Ermənistan Türkiyə ilə normallaşmağa hazırdırmı?

Türk-İslam Araşdırmaları Mərkəzinin sədri, Xəzər Universitetinin müəllimi Telman Nüsrətoğlunun “Ermənistan Türkiyə ilə normallaşmağa hazırdırmı?” başlıqlı yazısı.

1800941
Ermənistan Türkiyə ilə normallaşmağa hazırdırmı?

Həm tarixi arxa planı, həm də günümüzdə cərəyan edən geosiyasi proseslərin məntiq və hədəfləri etibarilə nə erməni məsələsini, nə də XX əsrin sonlarına doğru daha da aktuallaşdırılaraq səhnəyə çıxarılan PKK terrorunu imperiyalist güclərin Türk millətiylə bağlı hesab və əməllərindən ayrı tutaraq dəyərləndirmək mümkün deyildir. Xüsusilə Türk- İslam aləminin lokomotivi sayılan Anadolu Türklərinin milli bir gündəm və konsepsiya, Ankara mərkəzli daha müstəqil siyasət xəttilə geniş coğrafiyalardakı soydaş, əqraba və dindaş topluluqlarla qucaqlaşaraq dünya nizamında haqq etdiyi güclü mövqeyi təkrar qazana bilmə ehtimalı birilərinin həmişə yuxularını pozmuşdur. Türk dünyasının təmsil etdiyi tarixin dərinliklərindən gələn  ədalət və xoşgörüyə dayalı mədəniyyət, bu mədəniyyətin  birləşdirici xarakteri, humanist və insanpərvər yönü istismarçı müstəmləkə anlayışını dünya ağalığı üçün əsas silaha çevirmiş bəzi  ölkələrdəki elitaları narahat etməsi də başa düşüləndir.

Ta XIX əsrin ikinci yarısından etibarən erməni xalqının  tarix boyu ən çox hörmət və dəyər gördüyü Osmanlı dövlətinə və Azərbaycan Türklərinə qarşı istifadə edilməsinə, Xınçaq, Daşnaqsütun, Armenekan kimi devşirilmiş sözdə milliyətçi qruplar, kilisələrdə yuvalanan xarici kəşfiyyatların əlində alətə çevrilmiş "din adamları"nın vasitəsilə ermənilərin beyinlərinin zəhərləndirilərək düşmənlik toxumları əkilməsi hadisəsinə də bu böyük rəsmin  içində baxmaq lazımdır. Bölgənin və tarixin demoqrafik, hərbi, mədəni reallıqlarıyla daban-dabana zidd olan dövrün geosiyasi geriçəkilmə və dalğalanmalarını fürsətə çevirmək istəyən erməni faşizminin müxtəlif həvəsləndirmələrlə   Türkiyə-Azərbaycanın milli varlığına qarşı yönəltdiyi düşmənçilik siyasətinin elə ən böyük məğlubları ermənilər olmuşdur. Gəlinən nöqtədə bunu daha açıq bir şəkildə görmək, balaca budaqların üstündə oturub böyük və köklü ağaçları silkələməyə cəhd edənlərin əməllərinin əbəsliyini anlamaq mümkündür.

Millətlər də insanlar kimi xarakterləri, kataklizm və rüzgarlar qarşısında prinsiplərini nəyin bahasına olursa olsun qoruya bilmə iradə və əzmləriylə özlərindən söz etdirir, çətin olanı əldə edərək ətraf üzərindəki təsirlərini gücləndirirlər. Bu mənada Türkiyə və Türk milləti həm son əsr  həm də son 10 illik hadisələr bağlamında böyük hücum və oyunları bərtaraf edərək yeni dünyanın oyun qurucu mərkəz ölkələrindən biri olduğunu ortaya qoymuşdur. Antaliyadakı diplomatiya formu, Ankarada görülən dövlət və hökümət başçılarının son günlər bir-birilərini əvəz etməsi bunun bariz sübutudur. 44 günlük Qarabağ müharibəsində Azərbaycanın əldə etdiyi zəfər Cənubi Qafqazda da bundan sonra Türkiyə faktoru olmadan heç bir strateji mahiyyətli dəyişimin mümkün olmayacağını nümayiş etdirdi. Dünya siyasətində  Ankaranın çəkisi gündən-günə artarkən Ermənistan Türk gücünə  qarşı istifadə edilən aparat olaraq da əhəmmiyət və cazibəsini itirmişdir. Ukrayna - Rusiya müharibəsi, çox qütblü dünya nizamı uğrunda cərəyan edən çətin mübarizə istər kollektiv Qərb, istərsə də Moskva və Pekin nəzdində də Türkiyənin önəmini bir az daha artırmışdır. Bu mənada  Ermənistanda bəlkə də qaytardılar xülyasıyla yaşayan revanşist qüvvələrin son ümidləri də puç olmaqda, zaman  Paşinyandan Türkiyə ilə normallaşmanın önündə duracaq bütün absurd iddiaları, soyqırım yalanlarını bir dəfəlik unudaraq  qətiyyətli addımlar atmağı tələb etməkdədir. Yerevandakı iqtidar Bakı və Ankaranın nəinki regional,  qlobal siyasət və milli  təhlükəsizlik istiqamətlərini də bir-biriylə  məsləhətləşərək tək millət iki dövlət paradiqmasıyla hərəkət etdiyini nəhayət anlamalı, Azərbaycanla sülh sazişi imzalamadan Ankarayla qalıcı normallaşmanın mümkün olmayacağını görməlidir.

Bunun üçünsə Azərbaycan Xarici İşlər və Müdafiyə  Nazirliklərinin  təmsilçilərinin də son günlər daha israrlı şəkildə dilə gətirdiyi kimi  Xankəndindəki ermənilərin separatçı silahlılardan tamamən  təmizlənməsi məsələsi həll edilməlidir. Xankəndi, Xocalı və Xocavənd də Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi  işğaldan azad edilən Qarabağ və Şərqi Zəngəzurda olduğu kimi orada da Bakının suverenliyi təmin edilməli, Zəngəzur dəhlizi ləngidilmədən açılmalıdır.

Türkiyə Paşinyan  Ermənistanının çoxdan arzuladığı Qərbə inteqrasiyanın, yoxsulluq və təcritdən xilas olaraq rifah yoluna qədəm qoymanın da  yeganə qapısıdır.



Әlaqәli Xәbәrlәr