Qırğızıstan prezidentinin Türkiyə səfəri

Qırğızıstan Prezidenti Sadır Japarovun Türkiyəyə reallaşdırdığı səfəri

1659200
Qırğızıstan prezidentinin Türkiyə səfəri

9-11 iyun 2021-ci il tarixində Qırğızıstan Prezidenti Sadır Japarov ilk səfərini Türkiyəyə reallaşdırdı. Prezident Japarov 9 iyun tarixində Ankarada Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən rəsmi mərasimlə qarşılandı. Əvvəlcə iki ölkə prezidentinin təkbətək görüşü oldu. Sonra V Türkiyə-Qırğızıstan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının toplantısı keçirildi. Danışıqlardan sonra kənd təsərrüfatı, səhiyyə, mədəniyyət və idman kimi sahələri əhatə edən 7 müqavilə imzalandı.

Elə həmin gün, iki ölkə prezidentlərinin və xanımlarının iştirakı ilə IV Beynəlxalq İssık Göl Forumunun bağlanışı baş tutdu. Çingiz Aytmatovun mirası olan İssık Göl Forumunun ilk mərhələsi keçən il Bişkekdə keçirilmişdi.

10 iyun 2021-ci il tarixində Prezident Japarov Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop ilə görüşdü. Görüş zamanı ikitərəfli və regional əlaqələr müzakirə edildi.

Prezident Sadır Japarov daha sonra TOBB-a (Türkiyə Palatalar və Birjalar Birliyi) baş çəkdi. TOBB İqtisadiyyat və Texnologiya Universitetinin fəxri doktor ünvanını təqdim etdi. Burada Japarov türk iş adamlarına müraciət etdi. Türk Şurasına üzv dövlətlərin biznes forumu 8-9 avqust 2021-ci il tarixlərində İssık Göldə keçiriləcək. Prezident Japarov türk iş adamlarını bu iş forumuna dəvət etdi.

Elə həmin gün Sadır Caparov Türkiyədəki qırğız diasporunun nümayəndələri ilə bir araya gəldi. Görüş zamanı Türkiyədə yaşayan qırğızların problemləri müzakirə edildi.

Səfər çərçivəsində Sadır Japarov Türk Şurasının Baş katibi Bağdad Amreyev ilə görüşdü. Qırğızıstan Prezidentinin Türkiyəyə səfəri Kapadokya səfəri ilə başa çatdı.

Prezident Sadır Caparovun səfəri ilə Türkiyə-Qırğızıstan münasibətlərində yeni bir səhifə açıldı. Xarici siyasətdə Rusiya ilə Çini mümkün qədər tarazlaşdırmaq üçün Qırğızıstanın qardaş Türkiyə ilə daha sıx əməkdaşlıq etməsi lazımdır.

Tacikistanla son sərhəd problemindən də göründüyü kimi, Qırğızıstanın Türkiyə ilə yeni müqavilələr imzalamasına və müdafiə sahəsində yeni müdafiə sənayesi məhsulları almasına ehtiyac var. Mediada bu məsələnin Ankarada müzakirə olunduğu xəbərləri də yer aldı.

Qırğızıstan Ticarət və Sənaye Palatasının TOBB kimi fəal quruma çevrilməsinə dair səlahiyyətlilər arasında bir razılıq əldə edildi. Səfər çərçivəsində Qırğızıstanın Çüy bölgəsində mütəşəkkil bir sənaye zonasının birgə qurulması məsələsi yenidən gündəmə gəldi.

Səfər zamanı Türkiyənin Bişkekdə inşa etdiyi və pandemiya prosesi zamanı çox faydalı olan Qırğızıstan-Türk Dostluq Xəstəxanasının rəsmi açılışı da müzakirə edildi. İki ölkə arasındakı razılaşmaya görə, Qırğızıstanda müalicə edilə bilməyən xəstələr Türkiyəyə gətirildi. Bundan sonra bu xəstələrin Qırğız-Türk Dostluq Xəstəxanasında müalicə alacağı planlaşdırılır. Qırğızıstan Respublikasının səhiyyə və sosial inkişaf naziri Alımkadır Beyşenaliyev iki qırğız həkiminin Türkiyədə iki il təcrübə qazanması üçün razılaşdıqlarını söylədi. Qırğızıstan-Türkiyə Manas Universiteti də növbəti tədris ilindən Tibb Fakültəsinə tələbə qəbuluna başlayacağını açıqladı. Bütün bu inkişaflar Qırğızıstan-Türkiyə münasibətlərini gücləndirəcəkdir.



Әlaqәli Xәbәrlәr