Ərdoğanın Qarabağ səfəri və tarixi Şuşa müqaviləsi

Türk İslam Araşdırmaları Mərkəzinin rəhbəri, Xəzər Universitetinin müəllimi Dr. Telman Nüsrətoğlunun “Ərdoğanın Qarabağ səfəri və tarixi Şuşa müqaviləsi” başlıqlı yazısı

1659221
Ərdoğanın Qarabağ səfəri və tarixi Şuşa müqaviləsi
erdogan aliyev şuşa 09.jpg
Erdoğan ve Aliyev, iki ülke arasında Şuşa Beyannamesini imzaladı 02.jpg
Erdoğan-Şuşa-5 (2).jpg

NATO-ya üzv olan ölkələrin dövlət başçılarının Brüsseldə keçirilən toplantısından sonra keçirdiyi mətbuat konfransında dünyada gedən qlobal proseslər,  Liviyadan Əfqanıstana Ankaranın geniş coğrafiyalarda artan  rolu, Türkiyə-Amerika münasibətlərinin gələcəyiylə bağlı mühüm mesajlar verən Ərdoğan nəhayət 30 ildən sonra Qarabağda tarixi ədalətin bərpa edildiyini də dünya mediasına bəyan etdikdən sonra Avropa paytaxtından birbaşa Azərbaycana səfər edəcəyini də elan etti.  Bu səfərin tarixi əhəmmiyəti, detalları üzərində ətraflı duracağıq.  Lakin  Amerika-Çin, Amerika-Rusiya mübarizəsi, Avropa-Rusiya münasibətləri kontekstində qlobal qütbləşmə meyilləri artarkən yeni dünya nizamı arayışları bağlamında bu zirvədən çıxan nəticələrlə birlikdə Ankaranın yüksələn təsiri, rolu üzərində də durmaqda fayda vardır.  Liderlər zirvəsi əslində NATO-nun qlobal liderliyi davam etdirməsi baxımından Türkiyənin  bütün mənalarda olmazsa olmaz ölkə  mövqeyində olduğunu bir daha  nümayiş etdirdi.  Baydenin  Avropa liderlərinin qarşısında  Gezi Parkı hadisələrindən 15 İyul xain çevriliş cəhdinə qədər imperyalist mərkəzlərin Türkiyə gəmisini öz limanlarına dəmirlətmək məqsədiylə həyata keçirdikləri müxtəlif daxili və xarici əməliyyat və oyunları   bərtaraf edərək  Afrika, Liviya, Qətər, Suriya, Şərqi Aralıq Dənizi, Cənubi Qafqaz və Orta Asiyada dünya dəngələrinə təsir edəcək həmlələr həyata keçirən, Əfqanıstanda varlıqlarını davam etdirmək üçün əməkdaşlığa məhkum olduqları, yenidən canlanan tarixi İpəkyolunun kilid gücü Türkiyə və Ərdoğan var idi. Bütün Yaxın Şərqin siyasi xəritəsini dəyişdirmək üçün planlanan Aralıq dənizinə  də çıxışı olan PKK-YPG terror dövləti hədəfinə nail olmaq məqsədiylə Suriyada müttəfiqləri tərəfindən tək buraxılan Türkiyə qarşı həmlələrə başlamış, Rusiya ilə əməkdaşlıq xəttini genişlətmiş, “Fərat qalxanı”, “Zeytun budağı” əməliyyatlarıyla bu imperyalist proyekti böyük ölçüdə təsirsizləşdirmişdir.

Amerika və Fransa prezidentlərinin zirvə sonrası Türkiyəylə bağlı açıqlamaları, NATO Baş katibinin mövqeyi, Qərbin  geniş coğrafiyalarda Ankaranın  milli maraqlarını, təhlükəsizlik qayğılarını diqqətə almaq məcburiyyətində olduğunu  nümayiş etdirdi.  Bu mənada Qarabağ zəfərindən sonra regiondakı proseslərin gedişində oyundan kənar vəziyyətdə qaldıqlarını anlayaraq səhnəyə dönə bilmək üçün ardıcıl cəhdlər edən Minsk Qrupunun həmsədrləri Amerika və Fransanın Türkiyə-Azərbaycan qardaşlığının mərəhələ-mərhələ Cənubi Qafqazda inşa etdikləri yeni geopolitik reallığın kodlarını yaxşı təhlil etmələri, ona görə siyasət müəyyənləşdirmələri də önəmlidir. Əlbətdə Qərbin dəstəyiylə amma Türkiyənin kritik rolu və Azərbaycan dövlət ağlının strateji səbr, zəka və dərin geopolitik  hesablamalarla həyata keçirdiyi siyasət nəticəsində  Bakı-Tiflis- Ceyhan, TANAP, TAP kimi qlobal əhəmmiyətli neft-qaz proyektləri, Bakı-Tiflis-Qars dəmiryolu baş tutmuş, köhnə Sovet arealında ilk dəfə Moskvanın maraqlarından yan keçən strateji fəaliyyətlərə nail olunmuşdur. Türkiyə prezidentinin də ifadə etdiyi kimi Qarabağ zəfəri tarixi ədalətsizliyə son vermiş, regionda yeni bir vəziyyət ortaya çıxarmış, şübhəsiz ki, bu nəticə də Ankara-Bakı qardaşlığının bölgədə güclənən roluyla əldə edilmişdir. Ancaq Türkiyə-Azərbaycan ittifaqının formalaşan yeni vəziyyətdə Cənubi Qafqazda təhlükəsizlik, sabitlik və sülh mühitinin qalıcı olmasına, Rusiya ilə uzlaşma və əməkdaşlıq meyillərinin dərinləşməsinə, bütün yollar və dəhlizlərin açılmasıyla region ölkələri arasında ticarətin inkişaf etdirilməsinə önəm verdiyi, bu səbəblə altılı əməkdaşlıq formatını gündəmə gətirdiyi də məlumdur. Bunun üçün bütün tərəflər bölgənin tarixi-demoqrafik reallıqlarını, hazırkı güc balansını diqqətə almalı, müstəmləkəçi istəklərini, revanşist həvəslərini öldürməli, bir-birilərinin ərazi bütövlüyünü, suverenliyini qəbul edərək kənar dövlətlərin regiona müdaxiləsinə imkan vermədən yola davam etməlidir.

Ermənistanda şovinizm duyğularından arına bilməmiş, anti Türk əhvalıyla yaşayan bəzi dairələr məyusluq içində olsa da işğaldan azad edilən Qarabağ torpaqlarına,  Türk dünyasının mədəniyyət paytaxtı olan Şuşaya ayaq basan ilk xarici ölkə başçısı olan Ərdoğanın mesajları, iki qardaş ölkə arasında imzalanan olduqca mühüm  və tarixi xarakter daşıyan Şuşa müqaviləsi həm də yeni geopolitik reallıqlar bağlamında qəbul edilməli, Ermənistan dövlətini idarə edənlər təcritdən, müstəqilliklərini itirməkdən xilas olmaq üçün Türkiyə və Azərbaycanla normallaşmaqdan başqa yollarının qalmadığını görməlidir. Şuşada müqavilənin imzalanması mərasimində prezident İ. Əliyevin yüz il əvvəl imzalanan Qars müqaviləsini xatırlatması, Prezident Ərdoğanın tezliklə Şuşada Türkiyənin Baş konsulluğunun açılacağını ifadə etməsi, müqavilə mətnində ən önəmli müddəalardan biri olaraq üçüncü ölkə vəya ölkələrin tərəflərdən hər hansı birisinə təcavüz həyata keçirilməsi  halında qarşılıqlı hərbi yardım haqda öhdəliyin yer alması, müharibə anında Türkiyə və Azərbaycan ordularının vahid standartlar, təlim, hərbi texnika və idarəetməyə gedəcəyinin bəyan edilməsi regionda yeni vəziyyət yaratmışdır.  Bu müqavilə sadəcə region və  iki qardaş ölkə münasibətləri baxımından deyil Türk Dünyasının inteqrasiyasının dərinləşdirilməsi baxımından da mühüm əhəmmiyət kəsb etmişdir. Ərdoğanla Əliyevin birlikdə Qarabağın qalası olan Şuşaya səfəri, məhz Qarabağda imzalanan müqavilə bir millət iki dövlət paradiqmasının  işğala son verərək artıq Qarabağ məsələsini həll etdiyi, Xankəndi də daxil ermənilərin yaşadığı bölgələr üzərində də Azərbaycanın suveren hüquqlarının bərpa edilməsinin qaçınılmaz olacağı,  xarici müdaxilə istəklərinə yer olmadığı, regionda quruculuq və sülh   dövrünün başladığının dünyaya elan edilməsi baxımından da tarixi önəmdə olmuşdur.   



Әlaqәli Xәbәrlәr