Stratonikiya antik şəhəri

TRT “Türkiyənin səsi” radiosundan “Anadolunun ilkləri” başlığı altında bu gün sizə Türkiyənin qərbindəki Muğla rayonunda yerləşən, dünyada bənzəri olmayan antik Stratonikiya (Stratonikeia) şəhərindən danışırıq

1907159
Stratonikiya antik şəhəri
Stratonikiya antik şəhəri_.jpg
Stratonikiya antik şəhəri_02.jpg
Stratonikiya antik şəhəri_03.jpg

Stratonikiya antik şəhəri

 

  Anadolunun on minlərlə illik tarixi maraqlı və təəccüblü nümunələrlə doludur. Onun sərvəti gözlənilməz yerlərdə ortaya çıxır. Eramızdan əvvəl müqəddəs mərasimlərin keçirildiyi yerlər, zülmdən qaçanların sığındığı mağaralar, dünyanın sıfır nöqtəsi, əsrlərə meydan oxuyan abidələr və sizi fərqli zamanlara səyahət etdirən daha haralar.

  TRT “Türkiyənin səsi” radiosundan “Anadolunun ilkləri” başlığı altında bu gün sizə Türkiyənin qərbindəki Muğla rayonunda yerləşən, dünyada bənzəri olmayan antik Stratonikiya (Stratonikeia) şəhərindən danışırıq. Mətni Neslihan Değirmencioğlu hazırlayıb, Sevda Mirzə oxuyub təqdim edir.

  Stratonikiya antik şəhəri Anadolunun qərbində qərar tutan Muğla rayonunda yerləşir. İnsanlar burada Tunc dövründən məskunlaşıblar. Amma onu digərlərindən fərqləndirən ən mühüm xüsusiyyət odur ki, Muğlada bir neçə dövrü eyni vaxtda görmək mümkündür. Çünki burada antik dövrdən başlayaraq Roma, Bizans, Səlcuq, Osmanlı və Türkiyə cümhuriyyəti dövrlərini bir-birinə bağlı və hamısını vəhdət şəklində görmək olur.

  Stratonikiya antik şəhəri 3000 illik xarabalıqlar üzərindədir. Adi şəhərlərdən çox fərqlidir. Keçmişlə bu gün harmoniya yaradır şəhərdə. Bir tərəfində ellinizm dövrü antik teatrı, bir tərəfində Roma dövrünə aid parlament binası (bouleuterion), bir tərəfində Osmanlı dövrünə aid məscid var burada. Dünyada Stratonikiya kimi başqa bir antik şəhər yoxdur ki, eyni yerdə eyni zamanda müxtəlif dövrlərə aid bu qədər çox tikili olsun. Buna görə də Stratonikiya UNESCO-nun Ümumdünya Mirası Siyahısına salınıb.

  Bir sıra mənbələrdə Stratonikiya dünyanın ən böyük mərmər antik şəhəri kimi tanınır. Herodot, Strabon və Pausanias öz əsərlərində bu yer haqqında yüksək fikirlər söyləyiblər.

  Stratonikeia həm də qladiatorlar şəhəri kimi tanınıb. Çünki qladiatorlar bu döyüşlərdən azad olandan sonra burada təlim keçib və məskunlaşıblar.

Anadolunun ən möhtəşəm gimnaziyalarından (gymnasion) biri Stratonikiyadadır. Gimnaziyalar qədim zamanlarda gənclərin həm təhsil aldıqları, həm də idmanla məşğul olduqları təlim-təhsil mərkəzi olub.

  Stratonikiya Hekat və Zevsə ithaf edilmiş iki böyük ziyarətgahı olan yeganə şəhər-dövlətdir.

  Dövrün dini mərkəzi olan antik Lagina şəhəri də Stratonikiya yaxınlığındadır. Bu iki şəhər bir-birinə dini bağlarla yaxın olub. Lagina həm də Osmanlı dövründə Qərbi Anadoluda Osman Həmdi bəyin başladığı ilk arxeoloji qazıntı yeridir. Şəhərin təbii yamacında tikilmiş 15 min nəfərlik amfiteatr da var.

  Stratonikiyada aparılan arxeoloji qazıntılar zamanı 1600 illik mozaikalar aşkar edilib. Mütəxəssislər hesab edir ki, bu mozaikaları düzmək üçün ustalar antik Efes şəhərindən gətirilib.

  Stratonikiyada siz Səlcuqlu, Osmanlı, Türkiyə Cümhuriyyəti, bir az da dərinə getsək, Ellinistik, Roma və Bizans dövrlərinə aid sütunlu küçələrdə gəzirsiniz. Sanki zamanda səyahət edirsən, bir anda yüz il geriyə gedib-qayıdırsan. Bu vəziyyət adamı bir az çaşdıra bilir, çünki siz həm dünəndə, həm bu gündəsiniz. Hansısa başqa bir qədim şəhəri gəzsəniz, bu qədər dövrü bu qədər bir arada görə bilməyəcəksiniz. Sütunlu küçələri, idman zalı, parlament binası, hamamları, məscidləri və Osmanlı dövrü evləri ilə heyranedici bir yerdir Stratonikiya. O, keçmişə qapılar acır və burada tarixin izləri bir-birinə qarışır. Səyahət etmək və bu unikal antik şəhəri kəşf etmək çox maraqlıdır.



Әlaqәli Xәbәrlәr