Piri Rəisin dünyaşöhrətli xəritələri

Piri Rəis məşhur xəritəni təxminən 5 yüz il əvvəl çəkib, həm də çox az səhvlə, üstəlik hələ paralel və meridian ölçmələrinin kəşf edilmədiyi, fotonun yaranmadığı, peyklərdən görüntülərin yerli-dibli olmadığı bir zamanda

1767597
Piri Rəisin dünyaşöhrətli xəritələri

 

  Şərqin zənginlikləri haqqında gözqamaşdırıcı və bir o qədər də sirli məqamlar hər zaman Qərbin marağını çəkib. Müstəmləkələr dövründə dəniz səfərlərinin asanlaşması ilə iştah qabardan Şərqə yürüş həm də yeni kəşflər demək idi.

  Şərqlə Qərb arasında quru yolundan daha etibarlı və daha qısa ticarət yolu tapmaq istəyənlərdən biri də Xristofor Kolumb idi. Onun fikrincə, Asiyaya çatacaq bu etibarlı yol ancaq Atlantik okeanının dənizlərindən keçilməsilə mümkün ola biləcəkdi. "Qaranlıqlar dənizi" adlanan Atlantik okeanına açılmağa o dövrə qədər kimsə cəsarət edə bilmirdi. Buna görə də Kolumbun fikri ciddi qarşılanmır və macərapərəstlik kimi qarşılanır. Səyyah ehtiyac duyulan maliyyə dəstəyini İspaniyadan təmin edincə tarixin ən böyük kəşfiyyat gəzintiləri başlayır.

  Əslində Kolumbun məqsədi yeni yerlər kəşf etmək deyil, Şərqi Hindistan adalarına və Asiyaya çatmaq idi. Buna görə Haitinin də içində olduğu adalara ayaq basdığında buraların Hindistan deyil, yeni bir qitə, yəni Amerika torpaqlarının davamı olduğu ağlına gəlmədi. Yerli xalqa “hindli” mənasını verən "indios" deyir buna görə. Amma bununla belə İspaniyaya yeni müstəmləkələr qazandırır və Çinə doğru yol alır.

  Xristofor Kolumb yeni tapdığı adaların və rotasının üzərində olan digər sahillərin xəritəsini çəkir. Ancaq o xəritə heç zaman tapılmır və böyük bir sirr olaraq qalır, ta ki 1929-cu ildə İstanbuldakı Topkapı Sarayının muzeyə çevrilməsi əsnasında bənzərsiz bir xəritənin yenidən mövcudluğuna qədər.

  Bəzi şeylər zamanını gözləyir. Yenidən gün yüzünə çıxacağı, qədim təntənəsinə qovuşacağı, dəyərinin daha yaxşı bilinəcəyi zamanı. Topkapı Sarayında olan xəritə də belədir. Amma bu, Xristofor Kolumbun deyil, Piri Rəisin xəritəsidir və təkcə türk deyil, dünya dənizçiliyinin maraq dairəsinə düşən çox mühüm sənəddir. Kolumbun o heç tapılmayan xəritəsinin də izlərini daşıyır bu Piri Rəisin xəritəsi.

  Türkiyə Milli Muzeylər İdarəsinin direktoru Xəlil Ethem bəyin tapdığı xəritə Hollandiyada keçirilən Şərq Elmləri Konqresində alimlərə təqdim edilməsi ilə böyük əks-səda yaradır. Tarixə böyük əhəmiyyət verən Türkiyə cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün tövsiyyəsilə Piri Rəisin xəritəsi çap edilir və yayılır.

  Piri Rəis məşhur xəritəni təxminən 5 yüz il əvvəl çəkib, həm də çox az səhvlə, üstəlik hələ paralel və meridian ölçmələrinin kəşf edilmədiyi, fotonun yaranmadığı, peyklərdən görüntülərin yerli-dibli olmadığı bir zamanda. Dünya xəritəsinin hazırlanmasına isə hələ 2 əsr var.

  Piri Rəis Orta əsrlərdə istifadə edilən bir texnika ilə çəkib xəritəni. “Portolan texnikası” adlanan bu üsulda əsas nöqtələrə külək dirəkləri yerləşdirilir və rütubətdən yaranan radial xətlər sahillər, adalar və limanlardan yayılan xətlərlə birləşdirilir. Bu yolla dənizçilər həm öz istiqamətlərini müəyyənləşdirə, həm də gəminin nə qədər yol getdiyini təyin edə bilirdilər.

  Piri Rəis “Portolan texnikası”ndan istifadə edərkən dövrünün digər kartoqrafları kimi, özünün səyahət qeydlərini diqqətlə nəzərdən keçirir. Körfəzlər, burunlar, adalar və limanları ümumi şəkildə təsvir edərək bu qeydlər əsasında o zamanlara xas olmayan xəritələr tərtib edir. Bu xəritədə Piri Rəisin coğrafi bilikləri, dənizçilik təcrübəsi və uzaqgörənliyi aydın görünür. Onun Avropa və Afrikanın qərb sahilləri ilə Cənubi Amerika sahillərini çəkdiyi bu ilk xəritəsi “dövrünün ən qabaqcıl məlumatlarını əks etdirən bənzərsiz iş" adlandırılır.

  Piri Rəis bu məşhur xəritəsini hazırlayarkən 20 xəritədən faydalandığını qeyd edib. Bunlar Böyük İsgəndərin zamanından qalan, portuqaliyalılar və ərəblər tərəfindən çəkilən və Xristofor Kolumbun Amerika xəritəsidir.

  Piri Rəisi müasirlərindən ayıran və onun bir alim kimi qiymətləndirilməsini təmin edən də məhz budur: istifadə etdiyi qaynaqları göstərməsi. Bunu Piri Rəis özü belə izah edib əlyazmasında: “Dövrümüzdə belə bir xəritə yox idi. Fəqir bəndəniz xəritəni çəkdi və son şəklini verdi. Məlumatlar biri ərəblər tərəfindən “Cəfəriyyə” adlanan, digəri Böyük İskəndər zamanından qalma, ümumilikdə 20 xəritəyə (mappa mundi) söykənir. Bu xəritə 8 “Cəfəriyyə” xəritəsi, Hindistan və Çini göstərən bir ərəb xəritəsi, o cümlədən qərb diyarlarını göstərən Kolumb xəritəsinin müqayisəsi nəticəsində ortaya çıxıb. Yeddi dənizin bu xəritəsi doğru və etibarlıdır”.

  “Qoca Rəis” kimi tanınan Piri Rəis kim idi? O, Türkiyənin Gelibolu rayonunda doğulmuşdu. Məşhur əsəri “Kitabi-Bəhriyyə”də, yəni “Dənizçilik kitabı”nda əmisilə birlikdə Aralıq dənizində dəniz quldurluğu etdiklərini, sonralar dövlət xidmətində çalışdıqlarını yazıb. Tanınmış admiral əmisi ilə birlikdə Osmanlı Donanmasında bir çox müharibədə iştirak edən Piri Rəis əmisinin ölümündən sonra Geliboluya dönür və xəritəçilik işlərinə başlayır. Əlindəki xəritələri öz müşahidələrilə birləşdirərək ilk dünya xəritəsini çəkir. Dəvə dərisi üzərində 9 rəngdə işlədiyi xəritə 86 santimetrdir. Rəvayətlərdən yadında qalanları da daxil edib xəritəyə, təcrübəsindən qazandıqlarını da, elmi biliklərini də. Orta və Cənubi Amerika, Afrika, İspaniya və Fransanın da olduğu bir sıra Avropa sahillərini çəkib. İnsanların yerləşdiyi əraziləri qırmızı, kimsəsiz yerləri qara ilə işarələyib, dağları qabartma, çayları isə qalın xətlərlə təsvir edib.

  Dənizçilər üçün çox əhəmiyyətli məlumatlar qeyd edilib xəritədə; dənizdəki dayaz yerlər qırmızı nöqtələrlə, gizli qayalıqlar isə xaç işarəsilə göstərilib. Səth axıntıları, daşlıq, qumluq yerlər tək-tək yazılıb. Bundan başqa, xəritədə insan, heyvan, balıq şəkillərinə də yer verib.

  Xəritə başdan ayağa diqqət çəkir. Cənub qütbünün də bu xəritədə göstərilməsi daha çox marağa səbəb olur. Çünki buzlaqlarla qapalı qütbün kəşfi xəritənin çəkilməsindən hələ 300 il sonra reallaşacaqdı. Amma Piri Rəis Antarktika buzlaqlarının altındakı sahilləri də çəkmişdi! Bəziləri bu xəritənin buzlaqlar dövrü məlumatlarından alındığını iddia edir, çoxu isə Piri Rəisin az ölçü səhvləri ilə hazırladığı bu xəritənin “kosmosdan göründüyü kimi çəkildiyi”ni bildirir. Xəritəni görüb itkin qitə Atlandidanı axtarmağa cəhd edənlər olub.

  Piri Rəis 15 il sonra bu dəfə ceyran dərisi üzərində çox diqqətli və ayrıntılı şəkildə yeni bir xəritə çəkir. İlk xəritədə boş olan yerləri tamamlayır, bilinməyən yerləri isə yenə boş buraxır. Atlantik okeanının şimalı, Kuba, Haiti, Bahama və Antil adaları arxipelaqı bu ikinci xəritədə doğru təsvir edilir.

  Piri Rəis Osmanlı Donanmasında İspaniya, Venesiya və Genuyaya qarşı vuruşub, adı fəthlərə yazılıb. Ömrünün 75 ilini dənizlərdə keçirib. Hər cür hava şəraiti və təhlükənin öhdəsindən gəlib. Əldə etdiyi təcrübələri, gördüyü yerləri xəritələrinə və kitablarına köçürüb. Və bunları edərkən təkcə bir dənizçi kimi deyil, eyni zamanda bir alim kimi hərəkət edib, qaynaqları göstərib. UNESCO Piri Rəisin ilk dünya xəritəsini çəkməsinin 500-cü ili münasibətilə 2013-cü ildə yubiley və xatırə proqramları təşkil edib və adını ehtiramla yad edib.

  Piri Rəisin xəritəsi - öz dövrünün ona qədərki bütün məlumatlarının istifadə edilərək ayrıntılara qədər işlənməsi, yol göstərməsi və əsrlər sonra öyrənilməsi baxımından son dərəcə əhəmiyyətli xəritədir.

 

  “Anadolunun ilkləri” başlığı altında sizə Piri Rəisin dünyaşöhrətli xəritələrindən danışdıq. Mətni Neslihan Değirmencioğlu hazırlayıb. 



Әlaqәli Xәbәrlәr