Ermənistanın qonşu dövlətlərlə əlaqələri

Ermənilər Qarabağda uduzmalarına baxmayaraq, Paşinyanı iqtidara gətirməkdə məqsəd bəlkə də onun “Qonşularla əlaqələri düzəldəcəyik” sözləridir...

1697568
Ermənistanın qonşu dövlətlərlə əlaqələri

 

  2021-ci ilin 18 avqustunda Ermənistanın baş naziri Nikol Paşinyan hökumətinin 5 illik planını açıqlayarkən xarici siyasətdə qonşularıyla yaxın əməkdaşlığı inkişaf etdirəcəklərini bildirdi. Sonra bir televiziya kanalında ön şərtlər olmadan Türkiyə ilə əlaqələri normallaşdırmağa hazır olduğunu dilə gətirdi, “Ermənistanla Türkiyə arasında diplomatik əlaqələrin olmaması, sərhədlərin bağlı qalması regional sabitlik və barışa mənfi təsir edir” dedi.

  N.Paşinyanın bu şərhləri birdən-birə yaranmayıb. Hər kəsə məlum olduğu kimi, o, Qərblə yaxınlaşma vədiylə iqtidara gəlmişdi. Avropa ilə yaxınlıq isə Gürcüstan və Türkiyə ilə əlaqələri inkişaf etdirməkdən keçir. Ermənistanın baş naziri sədri olduğu Vətəndaş Razılaşma Partiyası ilə qonşularıyla yaxşı əlaqələr qurmaq niyyətini əvvəllər də dilə gətirirdi. Seçkilər zamanı N.Paşinyanın komandası Türkiyə ilə əlaqələri gözdən keçirəcəklərini açıqca ifadə etmişdi.

  2021-ci ilin 20 iyun tarixində keçirilən seçkiləri qazanan iqtidardakı Vətəndaş Razılaşma Partiyasının hökumət qurmaq üçün koalisiyaya ehtiyacı olmaması artıq baş nazirin qonşu dövlətlərlə əlaqələrini normallaşdırmasına imkan verir. Ermənilər Qarabağda uduzmalarına baxmayaraq, Paşinyanı iqtidara gətirməkdə məqsəd bəlkə də onun “Qonşularla əlaqələri düzəldəcəyik” sözləridir.

  2 avqust 2021-ci il tarixində Nikol Paşinyan yenidən Ermənistanın baş naziri seçildi. Yeni kabinet təyin edilərkən xarici işlər naziri ən sona qaldı. Paşinyana yaxınlığıyla tanınan Ararat Mirzoyan xarici işlər naziri elan edilincə "O, diplomat deyil" fikirləri və tənqidləri dilə gəldi. Baş nazir bəlkə də xarici siyasətdə əzbərləri pozmaq üçün bu addımı atdı və dostu Araratı bu vəzifəyə gətirdi. Ermənistanın xarici işlər naziri A.Mirzoyan Türkiyəni yaxşı tanıyan və Qərb tərəfdarı olan biri kimi tanınır.

  44 günlük İkinci Qarabağ Müharibsəindən sonra Rusiya, Azərbaycan və Ermənistan tərəfindən yaradılan üçlü komissiya bir neçə aylıq uzlaşmazlıq dövründən sonra yenidən danışıqlara başladı. Bu vəziyyət Paşinyan hökumətinin qonşuları, xüsusilə Türkiyə ilə əlaqələrini normallaşdırmağa müsbət baxdığına işarə edir. Sözügedən üçlü komissiya çox məsələni müzakirə edir. Təbii ki, bunların arasında bu gün ən mühümü Zəngəzur dəhlizi layihəsidir.

  Erməni siyasətində güc itirən Qarabağ klanı bu müddəti çıxılmaza salmaq üçün əlindən gələni etməyə çalışır. Hər bir halda hökumətin daxili siyasətində ağlı başında olan qazanacaq.

  Türkiyə və Azərbaycanın birlikdə təklif etdiyi regional Altılı Platforma bütün əlaqədar tərəflərin faydasınadır. Ermənistanın inkişafı qonşularıyla əlaqələrini inkişaf etdirməsinə bağlıdır. Türkiyənin Rusiya Federasiyası ilə mövcud əlaqələri Cənubi Qafqazda əməkdaşlığın inkişaf etdirilməsinə uyğun zəmindir. Bu səbəblər Nikol Paşinyan hökumətini xarici siyasətdə ciddi addımlar atmağa cəsarətləndirməlidir.



Әlaqәli Xәbәrlәr