Ağrı dağı və İshak Paşa sarayı

Anadolunun ən yüksək dağı olan Ağrı dağı və Anadolunun ən möhtəşəm saraylarından biri olan İshak Paşa sarayı

1842372
Ağrı dağı və İshak Paşa sarayı
Ağrı dağı və İshak Paşa sarayı_01.jpg
Ağrı dağı və İshak Paşa sarayı_.png

Ağrı dağı və İshak Paşa sarayı

  

  Heç bir dağın zirvəsinə çıxmısınız və ya bunu etməyi düşünmüsünüz? Bu təhlükəli və çətin hərəkət sizə dəlilik görünür? Yoxsa sizcə, bunu həyatda bir dəfə də olsa, sınamaq lazımdır?

  Dağlar və onların zirvələri bir çoxları üçün böyük istəkdir. Zirvələrə qalxmaq, dağlarda yaşamaq, torpağa, küləyə, buludlara, günəşə hər kəsdən daha yaxın olmaq başqa bir hissdir. Dağçılar deyir ki, insanın dünyadaki yerini bu dırmaşmalarla dərk etmək mümkündür.

  Uyğun hava şəraitində müvafiq avadanlıqla dırmaşır alpinistlər dağlara. Peşəkar və ya həvəskar dağcıların hədəfindəki dağlar və zirvələr də müxtəlifdir. İnsanların zirvəsinə çıxmaq istədiyi dağlardan biri də Türkiyənin şərqində yerləşən Ağrı dağıdır.

  Ağrı dağı məşhur orta əsr səyyahı Marko Polonun “heç vaxt qalxa bilməyəcəyini” dediyi dağdır. Əfsanələrdə və müqəddəs kitablarda da bu barədə bəhs edilir. Nuhun gəmisinin bu dağda olduğuna inanılır. Gəmini tapmaq üçün sonsuz əzmlə illərdir Ağrı dağına dırmaşır həvəskarlar.

  Ağrı dağı əzəməti ilə insanları təəccübləndirir. Dağın böyüklüyünü ona uzaqdan baxmaqla da anlamaq olur.

  Türkiyənin ən yüksək zirvəsi və ən böyük vulkanik dağı olan Ağrı İğdır və Ağrı şəhərləri arasında ucalan bir dağdır ki, aydın havada onu Azərbaycan, Gürcüstan, Ermənistan və İrandan da görmək olur.

  TRT “Türkiyənin səsi” radiosundan “Anadolunun ilkləri” başlığı altında bu gün sizə Türkiyənin, o cümlədən Anadolunun ən yüksək Ağrı dağından, əfsanələrdə Nuhun gəmisinin olduğu düşünülən zirvəsindən və bu dağın ətəyində monumental tac qapıları, usta daş işləri və yüzlərlə otağı ilə valeh edən, Osmanlı dövründən qalan, UNESCO-nun Dünya Müvəqqəti Mirası Siyahısına daxil olan möhtəşəm İshak Paşa Sarayından danışacağıq. Mətni Neslihan Değirmencioğlu hazırlayıb, mən Sevda Mirzə oxuyub təqdim edirəm.

  Anadolunun ən yüksək dağı olan Ağrı ilə birgə bu yerlərin ən möhtəşəm saraylarından biri də xatırlanır. “Min bir gecə”dən çıxmış kimi görünən bu saray Osmanlı dövrünün ən mühüm memarlıq əsərlərindən biri olan İshak Paşa sarayıdır. Ağrının Doğubayazıt rayonunda yerləşən saray İğdır düzünə baxan bir təpənin üzərində tikilib. Köhnə İpək Yoluna yuxarıdan baxan saray Anadoluda Osmanlı dövründən günümüzə qalan yeganə saray hesab olunur.

  Təxminən 100 ilə başa gələn İshak Paşa sarayının tikintisi 1685-ci ildə Çıldır atabəylərindən Çolak Abdi Paşa tərəfindən başlanılıb və eyni nəsildən olan Kiçik İshak Paşanın dövründə - 1784-cü ildə tamamlanıb. Həm tikildiyi dövrdə, həm də bu gün Ağrı rayonunun ən mühüm abidələrindən biri sayılır. Səlcuqlu, İran və Osmanlı memarlığının izlərini daşıyan bu möhtəşəm əsər barokko və rokoko elementləri ilə də diqqət çəkir. Görənləri valeh edən İshak Paşa sarayı müxtəlif mədəniyyətlərin sintezindən ibarətdir.

  UNESCO-nun Dünya Mirası Siyahısında olan tarixi İshak Paşa sarayı türk memarlıq tarixinin ən gözəl əsərlərindən biridir. O, təkcə yerləşdiyi yer və möhtəşəm arxitekturası ilə deyil, həm də monumental qapıları və daş naxışları ilə bir sənət abidəsidir.

  İshak Paşa sarayı Osmanlı imperiyasının ən böyük saray kompleksi olan Topqapı sarayından sonra sonuncu böyük monumental tikilidir. Sarayın bəzi hissələri tək, bəzi hissələri iki, bəzi hissələri isə üç mərtəbəlidir. Divan, hərəm, məscid və otaqlar iki böyük həyətin ətrafında yerləşir. Yerli daşlardan tikilmiş İshak Paşa sarayı qabartmalar, bəzəklər, ornamentlər və bitki motivlərindəki usta daş işçiliyi ilə insanı heyran edir. Sarayın daş hörməsi dünyanın ən yaxşı nümunələrindəndir.

  7600 kvadrat metrlik böyük bir ərazidə inşa edilən sarayda kiçik bir şəhərin ehtiyac duyduğu bütün tikililər var, hamam, çörək sexi, gözətçi köşələri, qulluqçu otaqları, məhkəmə zalı, həbsxanası və sair. Bu saydıqlarımız saray kompleksindəki tikililərdən sadəcə bir neçəsidir.

  Möhkəm qalaya bənzəyən və 300-dən çox otağı olan sarayda valehedici abu-hava var. İnsan istər-istəməz bu boyda binanın necə qızdırıldığını düşünür. İshak Paşa Sarayı bu cəhəti ilə də maraq doğurur, çünki istilik sistemi burada hələ yüz illər əvvəl tətbiq edilib. Saray isti su ilə qızdırılır, ocaqlarda qaynadılır və gildən saxsı borular vasitəsilə dövriyyəyə buraxılırdı. Binada indiki mərkəzi istilik sisteminə bənzər üsuldan istifadə edilməsi görəni heyrətləndirir.

  Ağrı dağı təkcə Nuhun gəmisi ilə bağlı əfsanə ilə deyil, həm də kitab və filmlərə mövzu olan sevgi hekayələri ilə də tanınır. Türkiyə ədəbiyyatının məşhur yazıçısı Yaşar Kamal “Ağrı dağı əfsanəsi” romanında qovuşa bilməyən Gülbaharla Əhmədin ürək ağrıdan sevgisini sadə və nağıl dili ilə danışır. Bu əfsanəvi sevgini təsvir edərkən Ağrı dağından, bu dağdakı Küp gölündən və İshak Paşa sarayının zindanlarından bəhs edir.

  “Ağrı dağının yamacında 4200 metr yüksəklikdə bir göl var, ona Küp gölü deyirlər. Göl xırman ölçüsündədir. Çox dərindir. Əslində bir quyudur, göl deyil. Gölün hər tərəfi, yəni quyunun ağzı döngə bıçaq kimi qırmızı, iti, parıldayan qayalarla əhatə olunub. Sonra gölün maviliyi başlayır. Bu tamam başqa mavidir… Gülbahar Əhmədi Küp gölündə itirdi. O gündən Küp gölünün yanından keçənlər Gülbaharı gölün sahilində oturmuş, uzun qara saçları kürəyində nur kimi dağılmış, başı iki əli arasında, dərin mavi suya baxan görür. Arada bir gölün sularında Gülbaharın gözünə Əhməd görünür, Gülbahar qollarını açıb Əhmədin yanına gedir və “Əhməd, Əhməd!” deyə çağırır. Onun səsi bütün dağda əks-səda verir. Göl qaynayır, Əhməd qeybə qarışır, Gülbahar yoxa çıxır, balaca bir ağ quş gəlib qanadını mavi suya batırır, sonra suyun üstündən atın qara kölgəsi gəlir”.

  Yaşar Kamal rəvayət dili ilə bizi bu ovsunlu diyara aparır və “Ağrı dağı əfsanəsi” romanında qovuşa bilməyən yaralı ürəklərin ağrısını paylaşır.

  Çöllü-biyabanın ortasında bütün əzəməti ilə qarşınıza çıxan bu kimsəsiz sarayı görüb heyran olmamaq mümkün deyil. XVIII əsrdə İshak Paşa sarayına gələn Qərb səyyahları saraydan heyranlıqla bəhs etmişlər. Onlar sarayın keramik işləri, nəbati motivli pannoları, güzgüləri, fantaziya quşlarının təsvir olunduğu tavan və qızılı zəri ilə örtülmüş möhtəşəm salonlarını nağıl kimi təsvir ediblər.

  İshak Paşa sarayının pəncərələrindən görünən Ağrı dağı və sarayı əhatə edən məkan ziyarətçiləri əfsanələr aləminə aparır.



Әlaqәli Xәbәrlәr