Türk Dövlətləri Təşkilatı yeni dünyanın güc mərkəzlərindən birinə çevrilir

Türk İslam Araşdırmaları Mərkəzinin rəhbəri, Xəzər Universitetinin müəllimi Dr. Telman Nüsrətoğlunun “Türk Dövlətləri Təşkilatı yeni dünyanın güc mərkəzlərindən birinə çevrilir” başlıqlı yazısı

1735316
Türk Dövlətləri Təşkilatı yeni dünyanın  güc mərkəzlərindən birinə çevrilir

Getdikcə qloballaşan dünya reallığı, Asiyanın siyasi və iqtisadi cazibəsinin artması ilə yenidən canlanan İpəkyolu Türk dövlətlərinin birliyinin dərinləşdirilməsi, daha sıx inteqrasiya etmələri üçün də yeni imkanlar açır.

Avrasiyanın ən qədim və uzun ömürlü imperatorluqlarını qurmuş Türk Dünyasının regional və qlobal risk və təhlükələri bərtəraf etmələri baxımından da bu birlik zərurətə çevrilir. Kartların yenidən dağıdıldığı, iqlim böhranlarından salqınlara sistemlərin işləyişinin getdikcə çətinləşdiyi, mübarizələrin şiddətləndiyi bir dövrdən keçirik. Unutmamaq lazımdır ki, tarixi birikimləri etibariylə insanlığın talehi, Prezident Ərdoğanın da ifadəsiylə daha ədalətli bir dünya nizamının təsisi üçün Türklərin deyəcək sözləri, həyata keçiriləcək missiyası var. Onların hakim olduğu coğrafiyalarda heç bir zaman başqa xalqlar, millətlər, dinlər asimilə edilmədi, əksinə himayə edilərək qorunub, dəstəkləndi. Bu mənada türklərin böyük bir xoşgörü mədəniyyətinə sahib olduğunu, başqa xalqları və millətləri bir arada idarəetmə qabiliyyəti nümayiş etdirdiyini və Türk Dünyasının yüksəlişinin regionda yaşayan bütün etnik kimliklər üçün rifah və ədalətdən pay alma anlamına gələcəyini də qəbul etmək lazımdır.

Millətlərin tarixində yüksəliş dövrləri olduğu kimi geriləmə dövrləri də vardır. Müstəmləkə proyektlərin hədəfi halına gələn Türklər XIX - XX əsrlərdə çox acılar çəkdi , bölündü, parçalandı. Türklərin birliyi fikri də o acılar içində cəbhələrdə formalaşmağa başladı. Yusuf Akçuranın “Üç tərz i siyasət” adlı məqaləsində “tevhid i etrak” olaraq ifadə etdiyi türklərin birliyi fikri yavaş-yavaş türk dünyasının hər tərəfindəki aydınlar tərəfindən dəstək gördü. Azərbaycan da milliyyətçilik, türkçülük, türk milli şüurunun oyanması, türk birliyi fikrinin mərkəzlərindən biri oldu.

Həmin vaxt Kazan, İstanbul və Bakı milli oyanışın təmin edilməsində mühüm rol oynadı. Əli bəy Hüseynzadələr, Əhməd bəy Ağaoğlular, Məhəmmədəmin Rəsulzadələr dildə, fikirdə, işdə birlik fikrinin yüksəlişi üçün əllərindən gələni etdilər. Yeni tipli məktəblər açıldı və bu birlik şüuru o məktəblər, cəmiyyətlər vasitəsilə millətin beyninə yeridildi. Təsadüfi deyil ki, o dövrdə “Tərcüman” qəzeti türk dünyasının hər tərəfində oxunurdu. Ortaq dil məsələsində heç bir problem yox idi.

Çar Rusiyasında olduğu kimi, SSRİ-də də türk birliyini pozmaq, türk dünyasını bir-birindən ayrı salmaq üçün bir çox layihələr həyata keçirildi. Elə Zəngəzur vilayətinin Azərbaycandan alınaraq Ermənistana verilməsi də türk dünyasını bir-birindən ayrı salmaq siyasətinin əsas parçalarından idi. Lakin SSRİ-nin çöküşündən sonra yenidən türk dünyasının bir araya gəlməsi üçün şans yarandı. Azərbaycan və Türkiyənin tədricilik metodolojisiylə apardığı düşünülmüş, praqmatik xarici siyasət, ortaq güc inşa etməsi və əlbətdə əldə edilən Qarabağ Zəfəri bu prosesləri bir az da sürətləndirmiş oldu. Azərbaycan Türkmənistanla “Kəpəz” yatağı ilə bağlı məsələni həll etdi, Aşqabadla münasibətlər daha da dərinləşdi. Turan koridorunun Zəngəzur koridoru ilə birləşməsi isə strateji boyutları etibarı ilə türk dünyasının daha da yüksəlişinə gətirib çıxaracaqdır.

Kollektiv Qərbin bölgəylə bağlı planlarını bir kənara qoyaraq diqqətlə baxdığımız zaman iki imperial iddiaya sahib ölkə olan Çinlə Rusiya arasında sıxışmış bir Orta Asiya Türk dövlətləri reallığı var. Mövcud geosiyasi şərtlər içində prezident İ.Əliyevin vurğuladığı kimi birbirlərinin təbii müttəfiqləri olan Türk dövlətləri birlik və əməkdaşlıqlarını artırmaq məcburiyyətindədir.

Bu baxımdan İstanbul zirvəsi təbii müttəfiqlərin strateji güc formalaşdırma nöqtəsində önəmli addımlar atmış, gələcək strateji planlamalarını da dünyaya elan etmişdir. Xüsusilə yuxarıda da vurğuladığımız kimi Trans-Xəzər və Zəngəzur dəhlizləri ilə Orta Asiya dövlətlərinin Türkiyə ilə quru və dəniz üzərindən bütünləşməsi, sərbəst ticarət dövriyəsinin, nəqliyyatın həyata keçirilə bilməsi üçün asanlaşdırılmış gömrük və vahid tarif sisteminin tətbiq edilməsi üçün hazırlıqların həyata keçirilməsi mühümdür. Türk dövlətlərinin prezident Əliyevi təşkilatın ən ali ordeni ilə təltif etməsi onların Qarabağ zəfəri sonrası Azərbaycana birmənalı dəstəyini də ehtiva etmişdir. Şübhəsiz Türkiyə Azərbaycan qardaşlığının nail olduğu bu zəfər Türk dünyasının birliyinə də çox müsbət təsir etmişdir.

Özbəkistan dövlət başçısının təklifi ilə Türk Yatırım Fondunun yaradılması istiqamətində işlərin sürətləndirilməsi, təşkilatın adının dəyişdirilməsiylə paralel olaraq tarixi bir binada qərərgahının da açılışı önəmli mesajlar ehtiva edir. Bundan sonra Türk dövlətlərinin vahid təhsil proqramları, ağıllı kənd və şəhərlərin inşası, sərmayənin bütün Türk Dünyasında sərbəst dolaşımı və ortaq yatırımları gündəminə alacağını düşünürəm. Əlbətdə gün gələcək biz vizasız, xarici pasportsuz gediş-gəlişlərin də tətbiq edildiyi bir rejimlə Türk Dünyası vətəndaşlığını da müzakirə etməyə başlayacağıq. Ancaq önümüzdə hələ gediləcək uzun bir yol var.



Әlaqәli Xәbәrlәr