Sakarya və bir zaman keçilməz Roma körpüsü

Bu gün Türkiyənin Mərmərə bölgəsinin sahilyanı şəhəri Sakaryaya gedirik

2036828
Sakarya və bir zaman keçilməz Roma körpüsü

Sakarya Yustinian körpüsü

 

   “Kapitanın səyahət dəftəri”ni vərəqləyincə baxıb görürük ki, proqramlarımızda Türkiyənin Qara dəniz sahillərini, bir çox sahilyanı şəhər və qəsəbələri birlikdə gəzmişik. Bəzən sahillərdən içərilərə getmişik, dağlara çıxmışııq, sizə Qara dənizin bənzərsiz yüksəklikləri, meşələri və az tanınan antik şəhərlərindən bəhs etmişik. Bu gün isə Türkiyənin Mərmərə bölgəsinin sahilyanı şəhəri Sakaryaya gedirik.

  Sakarya qədim zamanlardan mühüm şəhər olub. Bərəkətli əkinçilik sahələri, zəngin su ehtiyatları və meşələri ilə insanların tarix boyu məskunlaşdığı bir yerdir Sakarya.

  Roma və Bizans dövründə ticarət mərkəzi olan Sakarya Osmanlı dövründə paytaxt İstanbulun tələb etdiyi məhsullar üçün ilk müraciət edilən yerlərdən biri olub. Paytaxta yaxınlığı, dəniz və Sakarya çayının sahilində olması bölgəyə mühüm üstünlüklər verir.

  Antik dövrdə məbədlər, heykəllər, abidələr və sarkofaqları bir ümumi xətt birləşdirirdi. Mərmər. Anadoluda Roma imperatorluğunun mərmər ehtiyacının ödənildiyi yer Afyonkarahisar və ətrafı idi. Buradan çıxarılan ağ mərmər həm yataqlarının ölçüsünə, həm də keyfiyyətinə görə böyük diqqət çəkib. Ona görə də memarlar və heykəltəraşların üstünlük verdiyi dəbdəbəli mərmər növü sayılıb.

  Tonlarla çəkisi olan mərməri quru yolu ilə daşımaq çox çətin olduğundan çayların gücündən istifadə edilib. Həmin suların ən mühümü Sakarya çayıdır.

  Sakarya çayı qədim zamanlarda Sanqarios adlanırdı. Çay çox güclü axdığı üçün Roma dövrünün bəzi tarixçiləri onu "keçilməz" deyə tərif etmişdilər. İmperator bu çayın üzərində körpü inşa etdirib ki, Sakarya dedikdə fikrə gələn ilk tarixi tikililərdən biri imperatorun adını daşıyan bu Yustinian (Justinianus) körpüsüdür. Bu gün Beşköprü kimi tanınan Yustinian körpüsü UNESCO-nun Dünya İrsi Siyahısındadır.

 

  Yustinian körpüsü Şərqi Roma imperiyasına aid dünyanın ən mühüm tarixi əsərlərindən biridir. 1500 ildir salamat qalan körpünün demək olar ki, Ayasofya məscidi qədər qədimdir. Körpünün uzunluğu təxminən 350 metr, eni isə üç zolaqlı yol qədərdir. Yəni dövrünə görə olduqca böyük tikilidir. Dövrün müəllifləri öz əsərlərində Yustinian körpüsünün qeyri-adi ölçüsünü qeyd ediblər.

  İmperator Yustinianın bu körpünü bugünkü İstanbul, yəni paytaxt Konstantinopolla Anadolu arasında gediş-gəlişi rahatlaşdırmaq üçün tikdirdiyi güman olunur. Körpü bu gün orijinal formasını saxlasa da, artıq əvvəlki kimi funksiyasını yerinə yetirə bilmir. Çünki artıq körpünün altından Sakarya çayı axmır. Bəli, bu möhtəşəm və nəhəng körpü bu gün köhnə çay yatağının üzərində dayanır.

  Qədim zamanlarda və ondan əvvəl Sakarya çayının axını gur olub və tez-tez daşqınlara səbəb olub. Daşqınların qarşısını almaq üçün Sakarya çayının yatağı dəyişdirilib. Böyük maneə olan çayı keçmək üçün imperator Yustinian tərəfindən tikilmiş o nəhəng körpü də beləcə öz funksiyasını itirib. Az adamın Türkiyədə olan bu antik möhtəşəm Yustinian körpüsündən xəbəri var.

  İstəkli dinləyicilər, “Kapitanın səyahət dəftəri”ni vərəqləyib sizi Türkiyənin Mərmərə bölgəsinin sahilyanı şəhəri Sakaryaya gətirdik və Roma imperiyasından qalan antik Yustinian körpüsündən bəhs etdik. Sakaryanın möhtəşəm təbii gözəlliklərini isə gələn proqramlarımızın birində təsvir edəcəyik.



Әlaqәli Xәbәrlәr