Türkiyə-Ermənistan normallaşması

Türk-İslam Araşdırmaları Mərkəzinin sədri, Xəzər Universitetinin müəllimi Telman Nüsrətoğlunun “Türkiyə-Ermənistan normallaşması” başlıqlı məqaləsini təqdim edirik.

1751005
Türkiyə-Ermənistan normallaşması

44 günlük Qarabağ müharibəsində Azərbaycanın əldə etdiyi parlaq zəfər regionda yeni siyasi vəziyyət və güc balansı yaratmaqla birlikdə Ermənistan üçün də ancaq bölgədə maraqları olan xarici mərkəzlərin müstəmləkəçi niyyətlərinə xidmət edən şovinist-milliyətçi paradiqmadan və onun nəticəsində yaranan təcrid vəziyyətindən qurtulma imkanı verdi.

Petrosyan, Şahnazaryan kimi  dünyada və bölgəmizdə şəkillənən yeni geosiyasi şəraiti düzgün dəyərləndirə bilən, praqmatik baxışlara sahib olan Erməni dövlət adamı və ictimai xadimləri də həm coğrafiyamızın etno-demoqrafik reallığını həm də Ermənistanın üzbəüz olduğu ağır hərbi-siyasi vəziyyəti görərək bundan sonra Erməni dövlətçiliyinin yox olma təhlükəsiylə qarşı-qarşıya qalmaması üçün Türkiyə və Azərbaycanla normallaşmağa getməkdən başqa yol qalmadığını ifadə etməyə başladılar. Zatən Azərbaycanın işğal edilmiş torpaqları azad edildikdən, tarixi ədalət bərqərar olduqdan sonra tarix boyu hakim olduqları coğrafiyalara ədalət və sülh gətirən bir mədəniyyəti təmsil edən tək millət iki dövlətin liderləri də 3+3 formatını irəli sürərək nəhayət Cənubi Qafqazda təhlükəsizlik və əməkdaşlıq mühitinin yaradılmasında qətiyyətli olduqlarını ortaya qoydular.

Tarixçilərə yaxşı məlumdur ki, XIX əsrin sonu XX əsrin əvvəllərində imperiyalist dövlətlərin hədəfindəki Osmanlı ölüm-qalım müharibəsi apararkən o dövlətlərin öz müstəmləkə maraqları üçün təşviq edib silahlandırdıqları Erməni-Daşnaq qüvvələri düşmənlə birləşərək təbası olduqları Osmanlıya qarşı mübarizəyə qalxana qədər xoşgörüsüylə dünyaya nümunə olan bu dövlətin bir çox dövlət adamı, naziri, diplomatı, zəngini Erməni kökənli idi. Türklər ordunun vurucu gücü olaraq cəbhələrdən cəbhələrə yollanaraq vətənin müdafiyəsiylə məşğul olarkən üç qitəyə uzanan Osmanlı hinterlandındakı ticarət və iqtisadi imkanlardan ən çox faydalananların da qeyri-müsəlmanlar olduğu da danılmaz həqiqətdir. Hazırkı dövrdə belə Ermənistan dövləti və diasporasının sistemli bir şəkildə anti Türkiyə fəaliyyəti aparmalarına baxmayaraq çətin iqtisadi şərtlər altında iş üçün Anadoluya, İstanbula pənah aparan on minlərlə erməniyə Türkiyənin iş imkanı verməsi Türk millətinin tarixi xoşgörüsü və insancıl yanaşmasının anlaşılması baxımından önəmli bir durumdur.
Yüz il əvvəl Türkiyənin Azərbaycan və Türkistanla quru əlaqələrini kəsmiş olan Zəngəzur dəhlizinin açılması və Azərbaycanla bir- birilərinin ərazi bütövlüklərini tanıyaraq böyük sülh sazişi imzalanması məsələsində tərəddüt və ziddiyət dolu bir siyasət izləmələrinə baxmayaraq Ankara yenə böyük dövlət refleksiylə Ermənistanla münasibətləri mərhələli bir şəkildə normallaşdırmaq üçün hazır olduğunu bəyan etmiş və bu yöndə addımlar atmağa başlamışdır. Bu prosesin sonunda 1991-ci ildə Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsinə etiraz əlaməti olaraq Ankara tərəfindən təktərəfli qaydada bağlanan Türkiyə-Ermənistan sərhədinin açılması Yerevan üçün böyük imkanlar sunmaqdadır. Bu əməkdaşlıq Rusiya və İranın da Ermənistan üzərindəki təsirini balanslaşdıra, Erməni dövlətinin xarici siyasətdə əlini gücləndirə bilər. Yetər ki, Ermənistan kilisə və Daşnaqsütunun körüklədiyi revanşist fikirlər, anti Türk duyğulardan arınaraq siyasətini praqmatik bir çərçivəyə oturda bilsin.  Əlbəttə daima Erməni kartından Türkiyə və Azərbaycana qarşı məharətlə istifadə edən, bölgədə düşmənçiliyin davam etməsindən öz maraqları üçün yararlanan ölkələrin bu normallaşmanı istəməyəcəyi də bilinməli və buna görə Ermənistanın daxilindəki siyasi konfiqurasiya  və diaspora faktoru da diqqətə alınaraq addımlar atılmalıdır.  Aydındır ki, Cənubi Qafqazda daimi sülhə nail olmaq üçün Bakı və Ankara çoxşaxəli geosiyasi maraqlar və şərtlər içində məsləhətləşərək addımlar atmaqda yeni dövrdə də regional  proseslərə yön verməyə davam etməkdədir. Yerevan tələsməli, onun üçün böyük bir şans olan sülh və əməkdaşlıq təklifi masadaykən ciddi qərarlar almalıdır.



Әlaqәli Xәbәrlәr