Qarabağdakı Rusiya sülhməramlılarının fəaliyyəti ətrafında yaranan suallar

Türk İslam Araşdırmaları Mərkəzinin rəhbəri, Xəzər Universitetinin müəllimi Dr. Telman Nüsrətoğlunun “Qarabağdakı Rusiya sülhməramlılarının fəaliyyəti ətrafında yaranan suallar” başlıqlı yazısı

1704396
Qarabağdakı Rusiya sülhməramlılarının fəaliyyəti ətrafında yaranan suallar

Azərbaycan Prezidentinin köməkçisi,  Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev BBC-yə müsahibəsində sülhməramlı missiya ilə müvəqqəti olaraq Qarabağda bulunan Rusiya hərbi kontingentinin mandatının hüquqi çərçivələriylə bağlı müzakirələrin aparıldığını bəyan edib. Bu açıqlama Qarabağ zəfərinin üzərindən bir ilə yaxın bir müddətin keçməsinə baxmayarq  Bakı ilə Moskva arasında sülhməramlıların statusuyla bağlı fikir ayrılığının davam etdiyini də göstərir. Cənubi Qafqazdakı yeni  geopolitik durumun, yəni müharibədə mütləq qələbə qazanmış, üstəlik beynəlxalq hüquq, tarixi reallıqlar baxımından da tam haqlı olan Azərbaycanın suverenliyinin bütün ölkə ərazilərində təmin edilərək hüquqiləşdirilib qalıcı hala gətirilməsi, tərəflərcə qəbul edilməsi, başqa  coğrafiyaları da əhatə etməsi gözlənilən Türkiyə-Rusiya uzlaşmasının münaqişənin sonlandırılmasında əyani şəkildə nümayiş etdirilməsi, Ankara-Bakı-Moskva əməkdaşlığın formaca yeni elementlərinin müəyyən edilməsi istiqamətində hələ də çətin prosesin getdiyi, problemlərin olduğu bəlli olur.  

Türkiyə-Pakistan-Azərbaycan ittifaqının regionda dəyişdirdiyi güc balansı istər Rusiya, istərsə də  onun təsir dairəsində olan Ermənistanı Azərbaycan torpaqları hesabına ənənəvi yayılmacı siyasətdən çəkilməyə, daha konstruktiv mövqe nümayiş etdirməyə məcbur etsə də hər iki ölkədəki militarist, revanşist qüvvələr bu duruma adekvat davranmamaqdadır. Azərbaycanın suveren ərazilərində müvəqqəti və tamam fərqli bir missiyayla bulunduqlarını sanki unudaraq, 10 Noyabr müqaviləsinə görə tərksilah edilərək ölkə ərazilərindən çıxarılmaları vacib olan separatçıları himayə edən, nəzarətlərində olan yerlərdən Şuşadakı Azərbaycan ordusunun mövqelərinə atəş açılmasına göz yuman, Ermənistan torpaqlarından erməniləri Xankəndi və ətraf bölgələrə daşıyarkən Xocalı başda olmaqla onların nəzarətində olan bölgələrdə yaşamış, 90-cı ilərdə erməni silahlı dəstələrinin törətdikləri vəhşilik və qətliamlar nəticəsində öz doğma yurdlarını tərk etmək məcburiyyətində qalan Azərbaycan türklərinin də evlərinə dönmələrinin vacib olduğunu anlamamazlıqdan gələn sülhməramlıların fəaliyyəti haqlı olaraq Azərbaycan cəmiyyəti və dövlət çevrələrində  də narazılıqlar yaratmaqdadır. Üstəlik 30 il BMT və digər beynəlxalq qurumların Ermənistanı işğalçı kimi xarakterizə edən və işğal altındakı torpaqların boşaldılmasını tələb edən qətnamələrinin icrasıyla bağlı heç bir əməli addım atmayan Minsk Qrupunun Qarabağ məsələsi Azərbaycan əsgərinin süngüsünün gücüylə həll edildikdən sonra yenidən dirildilməyə çalışılmasına Moskvanın da müəyyən şərtlər daxilində dəstək verməsi, rusiyalı həmsədsr İqor Xovayevin separatçılarla görüşərək müzakirələr aparması regionda gedən prosesin mahiyyətinə, Bakının məsələylə bağlı sərgilədiyi milli siyasətə uyğun deyil.  

Azərbaycan Prezidenti İ. Əliyevin müxtəlif çıxışlarında israrla dilə gətirdiyi Qarabağda yaşayan az sayılı ermənilərin dövlətin apardığı ənənəvi multukultural siyasət çərçivəsində digər xalqlarla birlikdə tamhüquqlu vətəndaşlar olaraq ölkədə yaşamağa davam edəcəyi, lakin onlara heç bir əlavə statusun verilməyəcəyi, Azərbaycanın yaxın tarixdə yaşanılanlardan dərs alaraq status tələsi altında Qarabağda yeni separaratçılıq ocağının yaradılmasına imkan verməyəcəyi kimi fikirlərinin altında yatan sadə həqiqətlər  yeni geopolitik vəziyyətlə birlikdə Moskvadakı bəzi dairələr tərəfindən qəbul edilməlidir. 10 Noyabr bəyannaməsinin bütün müddəalarının istisnasız olaraq yerinə yetirilmək əvəzinə mübahisələndirilməsi  birinci növbədə Rusiyanın maraqlarına uyğun deyil. Aydındır ki, sülhməramlılar BMT nizamnaməsinə görə də mandatlarının hüquqi çərçivəsini, vəzifə və səlahiyyətlərinin nədən ibarət olmasını ərazisində bulunduqları ölkəylə razılaşdırmalıdır. Və üstəlik sülhməramlı missiya  BMT strukturları tərəfindən həyata keçirilməli, tərkibi də çoxmillətli olmalıdır. Beynəlxalq hüquqdan irəli gələn  durum açıqdır. Fəqət  bu müvəqqəti missiyanın tərkibinə Fransa, Amerika kimi ermənipərəst ölkələrin əlavə edilməsi nə Rusiyanın nə də Azərbaycanın maraqlarına uyğundur. Qaldı ki, Bakı-Ankara-Moskva üçlüsünün əməkdaşlığıyla başlayan yeni proseslər ağır sınamalarla qarşı-qarşıya olan dünya nizamı, regional və qlobal təhlükəsizlik üçün də yeni fürsətlər yaratmaqdadır. Heç bir hərbi-siyasi, demoqrafik perspektivi olmayan, ancaq bölgənin böyük dövlətlərini çatışma və əlavə gərgin prosesinin içinə çəkən erməni separatizminin yenidən dirçəldilməsi naminə bu fürsət və imkanlar hədər edilə bilməz. Bu mənada kritik önəmdə olan Laçın rayonunun ərazisində davam edən Türkiyə-Azərbaycan hərbi təlimləri də Qarabağ savaşının nəticələrindən dərs almayaraq prosesi fərqli məcralara çəkmək istəyənlərə ciddi dərs və mesajlar ehtiva edəcək mahiyyətdədir.    



Әlaqәli Xәbәrlәr