Piyada gəzməyin faydaları

Mətni doktor Mehmet Uçar hazırlayıb, mən Sevda Mirzə oxuyub təqdim edir

1995875
Piyada gəzməyin faydaları

Piyada gəzmək və faydaları

 

  İnsandan insana fərq edən sağlıq vəziyyətindən asılı olaraq bir adam həftədə 5 gün orta hesabla 30-60 dəqiqə piyada gəzməlidir. Daimi gəzinti ürək-damar sağlamlığından psixologiyaya qədər bir çox cəhətdən insan sağlamlığının xeyrinədir.

  Piyada gəzməyin faydaları nələrdir?  

  • Damarlarda qan axını və miqdarını artıraraq dövranı yaxşılaşdırır.
  • Ürək-damar və bəzi serebrovaskulyar xəstəliklər riskini azaldır.
  • Ürək əzələsi də daxil olmaqla bədən əzələlərini gücləndirir və onların daha effektiv işləməsini təmin edir.
  • Stress zamanı təzyiqin qalxmasını azaldaraq onu tənzimləyir.
  • Limfa dövranına kömək edir.
  • Maddələr mübadiləsini stimullaşdırır, metabolik sürəti artırır, hətta istirahət edərkən belə arıqlamağa imkan verir.
  • Bağırsaqların işini tənzimləyir. Belə ki, piyada gəzmək həzm sistemini yaxşılaşdırır, qəbizliyin aradan qaldırılmasına kömək olur və həzm sistemi xəstəlikləri azaldır.
  • Oynaqların və əzələlərin elastikliyini artıraraq bel və boyun ağrılarını aradan qaldırır.
  • Stressi azaldır.
  • Yemək istəyini - iştahı idarə etməyə yardımçı olur.
  • Enerji verir.
  • Qanda xolesterinin səviyyəsini azaldır.
  • Şəkər xəstəliyinin qarşısının alınmasına və ya idarə edilməsinə xeyri dəyir.
  • Döş, prostat və mədə-bağırsaq xərçəng növlərinə qarşı riski azaldır.
  • İnfarkt və insult kimi xəstəliklər üçün köməkçi reabilitasiya xüsusiyyəti daşıyır.
  • Yuxu rejimini dəstəkləyir.
  • Ayaq və omba nahiyəsindəki əzələlərin güclənməsinə kömək edir.
  • Sümükləri gücləndirdiyi üçün osteoporoz riskini azaldır.

  Hər bir sağlam adam piyada gəzə bilir. Ancaq böyrək çatışmazlığı olanlar, ayağı yaralılar və yeni ortopedik əməliyyat keçirənlər həkimə müraciət etmədən yeriməməlidir.

  Araşdırmalar göstərib ki, mütəmadi olaraq orta intensivlikdə gəzmək, hərəkət etmək immunitet sistemini gücləndirir, xəstəliklərin tezliyini azaldır və xəstəliyi asan keçirməyə səbəb olur.

  Həftədə ən azı 5 gün 30-45 dəqiqə orta və sürətli piyada gəzmək artıq çəki ilə də mübarizəyə töhfə verir. Gəzinti intensivliyi artırılsa, həftəlik ümumi vaxt qısala bilər.

  Hər gəzintidən əvvəl və sonra 5-10 dəqiqə ayaq və budun ön və arxa əzələlərinin gərmə hərəkətləri edilməlidir. Bu sadə məşqlər piyada gəzinti zamanı və sonra baş verə biləcək əzələ və oynaq zədələrinin qarşısını almaqda faydalı olur.

  Gəzinti zamanı bədənin şəkli önəmlidir. Geri və ya irəli əyilmədən dik yerimək bədənin hər bir hissəsinin bərabər şəkildə hərəkətini təmin edir.

  Piyada gəzərkən gücü artırmaq və ayaq hərəkətlərini sabitləşdirmək qolların işidir. Təkcə qolları yelləmək 5-10 kalori yandırır.

  Əllər yumruq kimi sıxılmamalıdır ki, qan axını nizamlı olsun. Ayaqları və qolları diaqonal olaraq aydın bucaq altında yelləmək sağlam yeriş üçün vacibdir.

  Ayaqqabı seçiminə fikir verin. Uyğun və daban yumşaqlığı düzgün seçilmiş idman ayaqqabıları performansı artırır. Elastik dabanlı və gəzinti üçün uyğun idman ayaqqabılarına üstünlük verilməlidir. Çox böyük və ya dar ayaqqabılardan uzaq durmaq lazımdır. Düzayaq, bel, omba, diz, topuq və ayaqlarda problemlər varsa, ilk növbədə həkim nəzarətindən keçmək və lazım gələrsə, ayaqqabının içərisinə taxılan içliklə yerimək məsləhətdir.

  Uzun piyada yolları mütləq idman və ya qaçış ayaqqabısı ilə gəzmək yaxşıdır.

  Pambıq materialdan olan rahat geyimlərə üstünlük vermək lazımdır. Gəzinti metabolik olaraq tərləməni artırdığı üçün təri çəkən pambıq paltarlara və ya təri xaric edən xüsusi parçalara üstünlük verilməlidir. Ümumiyyətlə, piyada gəzərkən rahat və hərəkəti məhdudlaşdırmayan geyim seçilməlidir.

  Yeməkdən sonra ən azı 2 saat piyada gəzmək faydalıdır. Gəzintidən əvvəl nə çox ac, nə də çox tox olmaq lazım deyil.

  Əyri-üyrü, enişli-yoxuşlu ərazilərdə gəzmək diz, omba və bel ağrıları olan adamlarda şikayətlərin artmasına səbəb ola bilər. Ayağı basma problemi olan xəstələr ayaqqabılarında aşağı ətrafın biomexanikasını tənzimləyən, diz, omba və belə bərabər yük paylanmasını təmin edən fərdi içliklər istifadə etməlidir.  

  Gəzinti tempinin havaya, yerə və fərdin vəziyyətinə uyğun tənzimlənməsi insanı mümkün ortopedik zədələrdən qoruyur. Təhlükəsiz gəzinti üçün məsləhətlər bunlardır:

* Piyadalar üçün nəzərdə tutulmuş və işıqlı yerlərdə gəzmək;

* Qaranlıqda gəzərkən fosforlu geyimlərdən istifadə etmək;

* Gəzinti üçün çox isti və yüksək rütubətli saatlar seçməmək;.

* Günəşdə yanmamaq üçün gündən qoruyan kremlər və s. kimi ehtiyat tədbirləri görmək.

* Piyada gəzərkən maye itkisini nəzərə alaraq bol maye qəbul etmək;

* Gəzintiyə ilk dəqiqələrdə yavaş addımlarla başlamaq, istilənmək, sürətlənmək, sonra yenə tempi aşağı salaraq sərinlənmək lazımdır.



Әlaqәli Xәbәrlәr