Əfqanıstandakı vəziyyətin Orta Asiyaya təsiri

Orta Asiya respublikalarının inkişafında Əfqanıstanın sabitliyə qovuşması böyük əhəmiyyətə malikdir...

1692633
Əfqanıstandakı vəziyyətin Orta Asiyaya təsiri

 

  Amerika Birləşmiş Ştatları Əfqanıstandan əsgərlərini çəkəcəyini bildirəndən sonra Taliban bir neçə ay içində ölkənin əksəriyyətini idarəsi altına keçirdi, avqustun 15-ində (2021) isə paytaxt Kabili aldı.

  Talibanın sürətlə irəliləməsindən sonra bir çox ölkə Əfqanıstandakı səfirlik və baş konsulluqlarını bağladı. Orta Asiya respublikaları da Əfqanıstandakı təmsilçilərini geri çağırmaqdadır. Məsələn, Tacikistan Məzari-Şərif, Badahşan və Fayzabaddakı baş konsulluqlarını bağladığını açıqladı. Rusiya Federasiyası Məzari-Şərifdəki baş konsulluğunu müvəqqəti olaraq Özbəkistana köçürdü. Taliban köhnə sərt qaydalarını tətbiqə başlarsa, xarici ölkələrin diplomatik nümayəndəliklərini bağlaması daha da sürətlənə bilər.

  Taliban marşal Əbdürrəşid Dostumun evini ələ keçirdi. Əbdürrəşidin tərəfdarlarıyla birlikdə şimala çəkildiyi söylənilir.

  Əfqanıstandan Tacikistana və Özbəkistana sığınan mühacirlər indiyə qədər ölkələrinə geri göndərilirdi. Məzari-Şərif Talibanın əlinə keçdikdən sonra Orta Asiya respublikalarına qaçqın axını artır.

  Tacikistan Əfqanıstandan 100 min mühaciri qəbul etməyə hazır olduğunu açıqlasa da, bölgə ölkələri qonşu qaçqınları uzun illər saxlamağa hazır deyil. Başda Türkmənistan olmaqla, Orta Asiya dövlətləri həm Əfqanıstanın hökuməti, həm Taliban nümayəndələriylə əlaqə saxlayır. Səlahiyyətlilər sərhədləri nəzarətə alan Talibanın onlara hücum etməyəcəyini bildirir.

  Əfqanıstanın şimalı tarix boyu Cənubi Türküstan adlanıb və Böyük Türküstanın bir parçası sayılır. Türküstanın Cənubi Asiya ilə bağı Əfqanıstan üzərindən təmin edililirdi. Bu səbəbdən Orta Asiya respublikalarının inkişafında Əfqanıstanın sabitliyə qovuşması böyük əhəmiyyətə malikdir. TAPİ, CASA-1000, Tirmiz-Mezari-Şərif-Kabil-Peşaver dəmiryolu kimi beynəlxalq böyük layihələrin tamamlanması da Əfqanıstandakı dincliyə bağlıdır.

  Əfqanıstanda meydana gələ biləcək vətəndaş müharibəsi ehtimalı Orta Asiya ölkələrinin təhlükəsizliyinə birbaşa təsir edəcək. Son 30 ildə yaranan Tacikistandakı vətəndaş müharibəsində də, Qırğızıstanın Batken rayonuna terrorçuların hücumunda da təhlükələr Əfqanıstandan gəlmişdi. Eyni ssenarilərin təkrarlanması sabitliksizliyi Orta Asiya respublikalarına daşıya bilər.

  Orta Asiya terrorçularının çoxunun Əfqanıstandan çıxdığı heç kimə sirr deyil. Suriya və İraq kimi ölkələrdə də muzdlu döyüşənlər bu ərazidən Əfqanıstana gedən terrorçulardır. Orta Asiya respublikalarında terrorçular və fanatlar yatan hüceyrə kimi fürsət gözləyir. Buna görə bölgə dövlətləri daha çox diqqətli olmalı, təxribatlara imkan verməməli və təhlükəsizlik tədbirlərini artırmalıdır.

  Orta Asiya respublikaları və Əfqanıstanı maraqlandıran başqa mövzu beynəlxalq narkotik tıxacıdır. Sözügedən məsələyə hakimolma arzusu müxtəlif qruplar arasında qarşıdurmaları da özü ilə gətirə bilər.

  Türküstan ölkələri təhsil, iqtisadiyyat və mədəniyyət sahələrində Əfqanıstanla qarşılıqlı əlaqələrə malikdir. Əfqanıstanda sabitliyin təmin edilməsi üçün Orta Asiya respublikaları bu sahələrdəki səylərini artırmalıdır.



Әlaqәli Xәbәrlәr