2024-cü il – meydan oxuyan il (mətin və audio)

Mövzu ilə bağlı Türkiyə Siyasət, İqtisadiyyat və Cəmiyyət Araşdırmaları Fondu – SETA-nın direktoru professor Murat Yeşiltaşın yazısını təqdim edirik, mətni oxuyur Sevda Mirzə

2077107
2024-cü il – meydan oxuyan il (mətin və audio)

 

  2023-cü ildə baş verənlər 2024-cü ildə mümkün geosiyasi və strateji ssenariləri şaxələndirdi.

  4 milyarddan çox əhali 2024-cü ildə seçkilərə gedəcək. ABŞ, Rusiya, İngiltərə, Hindistan, Tayvan və Banqladeş kritik seçki ölkələri olaraq önə çıxır. Bu seçkilər Ukrayna, Qəzza, Tayvan problemləri, İranın nüvə proqramı, Yaxın Şərqdə İsrail-Ərəb qarşıdurması ehtimalı, enerji qiymətlərindəki qeyri-müəyyənliklər və iqlim dəyişikliyi ilə bağlı proseslərə beynəlxalq səviyyədə təsir edə biləcək. Son 24 ayda 78 qarşıdurma ya tamamilə yenidən başlayıb, ya da dondurulmuş münaqişələr yeni mərhələyə keçib.

  Sistemdəki dəyişiklik və transformasiya hələ də qeyri-müəyyən olaraq qalır. Bu vəziyyətdə Amerika Birləşmiş Ştatlarının mövqeyi çox vacibdir. ABŞ-ın qlobal mövqeyinə ciddi meydanoxuma var.

  Çin hələlik Amerika ilə hərbi baxımdan tarazlaşmayıb, amma yaxın gələcəkdə bəzi sektorlarda onu balanslaşdıra biləcək. Bu vəziyyət Çinə qlobal güc mövqeyi gətirməyəcək, lakin ABŞ-ı öz bölgəsində tarazlaşdıra, geri itələyə və ya dala çəkə bilər.

  İkincisi, xüsusilə oktyabrın 7-dən sonra Amerika Birləşmiş Ştatlarının Yaxın Şərqdəki hərbi mövqeyinə ciddi zərbə vurmaq meyli oldu. Bu, ABŞ-ın hərbi mövcudluğunu riskə atan bir vəziyyət kimi ortaya çıxır.

  Bu gün Amerika Birləşmiş Ştatları dünyanın ən böyük iqtisadiyyatlarından biri olaraq qalır. Avropanı və Çini qabaqlayır. Bununla belə, qlobal iqtisadi vəziyyət göstərir ki, bir çox regional və orta güclər, xüsusən də Hindistan ABŞ-ın iqtisadi hegemonluğuna ciddi problem yaradır.

  Diplomatik baxımdan Birləşmiş Ştatlar mənəvi üstünlüyünü itirir. Xüsusilə, Qəzza müharibəsindən sonra Amerika diplomatiyası daha çox gözdən, etibardan düşdü. Bayden hökumətinin öz qaydalarına əsaslanan beynəlxalq nizam yaratmaq məqsədi uğursuzluğa düçar oldu və bəzi dövlət başçılarının qeyri-qanuni davranışlarına haqq qazandırdı.

  Digər sistemli məsələ Rusiyanın Ukraynada davam edən işğalıdır. Hələ ki geosiyasi bir dəyişiklik yoxdur, Rusiya Ukraynanı Qara dənizə bağlı dövlətə çevirməyə çalışa da. Finlandiyanın və İsveçin mümkün NATO üzvlüyündən sonra Rusiyanın Ukrayna hədəfi daha gərgin hal alıb. 2024-cü ildə də Vladimir Putinin məqsədinə çatma ehtimalı az görünür. Rusiya-Ukrayna müharibəsindəki dəyişməz döyüş meydanında coğrafi mövqe ilə hərbi əməliyyat intensivliyi arasında ciddi uçurum var, yəni sahədə genişlənmə, irəliləyiş yoxdur. Amma bu, bir müharibədə uzun sürən vəziyyət ola bilməz.

  Başqa məsələ Qərbin Ukraynaya dəstəyidir. Çox hərbi dəstək verilməsinə baxmayaraq, bu, meydanda dəyişən rol oynamır, sadəcə Ukraynanın müdafiəsini gücləndirir və Rusiya üzərində qələbə qazanmaqda strateji üstünlük vermir. Diplomatik cəbhədə hələlik heç bir irəliləyiş yoxdur. Bu irəliləyişin yaxın gələcəkdə baş verməsi də hələ ki mümkün görünmür.

  Mövcud vəziyyət Ukraynanın barış danışıqlarını qazanmasına mane olur. Çünki Ukraynanın sülh planı hələ də Rusiya qoşunlarının Ukrayna ərazisindən tamamilə çıxarılmasını nəzərdə tutur. Bu səbəbdən Ukraynada mövcud vəziyyət 2024-cü ildə də eyni şəkildə davam edə bilər. Lakin ABŞ-da keçiriləcək prezident seçkiləri Ukraynadakı proseslərə ciddi təsir edə bilər.

  Prezident seçkiləri Rusiyada da keçiriləcək. Ancaq bu seçkidə Putinin prezidentliyi görünür. Böyük bir sürpriz baş verməzsə, Rusiyada hakimiyyət Putinin idarəsilə davam edəcək. Bununla belə, Rusiya-Avropa münasibətlərində yeni tendensiya ola bilər. Donald Tramp seçkilərdə qalib gələrsə, Avropa Ukrayna ilə bağlı daha sərbəst hərəkət edər.

  Təbii ki, proqnozların əksinə olaraq, beynəlxalq siyasət yeni rəqabətli və münaqişəli proseslərlə də üzləşə bilər.



Әlaqәli Xәbәrlәr