə çevrilməsinə səbəb inanılmaz bir təsadüf oldu.

   ABŞ-da doğulmuş tədqiqatçı Çarlz Qudyer (Charles Goodyear, 1800-1860) tapdığı hər kimyəvi maddə ilə kauçuku qarışdırsa da, istədiyi nəticəni ala bilmir, ta ki sobanın yanında kükürdlə qarışdırdığı rezini unudana qədər. Bir gecə yatmazdan əvvəl evini qızdıran sobanın yanına təsadüfən kükürd qarışığı olan kauçuku qoyan Qudyer səhər yuxudan duranda rezinlərin sərtləşərək elastikliyini itirmədən forma aldığını görür. Təsadüfən də olsa, Qudyer sonralar “Vulkanizasiya” adlanacaq prosesin əsasını qoyur.

  Çarlz Qudyer ixtirası üçün 1844-cü ildə patent alsa da, çoxu onu sağlığında dəstəkləmədi. Nəticədə Qudyer arvadı və uşağına minlərlə dollar borc qoyaraq otel otağında vəfat etdi. Amma britaniyalı ixtiraçı Tomas Henkok (Thomas Hancock, 1786-1865) bir neçə il ərzində vulkanizasiya üsulu ilə şinlər – rezin təkərlər istehsal edərək minlərlə avtomobili təmin etdi və milyonlarla funt-sterlinq qazandı.  

  Beləliklə, kauçukun rezinə çevrilməsi onun istifadə sahəsini inanılmaz dərəcədə dəyişdirməklə yanaşı, həm də çox milyard dollarlıq sənayenin yaranmasına səbəb oldu.



Әlaqәli Xәbәrlәr