Kapitanın səyahət dəftəri

İllər ərzində yüzlərlə, minlərlə qayıq, gəmi gəlib keçib bu dənizlərdən... Sahillərə, limanlara yan alıb…

1952770
Kapitanın səyahət dəftəri

Kapitanın səyahət dəftəri-1

İllər ərzində yüzlərlə, minlərlə qayıq, gəmi gəlib keçib bu dənizlərdən... Sahillərə, limanlara yan alıb… İnsanlar saysız-hesabsız sahillərə çıxıb... Bu müddət ərzində gördükləri yerlər dəyişib, inkişaf edib. Bəziləri torpağın altında qalıb, bəziləri dimdik ayaqdadır. Bəziləri xarabalıqlara çevrilmiş qalıqları ilə bizə keçmiş zamanların şahidliyini edir. 

Bəs, dəniz necə? Üzərində üzən bütün gəmilərə və insanlara baxmayaraq, dəniz dəyişibmi? Çox vidalar, qovuşmalar yaşanıb, çox sevəni bir-birindən ayırıb, çoxlarına məzar olub. Amma gözəlliyindən və əzəmətindən heç nə əskilməyib. Əngin, dərin bir mavidir o…

Üzərindəki köpükləri, dalğaları, dərinliklərində yaşayan milyonlarla canlı aləmi ilə tamam başqa bir dünyadır dəniz... Buludları, qağayıları, yelkənləri şişdirən küləkləri, gecələri səmasındakı ulduzları ilə  bənzərsiz bir dünyadır... Məndə dənizə olan bu ehtirasın nə vaxtdan başladığını xatırlamıram... Uşaqkən qumdan düzəltdiyim qalaları dalğaların dağıtdığı vaxtlardanmı? O qalaları bəzəmək üçün yorulmadan balıqqulaqları axtarandamı? Kim bilir, bəlkə dəniz quldurlarının hekayələrini dinləyəndən, bəlkə də Jül Vernin “İyirmi min lye su altında” kitabını oxuyandan...

Bəlkə də bu ehtiras Jak-İv Kustonun məni dənizin içindəki dünya ilə tanış edəndən sonra başladı... Dəniz... Daxili dünyası ilə möhtəşəm, sahilində salınmış şəhərləri, kənd və qəsəbələri ilə geniş və heyranedici bir gözəlliyi olan bir kainat!

Dəniz bəzi insanları çağırır... Türk ədəbiyyatının önəmli simalarından olan Halikarnas Balıqçısı da dənizin çağırışına biganə qala bilməyənlərin hekayəsini anladır öz kitabında. Məni də çağırdı dəniz, ondan ayrı bir həyat düşünə bilmədim. Həmişə dənizin ortasında olmaq, dənizlə bir olmaq istədim. Dənizi bir başqa cür sevirəm...

Ona görə də illərdir “Səyyah”la Türkiye dənizlərində gəzirəm. “Səyyah” mənim gəmimin adı, mən də kapitanınızam. Gəmimin həm kapitanı, həm heyəti, həm də işçisiyəm. Yəni burdakı hər şeyə mən cavabdehəm. Gəzdiyim, gördüyüm yerləri özümdə saxlamaqdansa, sizinlə bölüşmək istəyirəm.

Türkiyenin cənnət körfəzlərini, Anadolunun dənizkənarı antik şəhərlərini, limanlarını, meşələrini və ya dünya irsi siyahısındakı yerlərini dənizdən görməyə nə deyirsiniz? Gəmimdə mavi səmanın və ağ buludların altında üzmək istərdinizmi? Üzünüzdə günəşi və duzu hiss etmək necə? Sahildə mirvari kimi düzülmüş evləri və ya yaşılın yüzlərlə çalarını görməyi? Limana yaxınlaşmanın sevincini və həyəcanını yaşamaq istərdinizmi?

Kapitanın səyahət dəftərində “Səyyah”la çıxacağınız bu səyahətdə nəsli kəsilmək təhlükəsi ilə üzləşən dəniz canlılarına rast gələ, dalğaların səsində  Anadolunun mifoloji hekayələrini dinləyə bilərsiniz. Dünyanın ən qədim gəmisinə, zəlzələlər nəticəsində sular altında qalan qədim şəhərlərə və Türkiyenin ilk sualtı muzeyinə bizimlə birlikdə dala bilərsiniz.

Türkiyenin sahil şəhərlərini gəzəcək gəmimizdə sizin üçün də yer ayırdıq. Tarix, təbiət və dənizin iç-içə olduğu bu səfərdə qonağımız olmaq istəyirsizmi? Gəlin küləyi arxamıza alaraq dənizə açılaq və Anadolunun minillik möhtəşəm arxeoloji və mədəni irsini dənizdən seyr edək. Quruda görə bilmədiklərimizi dənizdən sahilə baxaraq kəşf edək. Möhtəşəm körfəzləri, o körfəzlərdəki yaşayış məntəqələrini dolaşaq. Saysız-hesabsız arxeoloji qalıqları özündə birləşdirən şəhərləri, bənzərsiz qumsalları, qalaları olan şəhərləri birlikdə ziyarət edək. Əsrlərə geri dönüb tarixə şahidlik edək və bu günümüzü görək.

Beləliklə, səyahət başlasın!

Gəlin səyahət dəftərinin ilk səhifəsini açıb marşrutumuzu yazaq. Yüngül bir mehlə açılaq dənizə, sakit və hüzurlu bir şəkildə seyr edək. Sonra külək “Səyyah”ın yelkənlərini şişirsin. Əgər külək tufana çevrilərsə, ən yaxın limana sığınaq. Günəş dərimizi bir az isitsin, gəmimiz irəlilədikcə kiçik dalğalar dənizin duzunu dərimizə toxundursun. Gəmimiz hər çərşənbə yerli vaxtla saat 11:00-dan sonra lövbər salacaq, yerlərinizi əvvəlcədən ayırmağı unutmayın və gecikməyin!



Әlaqәli Xәbәrlәr