Aprel işğalı  və tarixdən alınacaq dərslər

Türk İslam Araşdırmaları Mərkəzi başqanı, Xəzər Universitetinin müəllimi Dr. Telman Nüsrətoğlunun " Aprel işğalı  və tarixdən alınacaq dərslər" başlıqlı analitik yazısını teqdim edirik.

1630011
Aprel işğalı  və tarixdən alınacaq dərslər

27 aprel 1920-ci ildə Azərbaycanın müstəqillik tarixində mühüm rol oynayan M. Ə. Rəsulzadənin liderliyində formalaşdırılan milli hökümətin bolşevik Rusyası tərəfindən işğal edilərək süqut etdirildiyi tarixi şəraitdə  Anadolu Türklüyünün də istiqlalı üçün imperiyalist qüvvələr ittifaqıyla ölüm–dirim mübarizəsi  aparmaq məcburiyətində qalması güclü, müstəqil Azərbaycan və Türk dünyası üçün güclü Türkiyə amilinin vaz keçilməz bir faktor olduğunu  ortaya qoymuşdur. Tarixdən günümüzə Anadolunun bütün Türk İslam aləminin qərargahı, lokomotivi olması həqiqəti dəyişməz qalmaqdadır. O dövr Azərbaycan Cümhuriyyəti çox çətin geopolitik şərtlər altında qurulmuşdu. Yəqin ki, Osmanlı hərbi yardımı olmasaydı ölkənin böyük şəhərlərini  Rus-Daşnaq çətələrinin işğalından qurtarıb istiqlalı coğrafi-siyasi reallığa çevirmək imkansız olacaqdı. Türk zabitləri Azərbaycana gəlmədən öncə milli hərəkatın qalası durumunda olan Gəncədə belə Sovet-Daşnak qüvvələrinə qarşı dura biləcək cəmi 600 nəfərlik qüvvə var idi. Onlara da Knyaz Maqalov adlı bir gürcü polkovniki rəhbərlik edirdi ki, o da Gürcüstan müstəqilliyini elan etdikdən sonra Tiflisə çəkilmişdi. Türk zabitlərinin gəlişiylə birlikdə  Gəncədən Bakıya  Azərbaycanın böyük şəhərləri işğaldan azad edilmiş, ilk hərbi məktəb açılmış, milli ordu quruculuğuna başlanmış, o ordu  Zəngəzurda Erməni separatizminə qarşı uğurlu əməliyatlar aparmış, yenə işğal ərəfəsi  Kremldən idarə olunan vahid planı çərçivəsində  Novruz bayramı gecəsi ermənilər qiyam edərək Əsgəran qalasını tutarkən Türk zabitlərinin daxil olduğu 20 min nəfərə yaxın  döyüş hazırlığını tamamlamış  qüvvə qiyamı yatırtmaq üçün Qarabağa yollanmışdı.

Azərbaycanın işğalı ərəfəsində Osmanlı ətrafındakı geopolitik proseslər dəyişmiş, daha da ağırlaşmışdı 1920-ci ilin başlarından etibarən müxtəlif müstəvilərdə Azərbaycanın işğalına hazırlıq gedərkən işğal altındakı İstanbulda padişahın siyasi fəaliyətləri məhdudlaşdırılmış,  çətin şərtlər altında toplanaraq milli müqavimət və işğala qarşı mübarizə haqda bəyanat ( Misak- ı Milli ) qəbul edən Osmanlı dövlətinin son Məclis-i Məbusanı isə ingilislər tərəfindən dağıdılmışdı. Azərbaycan Cümhuriyyətinin  qurucularının da fikirdaşları olan bəzi  millət vəkilləri həbs edilərək Maltaya sürgün edilmişdi. Atatürkün dörd bir tərəfi işğal edilmiş ölkəni xilas etmək üçün çox ağır şərtlər altında topladığı Türkiyə Böyük Millət Məclisi də Azərbaycanın işğalından cəmi üç gün əvvəl açıla bilmiş, cümhuriyət rejimi istiqlal müharibəsindən üç il sonra elan edilmişdi. Mustafa Kamal Paşa 1919-cu ilin ortalarından 1920-ci ilin aprelinə qədər Samsundan Amasyaya, oradan Ərzurum və Sivasa  qədər məşəqətli bir mübarizə yolu keçərək milləti işğala qarşı səfərbər etmək, cəmiyyətin müxtəlif təbəqələrini tam müstəqillik fikrinə inandırmaq üçün çalışırdı. Hər tərəfdən çevrələnmiş, yox edilmək istənən Türkiyə milli müqavimət hərəkatının  Qafqaz və Türküstandan gələcək yardımlara, Çar generallarıyla vətəndaş müharibəsindən qalib çıxan bolşeviklərlə münasibətləri tənzimləyərək qurtuluş savaşını qələbəylə sonlandırmağa böyük ehtiyacı var idi.  

O dövr Qafqaz və Şərqi Anadoluda  cəryan edən hadisələrin  mürəkkəb və çoxşaxəli  olduğunu, bolşeviklərlə imzalanan Brest-Litovsk anlaşması sonrası bir siyasi reallıq, Mudrosdan sonra isə ingilislərin gedişata aktiv müdaxiləsiylə tamam başqa bir siyasi reallıq formalaşdığını da unutmamaq lazımdır. İngilislər xüsusiylə ermənilər və gürcülərin müstəqilliklərini dəstəkləyərək onlar üzərindən  Qafqazda həm Türkiyəyə, həm də Bolşeviklərə qarşı bir sədd  formalaşdırmaq istəyirdilər. Ancaq hər iki dövrdə də mümkün şərtlər altında Azərbaycan və Anadolu Türklərinin qarşılıqlı yardımlaşma fəaliyətlərini artırdığını, Erməni məsələsi və regiondakı milli varlığımızın gücləndirilməsi istiqamətində ortaq hərəkət etdiyini rahatlıqla ifadə etmək mümkündür. Mustafa Kamal Paşa fevral ayında Kazım Qarabəkir Paşaya göndərdiyi teleqramda ingilislərin düşündüyü Qafqaz xəttini dağıdacaq gücü toplamaq üçün Azərbaycan və Dağıstanın Müsəlman hökümətləriylə təmasları artırmanın vacib olduğunu ifadə etmişdi. Milli Azərbaycan hökümətinin başçısı Nəsib Bəy Yusifbəyli Anadolu hərəkatına yardım məsələsini müzakirə etmək üçün Rauf Orbayın Azərbaycana göndərilməsini istəmiş, fəqət təəsüf ki, bu danışıqlarda iştirak edən Mustafa Sübhi, Fuad Sabit kimi  Anadoludan gələn kommunistlər də bolşeviklərin Azərbaycanda hakimiyyət qurmasının yolunu açmaq məqsədiylə Kazım Qarabəkir Paşaya guya Azərbaycan milli hökümətinin ingilis tərəfdarı olması haqqında yalan məlumatlar vermişdi. Arxiv sənədləri N. B. Yusifbəylinin 1919-cu ilin dekabr ayında Azərbaycan höküməti adına M. K. Atatürkə bir miqdar maddi yardım göndərdiyini də ortaya qoymaqdadır. Mudros atəşkəsi sonrasında Anadoluda marjinal hala gələrək Azərbaycan və Türküstanda fəaliyyətlərin artıran bəzi İttihadçı zabitlərin ilk dövrdə bolşeviklərin imperiyalizmə qarşı mübarizə, xalqların qardaşlığı şüarlarına aldanaraq onlarla birliktə hərəkət etməsi də acı həqiqətdir. Bu dövr İngiltərə və Bolşevik Rusiyasının Anadolu və Cənubi Qafqazı əhatə edən bir Erməni dövlətinin qurulması fikri  ətrafında razılığa gəlməsini əngəlləmək də  olduqca önəmli idi.   

Heç bir halda bolşeviklər Azərbaycanın müstəqilliyini qəbul etmək istəmir, Leninin ifadəsiylə Bakı neftini ələ keçirməyi vətəndaş müharibəsinin girdabında iqtisadiyatı dağılmış Rusiya üçün vaz keçilməz bir hədəf olaraq görürdü.  Şaumyanın missiyası, Şərqi Anadolunu da əhatə edən bir Erməni dövləti proyektinin arxasındakı yeni Rus-Bolşevik ağlının təfərruatına varmadan 1920-ci ilin başlarından Azərbaycan dövlətçiliyini məhv etmək, ölkəni işğal etmək üçün bütün istiqamətlərdə müstəmləkə hücrələrinin hərəkətə keçdiyini ifadə edə bilərik. İşğalın həyata keçməsində əsas faktor olan Qarabağdakı Erməni qiyamı o gün də torpaqlarımızdan pay almaq həvəsiylə Erməni-Moskva sövdələşməsiylə başlamış, Kremlin planı çərçivəsində əsas hərbi qüvvələr paytaxdan, müstəqilliyin keşiyindən uzaqlaşmaq məcburiyyətində qalmışdı. Bolşeviklər böyük oyunu qurmuş, ermənilər vasitəsiylə diqqəti əsas baş verəcək fəlakətdən yayındıra bilmiş, milli hökümət, ordu və cəmiyyətin içindəki əsas qüvvələrini oyun sahəsinə sürmüş, Nərimanov kimi milli damarı da olan nüfuz sahibi bir lideri də əsas vitrinə yerləşdirməyi unutmamışdı. Artıq aprel ayının başında XI qızıl ordunun hissələri də Azərbaycan sərhəddinə dayanmışdı. Atatürk liderliyində Anadoluda imperyalizmə qarşı milli mübarizə davam edərkən Azərbaycanda bolşeviklərə inanan, müstəqil dövlətin necə bir nemət olduğunu anlamayan, İngilis imperyalizminə qarşı Bolşevik Rusiyasi-Sosyalist Azərbaycanı-Anadolu milli hərəkatı timsalında xalq hərəkatları ittifaqına inanan ciddi bir kütlə də vardı. Onlara görə ifrat demokratiya ehtirasından böhran yaşayan, bir-biriylə çəkişmə halında olan fərqli etnik və siyasi kimliyə sahib qrupların höküməti geopolitik çağrışlara cavab vermək, sürətlə dəyişən siyasi vəziyyətə ayaq uydurmaq iqtidarında deyildi. Lenin Rusiyası da öz emisarları vasitəsiylə bu fikri dərinləşdirməyə, işğal öncəsi həyata keçirilən psixoloji əməliyyatla Bakını fikrən ələ keçirməyə davam edirdi. Yanvar ayında hər gün Bakı polisinə kommunist təşkilatlarının əsgər və polislər arasında güclü təşviqat apardıqları haqda xəfiyə məlumatları gəlir, ancaq bunlara qarşı ciddi bir tədbir görülmürdü. M.Ə. Rəsulzadə ölkədəki tam demokratik şəraitə işarə edərək Azərbaycanda Avropada belə tətbiq edilməyən bir xalq cümhuriyyətinin qurulduğunu ifadə edirdi. Lakin F. Xoyskinin də ifadəsiylə ölkənin milli təhlükəsizliyi sərt və fövqalədə tədbirlər tələb edirdi.  Rəsulzadə də 1933-cu ildə yazdığı bir məqaləsində "Böhran günlərində parlamenti dağıdaraq bilavasitə xalqa müraciət etmək səlahiyyətinə haiz icra hakimiyətinin yoxluğundan" şikayət edirdi. Musavat partiyasından başqa Azərbaycanın istiqlalını ardıcıl müdafiə edən başqa bir qüvvə də yox idi.  N. Yusifbəylinin istefasından sonra yeni hökümət qurma vəzifəsi Hacinskiyə tapşırılaraq nisbətən Rusiya meyilli bir kursla təhlükənin bərtaraf edilməsi düşünülsə də bu addım siyasi böhranın daha da dərinləşməsinə, bolşeviklərin bir az da fəallaşmasına səbəb olmuşdu. Digər tərəfdən də Bakı və Gəncə quberniyalarında çarlıq dövründən etibarən rus, erməni və yəhudilər administrativ və təhlükəsizlik strukturlarında nəzarəti öz əllərində tutur, Cümhuriyyət dövründə də təsirlərini qorumağa çalışırdı. Milli hökümətin onları əvəz edəcək yetərli kadrı da yox idi. Hökümət uzun bir müstəqillik yolunun daha başlanğıcında idi.  Xoyski ölkədə hökm sürən hərc-mərcilikdən, kadrların milliləşdiriilməsi zərurətindən yazır, bəzi Türk zabitləri bu durumdan narazılıqlarını ifadə edirdi. Onlar belə bir ovqatla bolşeviklərlə əməkdaşlığa meyl edir, yardım alayı formalaşdıraraq birlikdə Anadolunu ingilis-fransız qüvvələrindən təmizləyəcəklərinə, ittihadçı fikri yenidən oyadacaqlarına inanırdılar.

Bolşevik işğalının qarşısının alınmaz hala gəlməsində Anadolu Türklüyünün qurtuluş savaşı aparması və bu bağlamda geopolitik proseslərin gətirdiyi şansızlıq, yeni qurulan milli ordunun Qarabağda Erməni separatizmiylə məşğul edilməsi, donanma və hökümət içindəki Çingiz İldırımların təslimçilik xəttini seçməsi həll edici olmuşdur.  Tamam yeni tarixi şəraitdə, müstəqil Türk dövlətlərinin aralarındakı birliyi dərinləşdirərək Türk gücünün yüksəlişinə zəmin hazırladığı, Türkiyə-Azərbaycan qardaşlığının güclənməsiylə Qarabağ zəfərinin əldə edildiyi günümüzdə tarixdə yaşananları da unutmamaq, gərəkli dərslər çıxartmaq önəmlidir.



Әlaqәli Xәbәrlәr